Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 15:55

YAQUB SƏMƏDLİNİN POETİK FİKİR DÜNYASI

(Poetik düşüncələrin axarı ilə…)

Yurd həsrəti sinəmizi dağladı,

Həsrət, niskil nalə çəkib ağladı,

Zalım fələk bizə elə qarğadı,

Döğulduğum kəndə gedə bilmirəm.

…Bu misralar Yaqub Səmədlinin son vaxtlarda oxucuların ixtiyarına verilmiş “Qaldırma  dünyanı  çiyinlərimə” kitabındandır. Məlum həqiqətdir ki, çağdaş  poeziyamızda dərd aparıcı motivlərdəndir. İndi bədii düşüncəni dərd üstə kökləmək poeziyada bir dəb halını alıb və şairin vətəndaşlıq ləyaqətinin, vətəndaşlıq borcunun əlamətdar xüsusiyyətlərindən  biri kimi qəbul edilir. Çünki dərd, kədər ədəbiyyatın, xüsusən də poeziyanın əbədi və əzəli motivlərindəndir.

Məqsədimiz dərd, kədər, qəm motivinin bədii əksinə etiraz deyil, bədii mənalandırmanın mahiyyəti ilə bağlıdır, dərddən yoğrulan sözün bədii – estetik tutumundadır, sözə verilən mənanın dolğunluğunda, yeniliyində, səmimiyyətindədir, nə dərəcədə  həqiqi yaşantının məhsulu olmasında və humanist dəyər kəsb etməsindədir.

“Yurd həsrətli duyğular” başlığı altında verilmiş “Biz mütləq Ağdama qayıdacağıq”, “Ağdamım”, “Kəndimin”, “Gedə bilmirəm”, “Dağ salamat qal”, “Mənə  dağdan   danışma”,  “Elmanın”,  “Xocalı  harayı” və s. silsilə şeirlərində bu bədii məzmunun yeni poetik nəfəslə ifadəsini görürük.

Çəkilmir  üstündən  dumanlar, çənlər,

Bu  qədər olarmı  acılar, qəmlər,

Ay  əsən  küləklər,  ay  əsən  yellər,

De:  indi  necədi  halı,  Kəndimin?.

Yaqub Səmədlinin həyatımızın və sürətlə qloballaşan dünyanın, yaddaşını itirən zamanın bütün ağrılarını, problemlərini, bir şair kimi onu narahat edən məsələlərin  hamısına dərdin prizmasından baxır.

Xəyanət şah olub, məhəbbət  kəniz,

Qızlar ana olur gizlin, kəbinsiz,

Məsləhət verirsə yaramaz, fərsiz,

Yoxdur, bu dünyanın əlac dərdinə,

Qaldırma dünyanı çiyinlərimə.

Yaxud:

Kasıba  əl  tutan,  rəhm  edən  yoxdu,

Tox  elə bilir  ki,  cəm-əhli  toxdu,

Dünyanın  zülümü,  zalımı  çoxdu,

Niyə  yazmayım…

yaqub

Siyasət məngənəsinə düşən Azərbaycanın füsunkar Qarabağının  işğal faciəsini poetik dillə ifadə edən şair bir gün də olsun belə doğma yurdundan ayrı nəfəs almır. Vətənin hər daşını, hər qayasını, suyunu, torpağını sevir və bu sevgi əbədi və təmənnasızdır. Başı qarlı uca dağlarımızı, dünyada heç bir analoqu olmayan yaylaqlarımızı qarış-qarış kiçik yaşlarından gəzib, yaşayıb yaşa dolan  Yaqub müəllimin vətən sevgisi, yurd məhəbbəti onun şeirlərinə hopub, yaradıcılığının əsas motivini təşkil edir.

Vətənsizlik ağır dərdmiş, İlahi,

Vətənsizlər nələr  çəkmiş, İlahi,

Məndə artıq vətənsizəm, İlahi,

Döğulduğum kəndə gedə bilmirəm.

Yaxud:

Fələk  məni saldı  səndən  aralı,

Düşmən  neştərindən  bağrım yaralı,

Zirvənə  qonurmu  dağ qartalları,

Nə  bilim,  nə deyim  dağ  salamat qal.

Yaqub Səmədli nə qədər yurd, el – oba dərdi şəksə də gələcəyə ümidlə baxan, torpaqlarımızın  vətən övladlarının  qəhrəmanlığı sayəsində geri qayıdacağına, düşmən üzərində   qələbə   çalaraq  torpaqlarımızdan  qovulacağına və ərazi bütövlüyümüzün bərpa olunacağı günə ümidlə baxır və nəhayət həmin günün reallığını poetik misralarla belə ifadə edir.

Qırx dörd günlük savaşda,

Ağır, qanlı savaşda,

Qalib gəldi ordumuz,

Gözlərin aydın, Vətən.

 

Qurtuldu Qarabağım,

Ulu vətən torpağım,

Bitdi möhnətim, ahım,

Gözlərin aydın, Vətən.

