Qlobal fırtına, yerli dayanıqlıq: təhlükəsizlik strukturlarımız doğru strategiya seçib
Bu gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000 –dən çox milli resursumuzu da çökdürdü.
TEZADLAR.AZ xəbər verir ki, bunu
Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Ekspert vurğulayıb ki, baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə çıxardı: xarici asılılıqlar ciddi fəsadlar verə bilər.
“Yəni rəqəmsal suverenlik dediyimiz məhz bu tip məsələlərdir. Amma maraqlıdır ki, qlobal problemə baxmayaraq, kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX -nin təsir dairəsində olan əksəriyyət dövlət qurumlarının saytları normal çalışıb.
Qısa bir monitorinq aparmaqla müəyyən etdim ki, vacib Gov.az-lar normal çalışır.
XRİTDX tərəfindən qurulan və mühafizə edilən dövlət informasiya ehtiyatlarına (AzStateNet və GOV.AZ zonası) baş verən qlobal problem heç bir təsir göstərməyib.
Təhlükəsizliyə cavabdeh olan bu qurumlar, əlbəttə bahalı olsa da, böyük xərclər tələb etsə də kritik infrastrukturun dayanıqlığı üçün lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə edir.
Cloudflare xidmətindən istifadə edən Azərbaycanın özəl və bəzi ictimai sektorunun, media sektorunun çox sayda resursları isə fəaliyyətini dayandırıb.
Özəllər və digər resurslar adətən dayanıqlı, rahat və güvənli fəaliyyət üçün daha ucuz və əlçatan olan Cloudflare xidmətlərindən istifadə edirlər. Amma görünən odur ki, bu tip güvənli qlobal resurslar da çökə bilir.
Qlobal güvənli bir resursun sıradan çıxması ölkə daxilində biznesin dayanmasına səbəb oldu. Bu, hər birimiz üçün, xüsusilə də kritikə aid olan özəllər üçün (qapalı informasiya olduğundan adlarını çəkmirəm, amma onların da saytlarından çökənlər vardı) ciddi bir dərsdir. Demək, hətta ən etibarlı qlobal xidmətlər belə 100% zəmanət vermir. Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir. Düşünürəm ki, hibrid müdafiə strategiyasına üstünlük verilməsi – yalnız bir xarici xidmətdən asılı olmaq əvəzinə, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid daha doğru olardı.
Eyni zamanda, dövlət tərəfindən milli statusa malik olan özəl və ictimai resursların, informasiya resurslarının dayanıqlığı üçün, onlar, hətta kritikə aid olmasa da, təhlükəsizlik perimetrinə daxil edilməsi üçün səylər göstərilməsi doğru və faydalı olardı”,- deyə qeyd edib.
Xəbər verdiyimiz kimi, bu gün çoxlu sayda saytın fəaliyyətində problem yaranıb.
“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilə ilə bağlı bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılmış monitorinq nəticələrinə əsasən, sözügedən dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmamışdır.
Bu barədə XRİTDX məlumatında deyilir.
Bildirilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.
“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir.
JASMİN