Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna nümayəndə heyətinin rəhbəri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) katibi Rüstəm Umerov 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqlarından sonra açıqlama verib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.
Umerov qeyd edib ki, “4-5 fevral tarixlərində Amerika Birləşmiş Ştatları, Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri Əbu-Dabidə Ukraynada müharibəyə son qoymaq üçün səyləri irəli aparmaq məqsədilə ikinci üçtərəfli danışıqlar keçiriblər”.
Onun sözlərinə görə, müzakirələr konstruktiv olub və davamlı sülhə nail olmaq üçün şərait yaratmaq yollarına yönəlib. Nümayəndə heyətləri həmçinin Rusiya və Ukraynanın hərbi əsirləri mübadiləsi aparacağı barədə razılığa gəliblər. Rüstəm Umerov aydınlaşdırıb ki, bu, beş ay ərzində ilk mübadilədir.
İki gün ərzində nümayəndə heyətləri qalan həll olunmamış məsələlər, xüsusən də atəşkəsin tətbiqi və hərbi əməliyyatların dayandırılmasına nəzarət üsulları barədə geniş müzakirələr aparıblar. Umerov yekunlaşdırıb ki, tərəflər danışıqların nəticələri barədə dövlət başçılarını məlumatlandırmaq və qarşıdakı həftələrdə üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.
Daha əvvəl RDIF-in baş direktoru Kirill Dmitriyev Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya-Amerika münasibətlərinin bərpası üçün fəal işlərin aparıldığını bildirmişdi. O qeyd etmişdi ki, Rusiya-Amerika İqtisadi Əməkdaşlıq Qrupu cümə axşamı, 5 fevralda Əbu-Dabidə görüş keçirib.
Öz növbəsində, ABŞ dövlət katibi Marko Rubio ərazi məsələləri və Kiyev üçün təhlükəsizlik zəmanətlərinin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda ən çətin mövzu olaraq qaldığını bildirib.
E.ŞİRİNOV