Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2026 / 17:48

8 aylıq rektorluğuna son verilmiş Əminağa Sadıqovu o əvəz etdi-RƏSMİ

Prezident İlham Əliyev Nurəli Adil oğlu Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Tezadlar.az xatırladır ki, Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, AAK tərəfindən professorluğu əlindən alınmış, işlədiyi 8 ay müddətində ali təhsil müəssisəsini iflic vəziyyətinə salmış, 8 ayda 16 elm adamını müəyyən bəhanələrlə vəzifəsindən kənarlaşdıran Əminağa Sadıqov Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

QEYD: təzə rektor N.Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub. O, 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyası) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu elektrik sistemlərinin kibernetikası ixtisası üzrə bitirib.

1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçeri, baş mühəndisin müavini, 2001–2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini olub. 2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunun direktoru vəzifələrində işləyib. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olub.

Bundan başqa, 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb. N.Yusifbəyli 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilib. Azərbaycan Respublikası təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun tədris işləri üzrə prorektoru təyin olunub. MDB üzv ölkələrin Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülüb. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına, Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə “Qızıl Buta” mükafatına, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. “ELECTRO-energetics-tecnnics-mechanics+control” Beynəlxalq Elmi-İstesalat jurnalının baş redaktorudur. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir. O, 1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, bu təyinata kimi AzTU-da “İdarəetmə və Avtomatika” kafedrasının professoru kimi fəaliyyət göstərib. Ailəlidir, iki övladı var.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!