10 Fevral 2026 / 23:02

“Azərbaycan ilə İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə əsaslanır”

Xəbər verdiyimiz kimi, bu gün Bakının “Alov qüllələri” Hotelində İran İslam Respublikasının Milli Günü ilə bağlı təntənəli mərasim düzənləndi. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin (səfirliklərin) rəhbərləri mərasimdə iştirak edirdilər.

Baş nazirin müavini Şahin Mustafayev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu mərasimdə təbrik çıxışı etdilər. Tezadlar.az həmin rəsmi çıxışları təqdim edir:

-İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycanın Baş naziri cənab Şahin Mustafayevin çıxış (10 fevral 2026-cı il):

– Hörmətli cənab səfir (Müctəba Dəmirçilu),
Hörmətli tədbir iştirakçıları,  Xanımlar və cənablar,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabınınQələbəsi Günü münasibətilə Azərbaycan hökuməti adından səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa, xalqlarımızı birləşdirən mədəni və mənəvi dəyərlərə əsaslanır.
Bu amillər dövlətlərarası münasibətlərimizin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Əlaqələr mehriban qonşuluq, suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir.
Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan-İran əlaqələrinin inkişafı iki ölkə Prezidentlərinin siyasi iradəsindən irəli gəlir.
Son dövrdə yüksək səviyyəli səfərlər, ölkələrimizin Prezidentləri arasında aparılan müntəzəm dialoq ikitərəfli əlaqələrin dinamik inkişafına qarşılıqlı faydalı əməkdaşlığın gündəliyinin genişləndirilməsinə mühüm təkan vermişdir.
Bu kontekstdə ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə baş tutmuş rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Bu səfər ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açmış, səfər zamanı imzalanmış sənədlər və əldə olunan razılaşmalarəməkdaşlığımızı daha da möhkəmləndirmiş, qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki işbirliyinin dərinləşdirilməsinə əlverişli şərait yaratmışdır.
Beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində ölkələrimiz sıx əməkdaşlıq edir. Bu baxımdan İran Prezidentinin ötən ilin iyul ayında Xankəndi şəhərində ECO 17-ci Zirvə görüşündə iştirakı və tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə görüşü həm Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.

Yüksək səviyyəli müntəzəm dialoq hökumət üzvləri və digər qurumlar arasında təmasların dinamikasına da müsbət təsir göstərir, Prezidentlər tərəfindən verilən tapşırıqların və əldə edilən razılaşmaların daha çevik və praktiki icrasını, ikitərəfli gündəlikdə duran məsələlərin daim diqqətdə saxlanılmasına şərait yaradır.
Bu gün Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə qarşılıqlı təmaslar və səfərlər mövcuddur. İkitərəfli əlaqələrimizin bir çox sahələrdə inkişaf dinamikası məmnunluq doğurur.

Azərbaycan-İran iqtisadi münasibətləri və əməkdaşlığı demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir və uğurla inkişaf etməkdədir. İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafından bəhs edərkən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşər.
Prezidentlərin tapşırıqlarının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində – xüsusilə də nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və bu kimi digər istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir.
Bu layihələrdən bəziləri hazırda icra mərhələsində, bəziləri tamamlanmaq və bəziləri də artıq icrası başa çataraq istifadəyə verilmişdir.

Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclası bütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinə mövcud layihələrin icrasına müsbət töhfə verəcəkdir.

Prezident Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumunda Prezidentlərin iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyük əhəmiyyəti açıq şəkildə əks etdirir.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji istiqamətlərindən biridir.  Bu gün ölkələrimizin birgə həyata keçirdikləri mühüm layihələr regionda bağlantıların gücləndirilməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal-Cənub və Şərq–Qərb istiqamətlərinin inkişafına, regionun logistika imkanlarının və tranzit potensialının genişlənməsinə xidmət edir. İcrada olan birgə layihələr sırasında İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması çərçivəsində Ağbənd-Kəlalə və Ordubad-Siyahrudavtomobil yolları körpülərini, İran Astarasında Azərbaycan investisiyası ilə inşası davam edən quru yük dəmir yolu terminalınıqeyd etmək olar. Azərbaycan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinininkişafına ardıcıl və məqsədyönlü şəkildə investisiya yatıraraq öz ərazisində müasir nəqliyyat infrastrukturu formalaşdırmışdır. Dəmir yolu, avtomobil yolları, logistika mərkəzləri və liman infrastrukturu üzrə həyata keçirilən layihələr Şimal–Cənub marşrutu üzrə yüklərin fasiləsiz və səmərəli daşınması üçün etibarlı əsas yaratmışdır.
Tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində dəhlizin funksionallığının artırılması, daşımaların həcminin genişləndirilməsi, eləcə də tranzit müddətlərinin azaldılması istiqamətində praktiki addımlar atılmaqdadır.  Bu çərçivədə sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, nəqliyyat və gömrük sahəsində koordinasiyanın gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi qarşılıqlı əməkdaşlığımızın mühüm icra komponentləri sırasında yer alır. Bütün bu məsələlər ötən ilin oktyabr ayında Azərbaycan, İranRusiya arasında Bakıda keçirilmiş üçtərəfli görüşdə ətraflı müzakirə edilmiş və müvafiq İşçi qruplar yaradılmışdır.