Yaqub Səmədlinin şeirlərinin təravətli, canlı və səmimi məzmun kəsb edən mövzularından biri də məhəbbət mövzusudur. Onun poetik nümunələrində insan ruhunun ən dərin qatlarına enən, insan qəlbini riqqətə gətirən çox səmimi və təbii duyğuların şahidi oluruq. Forma və məzmun vəhdəti ilə seçilən şairin lirikasında insanın sevgi, məhəbbət duyğularının poetik inkası  heyranlıq doğurur. “Sevgidə bir həyatdır” başlığı altında verilmiş silsiə şeirlər fərdi hisslərin, intim duyğuların  ifadəsi kimi  deyil, dərin ictimai məzmunun  səciyyəsi kimi çıxış edir.

Bəxtim talehimə saçırsa işıq,

Sevgidi, istəkdi ömürə yaraşıq,

Dönüb olmuşamsa  bir dəli aşiq,

Mən niyə sevgimi özgəyə verim.

Yaxud:

Bir  sevginin  taleyində  qeylü-qal,

Bir  sevginin  həmdəmidi  xam  xəyal,

Üzü  dönük,  boynu  bükük  sevgilər,

Gah  kədərdi,  gah  zəhərdi,  gah  da  bal- misralarında Yaqub Səmədlinin özü haqqında, öz məhəbbəti haqqında  düşüncələrini, hiss  və həyəcanlarını poetik obrazlı şəkildə əks etdirdiyini müşahidə edirik  və şeirin daxili aləminin şövqlə təzahürünü görürük.

 

Yaqub Səmədli  poeziyanın müxtəlif janırlarında da bədii nümunələr yaratmışdır. Bu mənada onun qəzəl janrında yazdığı nümunələr diqqəti cəlb edir. Bu da onu göstərir ki, Yaqub Səmədli klassik şərq poeziyasının incəliklərinə dərindən yiyələnmiş, zəngin şərq poetikasının qayda-qanunlarını, bədii – fəlsəfi mahiyyətini məharətlə mənimsəmişdir.

Etdi  yar,  ağ  günümü,  günü-  gündən  qarə,  könül,

Tapılmır   dərdimə  dərman,  nədəki,  çarə,  könül.

Verdi  söz,  mən  inandım,  sevgimin  şirin  dilinə,

Bu  qədər  bilməz  idim,  yox  etibar,  yarə  könül.

Məlumdur ki,  Azərbaycan poeziyasının ənənəvi  mövzularından biri də ana, anaya, ataya məhəbbət mövzusudur. Yaqub Səmədli bu mövzuya özünəməxsus poetik salarlar əlavə etmiş, analıq hisləri, nəvazişləri, ana, ata müqəddəsliyi ülvi və bəşəri duyğu kimi tərənnüm olunmuşdur. “Atasız, anasız günlərim” başlığı altında verilmiş silsilə şeirlər  məhz bu mövzuya həsr edilmişdir. “Ana görün  gözümə”, “Kaş, atam sağ olaydı”,  “Göydə  Allahı  gör,  yerdə  Atanı”, “Atamın ocağında” və s şeirlərində ana, ata müqəddəsliyinin mənalandırılması Yaqub Səmədli  poeziyasının can attdığı, təcəssüm etdirmək istədiyi poetik yüksəkliyin inkasıdır.

Qəmli  ana  laylası,

Həyatımın   mənası,

Keçmişimin  dünyası,

Məni  qaytar  özünə,

Mən  qayıdım  o,  günə,

Qayğılı   keçmişimə,

Qayğısız  keçmişimə.

 

Ata and  yerimiz,  güman  yerimiz,

Ata  qürurumuz,  ata fəxrimiz,

Atayla  tanınır  ulu  nəslimiz,

Göydə  Allahı  gör,  yerdə  Atanı.

Hər bir insanın Allah, vətən, ata-ana, ailə qarşısında bir mənəvi borcu var. Bu borc Allahın qoyduğu haqq  yolu ilə getməkdən, vətənə layiqli övlad olmaqdan, torpağı göz bəbəyi kimi qorumaqdan, ağsaqqala, ağbirçəyə,  valideynlərə hörmətdən, sevgiyə sədaqətdən, insanları düzlüyə dəvət etməkdən və s. böyük amal və əməllərdən  ibarətdir. Bu amal yoluna qulluq etməyin  şərəfli bir əməl olduğu  Yaqub Səmədli şeirlərinin ana xəttini təşkil edir.

İsmət,  abır – həya  bir  örnək  idi,

Hər,  öyüd – nəsihət  dərs,  məktəb  idi,

Ata  əziz  idi,  müqəddəs  idi,

Bu  həyat,  nə  günə  düşüb,  ay  Allah.

 PHOTO

Əsrlər, qərinələr keçdikcə insanların bir-birinə münasibətində mənəvi yadlaşma fikir, düşüncə, əxlaq, mənəviyyat sistemində özünü göstərən cılızlaşma və bütün bunlardan törəyən bəlaları aradan qaldırmaq üçün Ulu Tanrıya müraciət etməklə, Yaqub Səmədli  öz daxili narahatlığını biruzə verməklə bəşəri ümumiləşdirmələrə nail olmuşdur.

