Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan əsilli iranlı rejissor Cəfər Pənahi barəsində Tehran məhkəməsi qiyabi bir il həbs qərarı verib.
Tezadlar.az xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Neyli “X” hesabında açıqlama yayıb. O bildirib ki, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına, ictimai və siyasi təşkilatlarda iştirakına qadağa qoyulub.
Əlavə olunub ki, tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib.
İran mediası Pənahinin son zamanlar ölkə xaricində olduğunu yazıb.
Xatırladaq ki, bu ilin mayında C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.
Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.
2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.