Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Noyabrın 20-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.
Tezadlar.az Milli Məclisin saytına xəbər verir ki, plenar iclasda 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.
Müzakirələrdə parlamentin komitə sədrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Siyavuş Novruzov, Arzu Nağıyev, Şahin İsmayılov, Əli Hüseynli, komissiya sədri Eldar İbrahimov, deputatlar Müşfiq Cəfərov, Razi Nurullayev, Aydın Hüseynov, Vasif Qafarov, Jalə Əliyeva, Elman Nəsirov, Rizvan Nəbiyev, Məlahət İbrahimqızı, Ülviyyə Həmzəyeva, Elnarə Akimova, Vüqar İskəndərov, Sahib Alıyev, Elşən Musayev, Müşfiq Məmmədli, Bəhruz Məhərrəmov, Fatma Yıldırım və Səyyad Aran çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, hazırki mürəkkəb beynəlxalq mühitdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşmış milli inkişaf modeli ölkəmizin təhlükəsizliyini və sosial-iqtisadi inkişafını təmin edən əsas dayağa çevrilib. Azərbaycanın nəqliyyat-logistika sahəsində artan rolu regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Dövlətimizin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənib. Ölkəmizin investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernləşməni stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini yaradan güclü dövlətə çevrildiyi söylənilib. Son illərdə əldə olunan nəticələrə əsaslanaraq, qeyd olunub ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edib, eyni zamanda güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaradıb. Ölkədə Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam etdirilir.
Bildirilib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi ölkəmizin qarşıdakı dövrdə iqtisadi inkişaf kursunu müəyyənləşdirən mühüm sənəddir. Layihədə əsas prioritet iqtiqamətlərdən olan dayanıqlı iqtisadiyyatın, sosial rifahın, milli təhlükəsizliyin, çevik idarəetmənin maliyyə təminatı öz əksini tapıb. Eyni zamanda, burada ehtiva edilən makroiqtisadi sabitliyin qorunması, qeyri-neft-qaz sektorunun gücləndirilməsi, investisiya fəaliyyətinin davam etdirilməsi, sosial öhdəliklərin təmin olunması ilə bağlı məsələlərin vacibliyi qeyd olunub. Növbəti ilin dövlət büdcəsində neft amilindən asılılığın azaldılması, qeyri-neft-qaz sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarının formalaşdırılması təqdirəlayiq hesab edilib.
Qanun layihəsinin dövlət büdcəsi xərclərinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğu, pensiya təminatı sisteminin formalaşdırılması, mövcud demoqrafik proseslər, iqlim dəyişikliklərinin təsiri ilə bağlı məsələləri, habelə qarşıda duran vəzifələri əhatə etdiyi vurğulanıb. Bildirilib ki, son illərdə ölkəmizin hərbi, müdafiə sənayesi və diplomatiya sahələrində gücü daha da artıb və büdcə layihəsində bu istiqamətlərin maliyyə təminatı ilə bağlı müvafiq vəsaitin ayrılması nəzərdə tutulub. Növbəti ilin büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin artırıldığı, həmin orqanların maddi-texniki təminatlarının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili ilə bağlı tələb olunan vəsaitin əks olunduğu qeyd edilib.
Deputatlar regionların inkişafının önəmini qeyd edərək, kənd təsərrüfatının modernləşdirilməsinin, sənayeləşmənin, ixrac potensialının artırılmasının, sənaye parklarının yaradılmasının, innovasiya və texnologiyaların daha geniş tətbiqinin əhəmiyyətindən bəhs ediblər. Sahibkarlığın daha da inkişaf etdirilməsi üçün vergi güzəştlərinin və subsidiyaların tətbiqi, infrastruktur dəstəyi, investisiya təşviqinin gücləndirilməsi məsələlərinə toxunublar.
Millət vəkilləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun daha da gücləndiyini deyərək, bərpa olunan enerjiyə keçidin sürətləndirilməsinin vacibliyini, qlobal iqlim çağırışları fonunda ölkəmizdə “yaşıl enerji”yə transformasiyanın əsas prioritetlərdən olduğunu qeyd ediblər. Habelə, bildirilib ki, hazırki geosiyasi proseslər fonunda təhlükəsizlik, o cümlədən kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, süni intellektin tətbiqi ilə bağlı məsələlər daha da aktuallaşıb.
Deputatlar büdcə layihəsinin parlamentin komitə və plenar iclaslarında geniş müzakirələrinin hökumətlə parlament arasında səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndiriblər. 2026-cı ilin dövlət büdcəsinin ölkəmizin yeni inkişaf mərhələsinə uyğun olduğunu deyiblər.
Çıxışlarda, həmçinin regionların inkişafı, məşğulluq siyasəti, sahibkarlığın dəstəklənməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı və bir sıra digər təkliflər səsləndirilib. Habelə seçiciləri narahat edən bəzi məsələlər hökumət üzvlərinin diqqətinə çatdırılıb.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qeyd edilib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Gələn il icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.