Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Fevral 2026 / 23:15

Türkiyənin tanınmış aktrisası Sebahat Adalar seçilən xanımlarımızın qonağı oldu – VİDEO

…Bu günlərdə “Alov qüllələri”nin (“Flame Towers”) kino pavilyonunda Türkiyə istehsalı olan “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsi keçirildi. Hansı ki, filmin baş qəhrəmanlarından biri Azərbaycanda da çox sevilən tanınmış aktrisa Sebahat Adalardır.

sebahat tel

Dram və komediya janrlarında lentə alınmış filmlərdə, seriallarda, həmçinin teatr tamaşalarında rol alan Sebahat xanımı Azərbaycan tamaşaçıları “Leyla və Mecnun”, “Üç harfliler ADAK”, “Yahşi Cazibe”, “Bizim hikaye”, “Öyle bir geçer zaman ki”,”Türkan”, “Deliha”, “Siccin 4” kimi çoxsaylı ekran əsərlərindən tanıyır və sevirlər. Fərqli obrazların yaradıcısı olan Sebahat xanım filmin Qala gecəsindən sonra Bakının qonağı oldu.

sebahatadalar

Artıq dördüncü dəfədir Azərbaycanı ziyarət edən tanınmış aktrisa özünün də söylədiyi kimi, ölkəmizi ikinci vətəni hesab edir və hər gəlişində gəzib-dolaşdığı məkanlarda qədim tarixə malik Bakımızı yenidən kəşf edir, heyran olur.

***

sebahat adalar kollektiv

…Onu sevən dostları bu dəfə aktrisa ilə Bakının gözəl məkanlarından daha birində – “Şirvanşah-muzey-restoran”ında görüş təşkil etdilər. “Nərgiz” klinikasının direktoru, tibb elmləri doktoru, ixtiraçı alim Məlahət Qəhrəmanovanın dəvəti ilə baş tutan bu gecəyə Azərbaycanın seçilən xanımları dəvətli idi. Bu intellektual-tarixi görüşə Fəxri qonaq – modelyer – dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova başda olmaqla, folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Fəridə Hicran və digər xanımlar dəvət edilmişdi.

sebahat adalar xalafova

Xüsusilə vurğulamaq istərdim ki, görüş üçün məhz “Şirvanşah muzey-restoran”ının seçilməsi heç də təsadüfi deyildi. Bura Bakının əsrlər öncəsi Şərq üslubunda tikilmiş (bir hissəsi əvvəllər hamam olub) və sonradan milli arxitekturası qorunmaq şərtilə restovrasiya edilmiş – giriş qapısında qonaqları qarşılayan işçilərinin libaslarından xidmətlərinədək, döşəməsindən tavanınadək hər kəsə qədimliyini, milliyi diqtə edən və özünə heyran buraxan bir məkandır.

Bəli, bura insanlar təkcə Azərbaycanın ləziz mətbəxinin təamlarını dadmaq üçün deyil, eyni zamanda qəlbləri riqqətə gətirən musiqilərimizi, muğamlarımızı dinləmək, milli rəqslərimizi seyr etmək, mədəniyyətimizlə, tariximizlə tanış olmaq üçün üz tuturlar. Muzey-restoranın adı belə, öz qədimliyini ziyarətçiyə anladır. Məlum olduğu kimi, qədim Şirvanşahlar dövlətinin ilk paytaxtı Şamaxı, sonradan isə Bakı olmuşdur. Və “Şirvanşah muzey-restoran”ı da məhz Şirvanşahlar dövlətinə məxsus minlərlə eksponatın mövcudluğu  ilə, yəni adı ilə  tarixi bağlılığının vəhdətini sübut edir. Bunu elə restoran-muzeyə daxil olan kimi Şirvan xanımlarının əl işi, göz nuru olan palaz, kilim, sumax və xalılardan görmək olar. Üzərində müxtəlif naxış elementləri, təsvirlər olan al-əlvan rəngli bu xalı-xalçalar divarları, döşəməni bəzəyir. Onların hər birində nənələrimizin bir həyat hekayəsi, tariximizin hansısa anı yaşayır. Həmçinin, burada Azərbaycan sənətkarlarının 3 əsr yaşı olan dulusçuluq nümunələri – saxsı və mis qablar, tunc dövrünün bəzək əşyaları da qonaqları qədim tarixə səyahətə çıxarır. Muzey-restoranın dörd bir tərəfi göz oxşayan rəngkarlıq, qrafika, heykəltaraşlıq və karikatura əsərləri ilə zəngindir. Müxtəlif adlar altında yaradılmış zallar, guşələr, hətta dükanlar öz dövrünə uyğun bəzədilmiş və həmin dövrün məişətini, yaşam tərzini göstərərək göz önündə əks etdirir. Burada hər bir əşya, eksponat, əl işi özü-özünü anladır… Səssiz, sözsüz.

sebahatadalar koll

Elə bu unudulmaz gecədə də məkanın tarixindən söhbət açıldı və qonağımız Sebahat xanım restoranın müxtəlif guşələri ilə tanış oldu. Görüşün maraqlı məqamlarından biri isə Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın Sebahat Adalara butalı ipək kəlağayı hədiyyə etməsi oldu. Məlumdur ki, Fəxriyyə Xələfova qədim tarixə malik kəlağayımıza həmişə dəyər verib və geyim kolleksiyalarında istifadə edərək onu təbliğ edib.

faxriyye xalafaova kelaqayi

Fəxriyyə xanım kəlağayını qonağa təqdim edərkən vurğuladı ki, 2014-cü ildə kəlağayı UNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib və dünyada təmiz ipəkdən hazırlanması ilə məşhurdur.

Sebahat Adalar da məmnunluğunu ifadə edərək bu dəyərli hədiyyəyə görə Fəxriyyə Xələfovaya təşəkkürünü bildirdi və  ona göstərilən diqqətə, qonaqpərvərliyə görə minnətdarlıq etdi.

Qeyd edək ki, “Təzadlar” tezliklə çox maraqlı, həm də çox çətin yol qət edən sənətçinin həyat hekayəsini, həm də uğurlarını oxucularına təqdim edəcək.

sebahat adalar yasemin

Yasəmən Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!