Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Aprel 2026 / 15:35

Yazıçı-publisist Zöhrə Əsgərovanın 75 illik yubileyidir…-TƏBRİK

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Hasanzadeh Events” qrupunun rəhbəri Şəfəq Həsənzadənin təşkilatçılığı ilə yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərovanın 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. 

Ş.Həsənzadə tədbiri açaraq xoş, səmimi sözlərlə yubilyarı təbrik etdi. Birliyin baş katibi Rauf Aslanov yubilyara gələcək yaradıcılığında uğurlar dilədi. Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə, Suraxanı rayon Ağasaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin “Bədii tərcümə, ədəbi əlaqələr mərkəzinin” sədri, publisist Əsəd Cahangir, yazıçı  Səidə İkiqai, şair, yazıçı Sevinc Ağa Xəlilqızı və b. çıxış etdilər. Hər bir çıxışçı  Zöhrə xanımla tanışlığını, onun  kitablarının oxucusu olduğunu bildirdi.

Tədbirdə Zöhrə Əsgərovanın uşaqlar üçün yazdığı kitablar təqdim olundu. “Hasanzadeh Events” qrupunun  üzə çıxardığı, onlara dəstək olduğu  istedadlı uşaqların iştirakı tədbiri daha da maraqlı etdi. Tədbirdə Z.Əsgərovanın uşaq  kitablarının oxucuları – məktəblilərlə  maraqlı sorğu-sual, kitablar haqqında təəssüratlar səslənmişdir. Onların valideynləri ilə yanaşı müəllimlərdən Fəridə Acalova, Rəqsanə  Yunusova, 45 №-li  uşaq bağçasının müəllimi Aynurə xanım iştirak etmişlər. Onlar tədbirin səmərəli  keçməsi üçün şagirdləri yazıçının kitabları ilə tanış etmiş və oxumuşlar. Tədbir olduqca maraqlı fikir mübadilələri ilə yadda qalmışdır.

Tədbirdə peşakar vokalla məşğul olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdi Raul Həmidov “Sole-mio” ariyasını ifa etmişdir. Nağıllar və hekayələr tədbirdə öz ikinci həyatını yaşadılar.

Tədbirin əsas qəhrəmanı yazıçı-publisit Zöhrə Əsgərova  bu görüşdən çox məmnun qaldığını bildirdi. Hər bir uşağın qəlbində yuva quran arzuların qanad açdığı bir görüşə  bənzəyirdi. Yazıçının tədbir iştirakçılarına müraciəti: “Şəfəq xanıma dərin minnətdarlığımı bildirirəm. Bu günün özəllyi odur ki, uşaq kitablarımın oxucuları əziz uşaqlarla nağıllar, hekayələr dünyasına qovuşduq. Onların sualları, fikirləri yazıçı üçün çox vacibdir. Bu istedadlı uşaqların mənəvi yüksəlişində, təbliğində Şəfəq xanımın rolu böyükdür. Gələcək nəslin sağlam köklər üzərində tərbiyələnməsi istiqamətində Şəfəq  xanım böyük həvəslə, məhəbbətlə çalışır. Mən bunun canlı şahidiyəm. Mən uşaqlarla keçirdiyim bu gözəl, unudulmaz saatları ömrüm boyu şirin bir xatirə kimi heç vaxt unuda bilmərəm. Nə yaxşı ki, 75 illik yubileyimə bu möhtəşəm, maraqlı tədbir böyük sevinc rəngləri qatdı. Sanki bir ailə kimi tədbirə toplanmışıq. Bu  gözəlliyi, enerjini Şəfəq xanım  yarada bilmişdir. Görüşdə mən də uşaqlaşmış, onların saf,  məhəbbət dolu dünyasına qovuşmuşdum. Bu tədbir nəinki kitab  bayramı, öz Vətəninə, mədəniyyətinə, milli köklərinə  bağlı insanların bir-biri ilə yaxın, səmimi ünsiyyətidir”.

Yubilyar-yazıçı tədbirdə iştirak edən uşaqlara öz avtoqrafı ilə “Burdan mələk ötüb…”, “Baba niyə küsdü?” kitablarını hədiyyə etdi və qeyd etdi ki, cənnət qoxulu  uşaqlar bizi daha mərhəmətli, məhəbbətli olmağı öyrədir. Əslində dünyanın bütün uşaqları məhəbbət dilində danışır. Belə bir deyim var: “Dünyanı uşaqlara verə bilmiriksə, qəlbimizi verək”.

Tədbirin əsas məqsədi uşaqların kitablarla dostluğunu daha da möhkəmləndirmək, tərbiyəvi əhəmiyyətli nağıl və hekayələrin müsbət baş qəhrəmanlarından  örnək almağı bacarmağı onlara aşılamaq idi. Uşaq kitabları təkcə uşaqlara deyil, həmçinin  onların ailə üzvləri üçün də nəzərdə tutulub. A.P.Çexovun fikridir: “İnsanı yaxşı tanımaq üçün onun uşaqlığını öyrənmək lazımdır”.

Tədbirdə uşaqlar çox fəallıq göstərdilər, yazıçının hekayələrini müzakirə etdilər, müəllifə çoxsaylı suallar verdilər.

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!