Əsas məzmuna keç

Nə yazıq ki, Space TV hələ də köhnə vərdişlərindən əl çəkməyib…

…Bəri başdan deyim ki, debata dəvət olunduğun Space TV barədə bu sətirləri yazmaq mənim üçün çətindir. Ona görə ki, məni bu proqrama qonaq qismində dəvət etmələrini şəxsimə hörmətin əlaməti hesab edirdim, indi də bu fikrim dəyişilməyib.
Sözsüz ki, sənə sayğı göstərən bir media qurumunun nəzakətinə qarşı hər hansı tənqidi münasibət bəsləmək mənim aləmimdə nankorluqdur. Amma çıxışımın 80%-indən çoxunun səbəbsiz yerə qayçılanmasına laqeyd qalmağı da özümün özümə qarşı hörmətsizliyi hesab edirəm. Üstəlik, bu 80% sadəcə sözümün miqdarını ehtiva edir. Fikrimin isə hardasa 98%-i qayçılanmışdı. Halbuki mən “reqlament”in 4 dəqiqə olduğunu nəzərə alıb kifayət qədər lakonik danışmağa çalışmışdım və harda danışdığımın fərqində olduğum üçün sözlərimi də xüsusi etina ilə seçmişdim.
Buna baxmayaraq… Nə isə, yenə də uzun-uzadı danışıb Space TV kollektivinin xətrinə dəymək istəmirəm. Sadəcə onu deməklə kifayətlənirəm ki, Space TV-nin bu mövqeyi debat zamanı müzakirə etdiyimiz mövzunun da ruhuna yad idi. Zira debatın gündəmində “ideoloji savaş” mövzusu var idi. Müasir çağımızda ideoloji savaşın əsas aləti isə kütləvi informasiya vasitələridir. Sən əgər xaricdən gələn ideoloji basqılara qarşı duruş gətirmək istəyirsənsə, mütləq əlinin altında olan ideoloji silahını gücləndirməli, onu hər kəsin inandığı, etimad göstərdiyi platformaya çevirməlisən. Bunun üçün isə ilk növbədə hər kəsin sözünü deyə biləcəyi platforma kimi fəaliyyət göstərməlisən. Yeri gəlmişkən, Prezident İlham Əliyev də YAP-ın 8-ci qurultayında öz tərəfdarlarından məhz bunu istəyərək demişdi: “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır”.
Nə yazıq ki, Space TV hələ də köhnə vərdişlərindən əl çəkməyib (vaxtilə ADP sədri Sərdar Cəlaloğlunun da başına bu oyunları gətirmişdilər və Sərdar bəy bu hadisədən sonra bir daha həmin debatlara qatılmadı), hansısa produserin və ya montajçının xoşuna gəlməyən, hətta deyərdim ki, dinləmək belə istəmədiyi fikirləri qayçılamaqla məşğuldur. Bizdən fərqli olaraq, yaxın qonşularımız – Rusiya, İran, Türkiyə isə daha cəsarətli və peşəkar proqramlarla Azərbaycan izləyicilərinin bəyənisini qazanır, hazırladıqları sanballı verilişlərlə ölkəmizin ictimai fikrini formalaşdırırlar. Biz isə köhnə xasiyyətimizlə yeni nailiyyətlər əldə etməyə çalışırıq. Zənnimcə, Azərbaycan İlham Əliyevin nəzərdə tutduğu ideoloji savaşa hazırlıq strategiyasına KİV-lərdəki bu mənasız senzuralara son qoymaqla başlamalıdır.
Heydər OĞUZ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…