2 Aprel 2026 / 19:43

Uran uğrunda yeni gərginlik

ABŞ ordusu, prezident Trampın tələbi ilə, İranda yüksək dərəcədə zənginləşdirilmiş uranı ələ keçirmək üçün hərtərəfli bir plan hazırlayıb. Planda regiona qazıntı avadanlıqlarının göndərilməsi və radioaktiv materialların daşınması üçün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur. 

Tezadlar.az bildirir ki, “Washington Post” qəzetinin məsələ ilə tanış olan iki məmura istinadən verdiyi məlumata görə, İrandakı uranla bağlı plan ABŞ hərbi rəsmiləri tərəfindən Trampın tələbi ilə hazırlanıb və ötən həftə ona təqdim edilib. Plana əsasən, İrandan təxminən 450 kiloqram yüksək zənginləşdirilmiş uranı ələ keçirmək üçün bölgəyə mədən avadanlıqlarının göndərilməsi və radioaktiv materialı daşımaq üçün yük təyyarələri üçün uçuş-enmə zolağının tikintisi nəzərdə tutulur.

Digər tərəfdən, ABŞ mətbuatına danışan mütəxəssislər radioaktiv materialı təmizləmək üçün yüzlərlə, hətta minlərlə əsgərin və ağır texnikanın əraziyə hava yolu ilə daşınmasının lazım ola biləcəyini qeyd ediblər. Onlar əməliyyatın olduqca çətin olacağını və həftələrlə davam edə biləcəyini vurğulayıblar.

İsrail və ABŞ ötən il İrana qarşı hava hücumları başlamazdan əvvəl, ölkənin 400 kiloqramdan çox 60 faiz zənginləşdirilmiş uran və 20 faiz səviyyəsində təxminən 200 kiloqram parçalanan materiala sahib olduğu təxmin edilib ki, bu da asanlıqla 90 faiz silah səviyyəsinə qaldırıla bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!