11 Avqust 2025 / 13:15

Viruslar: Gözlə Görünməyən Təhlükə

Dünyanın ən kiçik “düşmənləri” insanlardan heyvanlara, bitkilərdən bütün ekosistemə qədər təsir göstərir. Viruslar canlı ilə cansız arasında qəribə bir yerdə dayanır. Onlar öz-özünə çoxala bilmir, yalnız başqa bir canlı hüceyrəsinə girərək həyat dövrünü davam etdirir. Bu səbəbdən viruslar, təbiətdə ən güclü parazitlərdən hesab olunur.

Onların quruluşu sadədir: bir parça genetik material (DNT və ya RNT) və onu qoruyan zülal qatı – kapsid. Bəzi viruslar isə əlavə olaraq lipid örtüyünə sahibdir. Yayılma yolları çoxdur: havadan-damcı yolu (qrip, COVID-19), qan vasitəsilə (Hepatit B, C, HİV), qida və su ilə (Hepatit A), həşəratlar vasitəsilə (Zika, sarı qızdırma).

Viruslar təkcə insanlarda deyil, heyvan və bitkilərdə də xəstəliklər yaradır. Quduzluq, quş qripi heyvanları, tütün mozaik virusu isə bitkiləri məhv edir.

Müalicə virusun növündən asılıdır. Antibiotiklər viruslara təsir etmir, ona görə əsas mübarizə yolu antiviral dərmanlar, peyvəndlər və profilaktikadır. Əllərin yuyulması, maska taxmaq, xəstə insanlardan uzaq durmaq hələ də ən təsirli tədbirlərdir.  Viruslar gözlə görünməsə də, həyatımıza təsiri böyükdür. Elm inkişaf etdikcə yeni müalicə üsulları tapılır, amma viruslardan qorunmağın ən yaxşı yolu hələ də gigiyena və peyvəndlərdir.

Kəmalə VƏLİYEVA

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!