Mart ayının 14-də baş verəcək Ay tutulması artıq başlayıb. Bu tutulma tam Ay tutulması olacaq.
Tezadlar.az xəbər verir ki, tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək.
Artıq Ay tutulması Bakı vaxtı ilə saat 07:57-də başlayıb və 14:00-da bitəcək.
Ümumilikdə tutulmanın 6 saat davam edəcəyi gözlənilir.
Tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq. Hələ ki, tam Ay tutulmasına bir neçə dəqiqə qalıb.
Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 50 fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulmasının üç növü var: Tam, qismən və yarımkölgəli Ay tutulması. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.
Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.
Nəzərinizə çatdıraq ki, ki, bu günkü Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.
Qeyd edək ki, bəzi astroloji inanclara görə, ay tutulması zamanı yeni biznesə başlamaq və ya ciddi qərarlar qəbul etmək, kütləvi tədbirlərdə iştirak etmək, ağır fiziki güclə həddən artıq yüklənmək və s. etmək olmaz. Bu fikirlərin nə dərəcədə doğru olması isə müəmmalıdır… Əsas odur ki, pis düşüncələrə qapılıb əlinizi işdən soyutmayın.
JASMİN