Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

...Torpaqlarımız uğrunda mübarizəmiz Birinci və İkinci Qarabağ müharibəsi kimi yaddaşlarımıza həkk olundu. Bununla yanaşı, tarix qəhrəmanlarımızın ömür-gün taleyini də yaddaşımıza yazdı.
Birinci Qarabağ müharibəsində canını vətən torpağına tapşıran və əbədi ömür qazanan qəhrəmanlarımızdan biri də Xaliq Mustafayevdir. Qəhrəman haqqında ümumi məlumat belədir ki, o, 1965-ci ildə Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində müəllim ailəsində doğulmuşdu. Orta təhsilini bitirdikdən sonra Naxçıvanda sürücülük məktəbində sürücülük ixtisasına yiyələnmişdi. O, elə bundan az sonra hərbi xidmətə çağırılır. Xidməti vəzifəsini başa vurandan sonra doğulduğu Zəngilan rayon xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü işləməyə başlayır. Bir ildən sonra isə elə həmin maşınla da cəbhəyə yola düşür – əlbəttə, könüllü olaraq. Maşınıyla birlikdə Milli Orduya yazılan Xaliq həm döyüşlərdə, həm də kəşfiyyat işində xüsusi fərqlənir. Əraziyə yaxın olan düşmən kəndlərini yaxşı tanıması, bütün giriş-çıxış yollara bələd olması onun xidmətinin üstün cəhətlərini təşkil edir.
Onu tanıyanların dediklərinə görə, Xaliq olduqca zirək, diribaş döyüşçü idi. Düşmən onun idarə etdiyi “UAZ” markalı maşını dəfələrlə artilleriya atəşi ilə vurmağa çalışmış, arxasınca “Qrad”, top, tank mərmiləri atmışdır. Amma Xaliq qorxu nədir bilmirdi. O, ən təhlükəli yerlərə gedir, ön cəbhəyə silah–sursat, oradan isə yaralı daşıyırdı. Döyüş yoldaşları bədəncə bir qədər cılız görünən bu oğlanın təkbaşına gördüyü işlərə təəccüb edirdilər. Xaliq Zəngilandan başqa, Qubadlı, Cəbrayıl, Ağdam bölgələrində də vuruşmuşdu. Lakin o zaman – xüsusi nizami ordunun olmadığı bir zaman idi, həm də nəinki ordunun, elə ölkənin də nizamı pozulmuşdu və Xaliq kimi neçə-neçə qəhrəmanın uğrunda canını verdiyi vətən torpağı həmin illərdə düşmən tapdağından qurtula bilmədi… Xaliq 1994-cü il 2 fevralda Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla həlak oldu…
İndi doğmalarının xatirələrində yaşayan Xaliq bu il 60 yaşına qədəm qoyur. Bacısı Lətifənin söylədiklərindən: “Xaliqlə aramızda 1,6 ay yaş fərqimiz vardı, mən böyük idim. Ailədə uşaq çox olduğundan, yatmağa yer bir az azlıq edirdi və yaş fərqləri uyğun olanları bir yerə yığırdılar. Xaliqlə mən bir yataqda yatmalı olurduq. Qardaşım hündürboy olsa da, arıq, cılız idi. O biri uşaqlar yuxulu halda yer üstündə bir-biri ilə dalaşırdılar, amma bizim səsimiz çıxmazdı. Biz sanki əkizlər idik və bir-birimizə çox bağlıydıq.
Xaliq özünə bir idman zalı düzəltmişdi və özü bildiyi qaydada karate ilə məşğul olurdu. Biz qardaş-bacı olaraq həm də dost, sirdaş idik. Xaliq ikinci dəfə (hərbi xidmətini başa vurub geri dönəndən sonra – Z.Ə.) cəbhəyə yollananda artıq 27 yaşı vardı. Bir bacı kimi təklif etdim ki, Xaliq, gəl səni evləndirək, illər ötüb-gedir. Bilirdim ki, istədiyi qız var… Amma o razılaşmadı, dedi ki, müharibə gedir, kiminsə qızını bədbəxt etmək istəmirəm… Ürəyim sıxıldı, “sən ölsən, mənim ürəyim partlayar!” dedim. (Amma partlamadı ürəyim…) Onda Xaliq gülümsədi, dedi ki, bəs həlak olanların anası, bacısı yoxdurmu? Xaliqin cəbhəyə getmək üçün yaşı ötmüşdü, o, ərizə yazıb könüllü gedirdi. O vaxt mənim həyat yoldaşım da, elə qohum-əqrabanın əksəriyyəti də cəbhədə idi və demək olar ki, yanımızda bir başıpapaqlı qalmamışdı. Ona görə onu dilə tutmağa çalışırdım ki, evlənsin, ailəsi olsun… Onun isə cavabı bu oldu ki, torpaqlarımız param-parça halda düşmən tapdağında qalıb. Mənim ürəyim də eynən o cürdür. Torpaqlarımız geri alınmayınca, mən də geri dönən deyiləm. Heç dönmədi də… Xaliqdən kiçik olan qardaşım da cəbhədə idi, dedi ki, onu geri qaytarın, mən onun da əvəzindən vuruşuram. Xaliq gülə-gülə deyirdi ki, mənə güllə dəyməz, mən karateistəm…”

Yuxarı Yeməzli kəndinin üç şəhidi vardı o zaman, Xaliq onların qanını alacağına söz veribmiş. Deyib ki, düşmənin 15 nəfərini birdəfəyə güllələmişəm, amma onları nə qədər qırsam da, ürəyim soyumur. Sonra təsəlli olaraq onu da söyləyib ki, yerdə qalan uşaqlar böyüyüb bizim yerimizi ala bilərlər, amma torpaqlarımızı biz özümüz almalıyıq.
