Bakının Yasamal rayonunda fəaliyyət göstərən 225 saylı orta məktəbdə bədbəxt hadisə baş verib.
Tezadlar.az xəbər verir ki, məktəbin 7-ci sinfində təhsil alan qız şagirdi pəncərədən yıxılaraq həyatını itirib.
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.
“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib.
Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur” deyə, açıqlamada bildirilib.
***
Baş verən hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.







