1 İyun 2026 / 15:26

6 yaşlı uşağın yanında atasını pərt edən sürücü-AYNA BUNU DA NƏZƏRƏ ALMALI DEYİLMİ?

Tanınmış jurnalist Elşad Paşasoy fb statusunda yazır: “…Çiyninə hansısa musiqi alətini çexolunda asmış gənc ata azyaşlı oğlu ilə birgə avtobusa mindi. Kartla ödəniş edib oturmaq istəyirdi ki, sürücü ucadan “Bir ödəniş elədin, bəs ikincisi?”, -deyə səslədi. Sərnişin “O uşaqdır, mən heç vaxt ödəniş eləmirəm”, -deyəndə sürücü yenə təkidlə ödəniş istədi: “5 yaşdan yuxarı uşaqlara gedişhaqqı ödənməlidir!” Atanın müqavimətini görən sürücü “Ödəməsən, avtobus yerindən tərpənməyəcək, camaatı yolundan saxlama”-deyib təkid etdi. Bundan sonra uşağın atası gedib ödənişi etdi, bir neçə dayanacaqdan sonra avtobusdan düşdülər. Deyəsən, uşağı musiqi məktəbinə, ya musiqi müəlliminin yanına aparırdı.
 Mən o uşağın gözlərinə baxmağa utandım o an… Sürücü də utanaydı kaş… O uşağın atasını utandırmaq, sındırmaq qəhrəmanlıq deyildi o anda… Guya ki, kameradan baxırmışlar, 60 qəpik ödəməsə, dünya dağılacaqmış…
 Bəlkə də o uşaq gələcəkdə Azərbaycanın ən böyük musiqiçilərindən biri olacaq. Bəlkə elə generallarından… Bəlkə qanunvericiliyə dəyişiklik edilsin, uşaqpulu məsələsi çətinlik törədirsə, heç olmasa, uşaqlara gedişhaqqı güzəşti edilsin. İnanın, o uşaqlar qat-qat artığını qaytaracaqlar, təkcə AYNA-ya yox, bütövlükdə Vətənə! Görmədikmi, 18-19 yaşlı gənclərimiz necə qəhrəmanlıqlar göstərdilər, üzümüzü ağ elədilər! Uşaqlara “bayramınız mübarək” deməyə nə var ki… Onlar üçün bayram ovqatı yaratmalıyıq…”.
***

…Təəssüflə oxudum… Sürücülər qanunu pozur, amma sərnişinlərdən qayda tələb edirlər… 10 saylı marşrutda interval bəzən 20-25-30 dəqiqə olur, yaxud normadan artıq sərnişini salona doldururlar, tıxaca salırlar, sərnişinlər işə, evə, məktəbə… gecikir. Bunlar qanunda nəzərdə tutulubmu? Bu bəs deyil? AYNA-nın qazanc gətirən parklama siyasəti ilə yollardakı əyri-üyrü, çaşdırıcı xətləri, yol daraltmaları… Bu da bəs deyil? 5 yaşında, lap 6 yaşında uşaqdan 50 qəpik tələb edəndə sərnişinlər də öz hüquqlarını tələb etməlidir… O sürücüyə ayıb olsun!

ASİF MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!