Lətifə bacısı dedi ki, Xaliq yuxularımdan çıxmır. “O, yuxuma gələndə evdə toy-bayram olur. Bu, bir sınağa çevrilib artıq. Bir dəfə nədənsə yuxuda ağlayırdım. Xaliq gəlib dedi ki, niyə ağlayırsan. Məni mina öldürdü, güllə dəymədi ki. Demişdim axı sənə, mənə güllə batmaz… Sonra mənə bir oğlan göstərdi, oğlanın ayaqları yox idi. Dedi, görürsən onu? Mən o cür yaşaya bilməzdim, ona görə yoxam…
Bu söz indi bir az başqa cür də səslənə bilər: amma bunu müharibədə şəhid olmuş bir qəhrəman yuxuda mənə təskinlik vermək üçün deyir və bununla ölümünə sanki haqq qazandırır. Mən müharibədə qol-qıçını itirib əlil olmuş bütün vətən oğullarının qarşısında baş əyirəm…
Xaliqin yuxuma gəldiyi həmin vaxt qış idi və həyətdə sular donmuşdu. Ev-eşiyindən qaçqın düşən əhali ölkənin müxtəlif bölgələrində məskunlaşmışdı. Bizimkilər də Bakıda idi. Suların donmasından sanki Xaliqin xəbəri vardı və mənə dedi ki, bacı, qabları soyuq su ilə yumayın, xəstələnərsiniz… Elə bildim ki, onun səsini real həyatda eşidirəm və diksinib ayıldım. Amma bu, yuxu idi… Sonra yuxumu atama danışdım, o dedi ki, hə, Xaliqin ayaqları yox idi, minaya düşmüşdü… Demək, Xaliq mənə ayaqları olmayan oğlanı – özünü göstəribmiş…
Mən gənc yaşlarımda olanda atamla anam təki insanların oğullarının niyə həlak olmaları kimi bir müsibətə düçar olduqları ilə barışa bilmirdim. Mənim valideynlərim çox xeyirxah insanlar olublar. Amma yaşa dolduqca anlamağa başladım ki, bu, heç də müsibət deyilmiş, bir insanın müharibədə şəhid olaraq əbədiləşməsi tamam başqa bir duyğu imiş…”
Qeyd etdiyimiz kimi, Xaliq cəbhədə təcili tibbi yardım maşınında xidmət göstərirdi. Onunla birlikdə cəbhədə olan həkimin həyat yoldaşı hamiləymiş, həkim uşaq gözləyirmiş. Xaliq növbəti səfərə – yaralıları gətirməyə gedəndə həkimi zorla maşından düşürür ki, sən qal, getmə, mən subayam, dalımca ağlayan arvad-uşağım yoxdur… Sənin isə ailən var, övlad gözləyirsiniz… Beləliklə, həkim qalır, Xaliq isə gedir – həmişəlik… Minaya düşən həmin maşında cəmi bir nəfər sağ qalır.
Lətifə söhbətə başlayanda dedi ki, sanki şəhidlərin hamısı eyni xarakterdə, eyni ürəkdə olublar. Çünki şəhid anaları, bacıları danışanda baxırsan ki, hamı elə eyni cür danışır, yəni fərqlər az olur. Bəli, əslində, burada bir həqiqət var: qəhrəmanları bir amal, bir məqsəd birləşdirir, xarakterləri də çox zaman oxşar olur onların. Hər biri ayrı-ayrı ocaqda, mühitdə doğulub böyüsə də, qoruma instinkti, milli-mənəvi keyfiyyət, qeyrət – onlar üçün ümumiləşir, bütövləşir, tamlaşır, bir sözlə, vətəncanlı olurlar. Bu, tarixən belə olub, indi də belədir. Və burada təəccüb doğuracaq bir şey də yoxdur – axı qəhrəman olmayan birisinin hər hansı cəbhədə nə işi var?..
Altmış yaşın mübarək, əziz qəhrəmanımız! İndi sənin məzarını ziyarətə gələn və səni sevənlər qürurla deyə bilirlər: “Torpaqlarımız sənin və sizlərin şücaəti ilə azad edildi və o torpaqlarla birlikdə sizlərin də qanı alındı!”
Zeynəb Əliqızı
(Xüsusi olaraq “Təzadlar” üçün)