22 Dekabr 2025 / 11:46

Deputatın bizneslə məşğul olması qadağandır, amma…

Azərbaycan hüquqi dövlətdir. Amma bəzi statuslu şəxslər var ki, onlar üçün qanun və hüquq biznes maraqlarından sonra gəlir…
Qısası, “Təzadlar”ın Araşdırma Qrupu sosial və elektron mediada bu və ya digər suallara cavab axtararkən maraqlı detallara rast gəldi. Məlum olur ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən “Ultra Technologies” neçə çağırışdır millət vəkili olan Tahir Mirkişiliyə məxsusdur. Həmin şirkət bu il də 26 tenderin qalibi elan edilib. Həmin tenderlər dövlət qurumları, agentliklər, nazirliklər və müxtəlif universitetlər tərəfindən həyata keçirilib. Mediadan sitatlar: “…Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 71 milyon 326 min 868,56 manatdır.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ultra Technologies” MMC 14 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşən şirkətin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. “Ultra Technologies” MMC 2016-cı ilədək “Ultra Computers” MMC adı ilə fəaliyyət göstərib. Həmin ildən isə şirkətin adı dəyişdirilib. “Ultra Technologies” MMC-nin 10 ildən artıqdır deputat olan Tahir Mirkişiliyə məxsus olduğu barədə dəqiq iddialar var. Dövrü mətbuatda o özünü “Ultra” şirkətinin rəhbəri kimi təqdim edib.
Deputatın tərcümeyi halında qeyd edilib ki, o, 2000-2011-ci illərdə həmin şirkətdə mühəndis, daha sonra direktor vəzifələrində işləyib.
Tahir Mirkişili 2015-ci ildən deputatdır. O, parlamentdə 43 saylı Sumqayıt II Seçki Dairəsini təmsil edir və Sumqayıtda yaşayır. Həmçinin şirkətin də hüquqi ünvanı Sumqayıtda yerləşir. Deputatın qardaşı Şahin Mirkişili də Sumqayıtda uzun illərdir tikinti sektorunda fəaliyyət göstərən “Absheron City” Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbəridir. Onun həmçinin “AzərStone” adlı tikinti şirkəti də mövcuddur.
Parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən Tahir Mirkişili dolayı yolla da olsa biznes fəaliyyəti ilə məşğuldur. Lakin qanunvericilik deputatların bizneslə məşğul olmasını qadağan edir”.
Təəssüf ki, Tahir Mirkişili mediada yer alan bu iddialara münasibət bildirməyib… Sosial mediada Elşən Əliyev adlı istifadəçi də yazır ki, o, əvvəllər bu şirkətdə çalışıb və şirkət həmişə tenderləri udub… T.Mirkişili deputat olandan sonra isə şirkətə hər yerdə yaşıl işıq olub… https://www.facebook.com/photo/?fbid=2085146848976950&set=a.165180234306964
“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!