Əsas məzmuna keç

92 nəfərin zəhərləndiyi toyla bağlı yeni detallar

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

Tezadlar.az xəbər verir ki, AQTA-dan bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.

***

18:52

Kürdəmirdə baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanıb.

Tezadlar.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***
09:57

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Dünən saat 20:50-də 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Həmçinin AQTA-dan bildirilib ki, Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Agentlik tərəfindən araşdırma aparılır.

Qeyd olunub ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***
00:57

Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.

Tezadlar.az xəbərinə görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.

***
23:33

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…