Nələr  eşidirəm,  dinə  bilmirəm,

Düzgünmü   toxundum   simə -bilmirəm,

Yaxşısı  sorsalar: – denən, ”bilmirəm”,

Bu  həyat,  nə  günə  düşüb,  ay  Allah.

Milli adət-ənənələrimiz, milli musiqimiz, milli-mənəvi dəyərlərimizlə bağlı məsələlərə böyük önəm verən Yaqub Səmədli obrazlı poetik misraları ilə bu məsələlərin də təbliğatçısı olmuşdur.

Ruhani,  Kərəmi  “Sirri- Xudadı”,

Gəraylın,  Dübeytin   özəl   dünyadı

Bayatı   anadı,   həzin   layladı,

Cəngi   havasında  yoxdu,  işvə- naz,

Ağlama,  sızlama,  ay  Sədəfli  Saz.

İlahi saflığı, təmizliyi, insanlığı aşılayan Yaqub Səmədli yaradıcılığı ilə daha yaxından tanış olduqca onun yaradıcılığının əsas üslub xüsusiyyətlərinin xalq aşıq tərzinə söykəndiyini, klassik söz sənətkarlarının, xüsusən aşıq yaradıcılığından bəhrələndiyini görürük. Azərbaycan şeirində yüz illər boyu davam edən məzmunlu aşıq şeir şəkilləri, qoşma, gəraylı və bayatı şəkildə olan deyim tərzi onun qələmində çox uğurlu alınmış, aşıq şeir şəkillərindən ustad sənətkar kimi istifadə etmişdir.

Neçə  gözəlləmən  səslənir  simdə,

Qoşmalar,  dastanlar  söylənir  simdə,

Bilinmir,  eh nələr,  yatır  simində,

Dönub  sarı  simə,  kükrəyir  Araz,

Ağlama,  sızlama,  ay  Sədəfli  Saz

Sözə qiymət vermək, onun məna və çəkisini bilmək, sözün tükənməz  xəzinə mənbəyini duyub  obrazlı  şəklidə ifadə etmək Yaqub Səmədlinin yaradıcılığının özünəməxsus  üslub xüsusiyyətlərini  şərtləndirən əsas əlamətlərdəndir. Söz, sözün müqəddəsliyi, onun qiyməti və çəkisi haqqında klassik sənətkarlarımızın söylədiyi  fikirlərin davamçısı olaraq Yaqub Səmədli heç kimi təkrar etmədən daha orijinal və obrazlı şəkildə sözə belə qiymət vermişdir.

Söz   ləldi,  söz  incidi,  söz  misilsiz   xəzinə,

Sözdə  dərin  hikmət   var,  sirlər  sözlə  açılar.

“Söz   yarası  sağalmaz”: – deyilibdi  bir  vaxtlar.

Söz ilə viran  qalıb  top  dağıtmaz   saraylar.

Saf,  müqəddəs  Quranda  bir  vaxt  sözlə  yazılıb,

“Vətən”,  “Ana” kəlməsi  söz  ilə  pərvazlanıb.

Qəmli   ana  laylası  söyləniıib  söz   ilə,

Söz  ilə Ulu  Tanrı  eh!,  nələr  yaratmayıb…

Hər misrası müstəqil məna tutumuna, fikir elementinə malik, obrazlı poetik ifadələr oxucunu düşündürür.  Az sözlə böyük məna ifadə edən misralarla fikrin obyektiv gerçəkliyinə nail olur.

Taleh yazan, yaza – yaza sınadı,

Dərə seli, dağ dərəni qınadı,

Nələr çəkdim, yerə qoydum inadı,

Həyat oyun, mən oyunçu, bəxt hakim.

Əziz oxucular, poeziyasevərlər, Yaqub Səmədli yaradıcılığı, bu yaradıcılığın ideya-bədii, bədii – sənətkarlıq və üslub  xüsusiyyətlərindən daha çox danışmaq olar. İnanırıq ki, Yaqub Səmədlinin yenidən çapdan çıxmış bu ikinci, “Qaldırma  dünyanı  çiyinlərimə” kitabı hər bir oxucunun, şeir – sənət pərəştikarının stolüstü kitabına çevriləcək. Bu şeirləri oxuyarkən oxucu sözün, ifadənin sehrindən çıxa bilmir, ruhu təzələnir, təmiz saf  dağ bulaqlarının şəffaflığı, sərinliyi, coşğun  çaylarımızın, şəlalələrimizin ahəngdar səsi kimi insan qəlbini riqqətə gətirir. Bu yaradıcılıq yolunda hörmətli həmkarım, poetik təfəkkür sahibi Yaqub Səmədliyə yeni-yeni yaradıcılıq uğurları diləyirəm…

Vaqif Allahverdiyev,

ADPU-nun  Ağcabədi filialının dosenti,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!