Energetika sahəsində əməkdaşlığımızın gündəliyində “Xudafərin” və “Qız Qalası” SES-ləri, “Ordubad” – “Marazad” SES-ləri layihələri mühüm yer tutur. Sözügedən layihələr həmçinin “yaşıl enerji” sahəsinin inkişafı üçün yeni imkanlar açır. Bununla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişafı üçün müxtəlif sahələr üzrə geniş imkanlar var.
Hörmətli tədbir iştirakçıları, Xanımlar və cənablar,
Sonda əminliyimi bildirirəm ki, Azərbaycan və İran arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin gücləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığımızın genişləndirilməsixalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bir daha İslam İnqilabının Qələbəsi Günü münasibətilə səmimiqəlbdən təbrik edirəm. Dost və qardaş İran xalqına sülh, sabitlik və firavanlıq diləyirəm.

Diqqətinizə görə sağ olun.

XXX

IMG

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilunun çıxışı:

(İran İslam Respublikasının Milli Günü və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə)

Mərhəmətli və rəhmli Allahın adı ilə!

Hörmətli cənab Şahin Mustafayev, Azərbaycan Respublikası Baş nazirinin müavini! Zati-aliləri! Hörmətli səfirlər və diplomatik korpusun üzvləri! Əziz iranlı həmvətənlər! Hörmətli qonaqlar!

İran İslam Respublikasının Milli Günü münasibətilə təşkil olunmuş bu mərasimdə siz dəyərli qonaqları salamlamaqdan böyük şərəf və qürur hissi duyuram. 47 il əvvəl, 1979-cu il fevralın 11-də İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə İran xalqının inqilabı parlaq qələbə qazandı. İki ay sonra keçirilmiş ümumxalq referendumu nəticəsində İslam dininin ali dəyərlərinə əsaslanan demokratik idarəetmə modeli — “İslam Respublikası” irsi və avtoritar monarxiya rejimini əvəz etdi. Bununla da İran dövləti minilliklərə söykənən zəngin tarixində yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

İran İslam Respublikası qurulduğu ilk gündən öz siyasi xəttini müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində bərqərar etmişdir. Bu yol boyunca ölkə müxtəlif çətinliklər və sınaqlarla, o cümlədən siyasi təzyiqlər, hərbi təhdidlər, eləcə də qida və dərman vasitələrini belə əhatə edən hərtərəfli iqtisadi sanksiyalarla üzləşmişdir. 2025-ci ilin iyun ayında baş vermiş on iki günlük müharibə zamanı sionist rejimin və ABŞ-ın hərbi təcavüzü, habelə son həftələrdə bu prosesin yeni formalarda davam etdirilməsi qeyd olunan maneələrin bariz nümunəsidir. Qanuni və dinc etirazların məqsədli şəkildə iğtişaşlara və terror aktlarına yönəldilməsi, silahsız polis əməkdaşlarına və mülki şəxslərə qarşı hücumların təşkili, eləcə də son günlərdə müşahidə edilən hərbi müdaxilə üçün bəhanə yaradılması üzərində qurulan “hibrid müharibə” təkcə İranı deyil, bütövlükdə regionun sülh və təhlükəsizliyini təhdid edir. Şübhəsiz ki, İran İslam Respublikası xalqın dəstəyinə arxalanaraq bu təhdidlərin qarşısını alacaq və mövcud şəraitdən də uğurla çıxacaqdır.

İran İslam Respublikası öz suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi, İran xalqının maraqlarının təmin edilməsi, eləcə də regional sülh və təhlükəsizliyin qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir. Diplomatiyanın əsasını milli suverenliyə hörmət və qarşılıqlı maraqlar təşkil edir; bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi mümkün deyildir.

Dəyərli qonaqlar, xanımlar və cənablar!

İran İslam Respublikası balanslaşdırılmış xarici siyasət kursuna əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir. İran regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün dialoqu, çoxtərəfliliyi və əməkdaşlığı dəstəkləmiş, bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına çalışmışdır. Bu kontekstdə dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı maraqlar əsasında formalaşır.

Bu günlər İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. İran İslam Respublikası 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ilə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm institusional əsas yaradılmışdır.

Ötən 34 il ərzində İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda prinsipial və dəyişməz mövqe nümayiş etdirmiş, hər zaman Azərbaycan dövləti və xalqı ilə həmrəylik nümayiş etdirmişdir. Bu gün də hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Prezidentlər və digər yüksək vəzifəli şəxslər arasında davamlı dialoq, enerji və nəqliyyat sahələri də daxil olmaqla birgə iqtisadi layihələrin icrası, eləcə də İqtisadi, Elmi və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarının mütəmadi keçirilməsi bu prosesdə mühüm rol oynayır. Əminik ki, bu müsbət dinamikanın davamlılığı və möhkəmləndirilməsi sayəsində ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri yeni müstəviyə yüksələcək, xalqlarımız isə bu sarsılmaz tərəfdaşlığın bəhrəsini daha dərindən hiss edəcəklər.

Sonda hər birinizə səmimi iştirakınıza və diqqətinizə görə təşəkkür edir, xalqlarınıza və dövlətlərinizə sülh, sabitlik, tərəqqi və firavanlıq arzulayıram!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!