…Elmlər Akademiyasının məlum toplantısında yatışan akademiklər haqqında Ayaz Arabaçı adamı düşünməyə məcbur edən bir şer yazıb.
Şer “BU XALQI OYADIB NEYLƏYƏCƏKSƏN…” adlanır. Bu şeir mənə bir-biri ilə əlaqəsi az olan iki şeyi xatırlatdı.
Biri yatan, o birisi yatmayan akademiklərə aiddir. Hansından başlamaqda düzü bir az duruxuram. Hər bir halda birindən başlamaq lazımdır.
YATAN AKADEMİKLƏRİMİZDƏN BAŞLAYAQ:
Qoy necə yatıbsa eləcə yatsın,
Onsuz da dünəni yadından çıxıb.
Bu xalqı oyadıb neyləyəcəksən…
…Mikelanjelonun ağ mərmərdən yapdığı məşhur bir əsəri var. O, “Yatmış gözəl” adlanır. Səhv etmirəmsə, Florensiyada, Mediçi kapellasındadır. Digər əsərləri kimi bu əsər də insanı heyran edən bir heykəltəraşlıq nümunəsidir. Mikelanjelo onun üzərində bir neçə il işləyib. İşi tamamlayandan sonra yaxın dost-tanışını emalatxanasına,heykəlin açılışına dəvət edir. Çağrılanlardan biri, Mikelanjelonun yaxın dostu, intibah dövrünün tanınmış şairlərindən Erkole Stroççi olur.
Stroççi heykəlin qarşısında bir xeyli durur, tamaşa edir. Sonra cibindən balaca bir kağız çıxarıb aşağıdakı iki misranı yazıb, heykəlin böyrünə qoyur. Həmin iki misra belədir:
MƏN GÖZLƏYİRƏM O NƏ VAXT
YUXUDAN OYANACAQ.
Bu iki misrada Stroççi həm əsərə yüksək qiymət verir, həm də öz heyranlığını bildirir.
Hamı dağılışandan sonra Mikelanjelonun gözü heykəlin yanına qoyulmuş bu kağız parçasına sataşır. Açıb oxuyur və həmin vərəqi çevirib arxa tərəfinə dörd misralıq bu cavabı yazır:
DÖRD BİR TƏRƏFİMİZ AYIB,QƏBAHƏT,
YAXŞISI ELƏ DAŞ KİMİ YATMAQ.
OYATMA SƏN MƏNİ,DOSTUM,OYATMA,
BUNA ZƏRRƏ QƏDƏR ETMƏ CƏSARƏT.
Sonra qulluqçusunu şağırıb, deyir ki, “apar bu vərəqi ver Stroççiyə”.
Bu məsələ belə bitir.
Qayıdaq öz söhbətimizə.
Yatan akademiklərimiz, ola bilsin ki, Mikelanjelonun dörd misralıq şerindəki birinci iki misraya nəzərən yatmağı üstün tutublar.
Və yaxud akademiyanın prezidentinin nurlu siması onları yatırdıb. Yalanı yoxdur, televizorda bu adamı görəndə elə mənim özümü də mürgü basır. Hər bir halda akademiklərin elliklə yatma səbəbi gizli qalır.
KEÇƏK YATMAYAN AKADEMİKİMİZƏ
Sabaha bir qaşıq gümanımız var,
Oyanıb onu da məhv eləyəcək..
Bu xalqı oyadıb neyləyəcəksən…
Köhnə zamanların söhbətidir. Ata ilə oğul payi-piyada uzaq yolçuluqdan sonra, yorğun-arğın halda, varid olurlar balaca bir şəhərə. Qalmağa yerləri olmur. O dövrlərdə mehmanxananın, karvansaranın olmadığı yerlərdə yolçular bir qayda olaraq məscidlərdə gecələyirmişlər. Akademiklərin rahat kreslosundan fərqli olaraq döşənirmişlər yerdəki gəbənin-palazın-kilimin üstünə akademiklər kimi möhkəm yatmasalar da hər halda yatırmışlar. Və səhər obaşdan qalxıb, yolçu yolda gərək,düzəlirmişlər yola.
Şəhərə bivaxt yetişən ata-bala da qərara gəlirlər ki, məcidə gedib,gecəni orada yola versinlər. Əlqərəz, bir xeyli axtarandan sonra, gecənin bir yarısı yetişirlər məscidə. Dəstəmaz alıb, keçirlər içəri. İçəridə beş-altı nəfər yolçu yerə döşənib mışıl-mışıl yatırmış. Ata-bala da yatmazdan qabaq iki rükət namaz qılır. Namaz qılandan sonra öğul üzünü atasına tutub, deyir ki,
-Ata, biz namaz qılıb, savab qazanırıq,amma bu adamlar yatmaqla özlərini savabdan məhrum edirlər.
Atası da qayıdıb öğluna deyir:
-Bala, kaş ki, sən də yatılı olub yatanların qeybətini eləyib, iki rükət namazın savabından artıq günah qazanmayaydın.
İndi iclasda yatan akademiklərimizdən fərqli olaraq, yatmayan akademikimiz Nizami Cəfərov elə bir gülməli təşəbbüsdə bulunub ki… Nə deyim… Allahın öz bir altında, akademik Nizami Cəfərov oyaq qalıb belə cəfəng fikirlər söyləməyindənsə, ya xorna çəkən akademiklərə qoşulub, qiyamət yuxusuna, ya da akademik İvan Pavlovun xəstəsi kimi 17 il letargiya yuxusuna gedib, gözlərini 2043-də açaydı.
DÖRD BİR YANIMIZ CƏHLİ-CƏHALƏT….
Sonda onu demək istəyirəm ki, elmlər akademiyası binasının giriş tərəfində, qızılı və iri hərflərlə “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI” yazılıb. Özü də iki dildə-türkcə və ingiliscə.
Hörmətli akademik İsa Həbibbəyli, biləsiniz ki, elmin millisi və qeyri-millisi olmur.
İnsanın elmlisi və cahili olur.
İmkanınız varsa və zəhmət deyilsə “MİLLİ” kəlməsini oradan sildirin.
BU VƏTƏN DADINDAN-DUZUNDAN ÇIXIB,
QOY NECƏ YATIBSA ELƏCƏ YATSIN…
BU XALQI OYADIB NEYLƏYƏCƏKSƏN…
Allah Ayaz Arabaçıya da insaf versin.
27 fevral 2026.
Bakı.
Emin Eminbəyli