21 Noyabr 2025 / 18:38

Osman Gündüz Emin Əmrullayevi dəstəklədi: Gücü data, statistika, rəqəmlər və açıq dialoq olan nazir

Əvvəllər də bu haqda yazmışdım.
Emin Əmrullayev bir daha sübut etdi ki, data və statistikadan məharətlə istifadə edə bilir və data əsaslı, analitik yönümlü baxışlarıyla bir anda situasiyanı dəyişə bilir. O zaman bəziləri bu fikrə ciddi yanaşmamışdı. Nazirin İTV-də ötən günkü çıxışı bir daha bunu təsdiqlədi.
TEZADLAR.AZ xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
“Nazir Emin Əmrullayevin dünən İctimai TV-dəki bir saatlıq çıxışı “tamştatlı müəllim” adı altında gedən müzakirələrə tam başqa istiqamət verdi və yanlış təsəvvürlərin əksəriyyətini faktlarla dağıtdı.
Nazir mövcud datalardan istifadə edərək aydın göstərdi ki, təqdim olunan model müəllimi cəzalandırmaq deyil, onun peşəkarlığını, sabit maaşını və sosial təminatını gücləndirmək məqsədi daşıyır. “Məktəbdə mütləq 6 saat qalmaq” kimi iddiaların əsassız olduğu, iş saatının məktəbin ehtiyacına görə 4–5 saata qədər dəyişə biləcəyi konkret rəqəmlərlə izah edildi. 142 min müəllimdən təxminən 20 mininin könüllü qoşula biləcəyi, modelin məcburi xarakter daşımadığı da açıq şəkildə vurğulandı.
Əlavə əməkhaqqı mexanizmləri, sertifikasiya üstünlükləri və ibtidai siniflərdə dərs saatlarının qəfil azalması kimi illərdir mövcud olan problemlərin bu model ilə həll edilə biləcəyi faktlarla göstərildi. Nazir həmçinin repetitorluq sisteminin real təsirini açıq şəkildə etiraf edərək, məktəbin keyfiyyəti yüksəlmədən bu sahədə sərt addımların mümkün olmadığını səmimi şəkildə bildirdi.
Amma dərhal da qeyd etmək istərdim ki, əks arqumenləri top-tüfənglə qarşılamaq doğru olmazdı. Düzgün qərarlar məhz açıq, konstruktiv və qərəzsiz müzakirələrdə ortaya çıxır. Cəmiyyətdə belə polemikalar çox faydalıdır.
Emin müəllimin müzakirələrdən çəkinməməyi, əksinə komandasının hazırladığı data və statistika ilə, arqumentlərlə “silahlanaraq” açıq müzakirəyə qoşulması təqdirəlayiqdir.
Düşünürəm ki, nazirin ötən günkü çıxışı emosional müzakirələri faktlara, pafosu arqumentə çevirdi və cəmiyyətdə yaranmış neqativlərə bir aydınlıq gətirdi.
Bu istiqamətdə açıq müzakirələrin, qərəzsiz yanaşmaların, konstruktiv təkliflərin verilməsinin davam etdirilməsini də zəruri və faydalı hesab edirəm”, – deyə Osman Gündüz qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!