Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev may ayında Türküstanda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Toplantısına ev sahibliyi edəcəklərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu il Novruz bayramını Türküstanda qeyd edən prezident Tokayev şəhərə səfərinə Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət etməklə başlayıb.
Tokayev türk dünyasının mənəvi, tarixi və mədəni yerlərindən biri və eyni zamanda UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Xoca Əhməd Yəsəvinin məqbərəsində Quran oxuyub.
“Türküstan qardaş türk xalqlarının müqəddəs ocağıdır”
Türküstanda vətəndaşlarla görüşən Tokayev şəhəri “qazax xalqının qızıl beşiyi” adlandırıb.
Prezident kimi ilk daxili səfərinin Türküstana olduğunu və buna görə də bu şəhərə xüsusi hisslər bəslədiyini xatırladan Tokayev deyib: “Türküstan həm də qardaş türk xalqlarının müqəddəs ocağıdır. Bura milli kimliyimizin, sarsılmaz ruhumuzun, özünəməxsus mədəniyyətimizin və adət-ənənələrimizin əks olunduğu müqəddəs bir yerdir.”
Xoca Əhməd Yəsəvinin bu qədim şəhərin mənəvi xəzinəsi kimi böyük irsinə diqqət çəkən Tokayev bildirib ki, “Yəsəvinin məqbərəsi türk dünyasının sarsılmaz birliyinin simvoludur. Burada adları Qazaxıstan tarixinə qızıl hərflərlə yazılmış böyük şəxsiyyətlər əbədi məskənlərini tapıblar”.
Tokayev həmçinin may ayının ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə Toplantısına ev sahibliyi etməyi planlaşdırdıqlarını qeyd edərək əlavə edib: “Bugünkü qeyri-sabit qlobal şəraitdə bu beynəlxalq sammit xüsusi əhəmiyyət kəsb edir. Hökumət və yerli administrasiya bu sammitin yüksək səviyyədə təşkilinə üstünlük verməlidir”.
E.ŞİRİNOV