Azərbaycan xalqının müstəqillik arzusu, azadlıq mübarizəsi…

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 33 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir ki,  məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilməklə Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olmaqla Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyində olanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.

Belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başlayaraq, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir

Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti olan  müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin  mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması xüsusi önəm kəsb edir. Odur ki, 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı,  dünyanın tanınmış siyasi və dövlət xadimi cənab İlham Əliyev 20 ildən çoxdur ki, xalqımızın tarixi nailiyyəti olan  müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddətdə  dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm ölkəmizdə, həm də beynəlxalq aləmdə daim yüksək qiymətləndirilir. Ötən illər ərzində ölkə Prezidenti cənab  İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Şanlı  Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazanaraq, işğal altında olan torpaqlarımız düşməndən azad olunmuşdur. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb. 2022-ci il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq, indi üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, işğaldan azad edilən digər şəhərlərimizdə qürurla dalğalanır və əbədi dalğalanacaqdır!

Artıq son beş ildir ki, bütün dünya azərbaycanlıları ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində  əldə etdiyi şanlı Qarabağ Zəfərini böyük təntənə, sevinc və qürurla qeyd edir.

Bu beş il ərzində dövlət başçısı cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma  və bərpa işlərini  şəxsən nəzarətdə saxlaması bütün köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin əzəli yurdlarına qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən yüzlərlə ailənin Zəngilana, Laçına, Füzuliyə, Şuşaya, Cəbrayıla, Ağdama qayıdışı təmin olunmuş, köçürmə prosesi davam etməkdədir.

Bu gün bütün ölkə vətəndaşları kimi, Kamandar Zeynalov, Vüqar Əsədov, Fuad Səfərov, Əlihüseyn Ağayev, Tahir Həsənov, Anar Yaqubov və Əli Abbasəliyev də Müstəqil Azərbaycan dövləti  və onun Prezidenti cənab İlham Əliyevlə qürur duyduqlarını bildirirlər.

CEYHUN

 

Xəbəri paylaş

Xəbər lenti