Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyul ayının 20-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Alban-Udi Xristian dini icması və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə “Qəbələ mənzərələri” adlı etüd-sərgi təşkil olunub.
Tezadlar.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Aygün Əzizovanın rəhbəri olduğu “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində keçirildi.
Etüddə RF ART Studionun rəhbəri Fidan Rüstəmzadə tələbələri ilə birgə iştirak edirdi. Etüd Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda, Yeddi Gözəl Şəlaləsi ətrafında, Alban-Udi icmasında, X əsrə aid Qala divarları ətrafında təşkil olundu. Rəssamlar bir-birindən möhtəşəm əsərlər ərsəyə gətirdilər. Etüdlər açıq havada sərgiləndi və rəssamlar diplomlarla təltif olundular. 25 nəfər rəssamın hər birinə xüsusi hədiyyələr və etüddə iştirak diplomu hədiyyə olundu.
Etüd iştirakçılarını Qəbələ Dövlət Tarix Bədii Qoruğunun direktoru Zahir Kərimov və qoruğun digər əməkdaşları Xəyyam Yusifov, Səfa Şirinov qarşılayıb qoruq haqqında geniş məlumat verdilər.
İştirakçılar, həmçinin Qəbələ Arxeoloji Mərkəzinə də ekskursiya etdilər. Buradakı qala ərazisi, qala divarları X əsrə aiddir. Qədim şəhərin giriş qapısı olmuşdur.
Sərgidə fəxri qonaq qismində Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, UNEC-in dossenti Nailə Yusifova, həkim, rəssam Səadət Cəfərova, vokalist, rəssam Aynur Yunusova, rəssam-müəllim Aygün Qürbətova iştirak edirdi.
Etüd iştirakçılarının Udi icması ilə görüşü də baş tutdu. Qonaqlar Udi Mədəniyyət Günündə Müqəddəs Yelisey adına kilsədə keçirilən “Vəftiz mərasimi” bayram tədbirində iştirak ediblər. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari və digər icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşıladılar. Robert Mobili Udi icmasının fəaliyyətindən, onlara göstərilən dövlət qayğısından bəhs etdi.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına töhfə olduğunu bildirib bu cür görüşlərin gənclərin dünyagörüşünün inkişafında, vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını nəzərə çatdırdı.
Sərginin fəxri qonaqları etüd iştirakçılarına uğurlar arzuladılar. Ziyarət zamanı qonaqlaqlara Müqəddəs Yelisey (Cotari) adına Alban kilsəsi və Müqəddəs Məryam (Bulun) adına Alban Kilsəsi haqqında geniş məlumat verildi.
Qeyd edək ki, Beynəlxalq Qalereya tərəfindən İsmayıllıda səhər yeməyi və Şamaxıda çay süfrəsi təşkil olundu. Robert Mobili isə sərgi iştirakçılarını udi xalqına məxsus xüsusi zəngin nahar süfrəsinə qonaq etdi.
AYGÜN