23 Dekabr 2025 / 10:21

Almaniyanın müdafiə naziri Ukrayna ilə bağlı danışıqlar barədə açıqlama verdi

Ukrayna, Avropa və ABŞ-ın atəşkəsə nail olmaq üçün səylərinə baxmayaraq, Moskva müharibənin bitməsinə maraq göstərmir.

Tezadlar.az bildirir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu açıqlamanı “Zeit”-ə verdiyi müsahibədə verib. O, Ukraynadakı müharibəyə dərhal son qoya biləcək yeganə şəxsin Rusiya lideri Vladimir Putin olduğunu vurğulayıb.

“Buna baxmayaraq, Berlindəki danışıqlar vacib idi. Kansler Merts avropalıların Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda söz sahibi olduqlarını açıq şəkildə bildirib. Avropalı tərəfdaşlar Berlində mövqelərini ABŞ və Ukraynanın mövqeləri ilə uyğunlaşdırıblar. Bu da vacib idi. Brüsseldə keçirilən Aİ sammitində razılaşdırılmış 90 milyard avroluq faizsiz kredit Ukraynanın növbəti iki il ərzində hərbi ehtiyaclarını ödəməsinə kömək edəcək”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, Ukraynada sülhün necə təmin edilə biləcəyi ilə bağlı suallar hələ də hipotetikdir. Səbəb Rusiya liderinin hətta atəşkəsə razılaşmağa belə hazır olmamasıdır. Bu arada, Avropa “Avropa rəhbərliyindəki qüvvələrdə” iştirak etməyə prinsipial hazır olduğunu” bəyan edib.

“Bu da açıq şəkildə göstərir: indi ABŞ-ın növbəsidir. Onlar təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə əhəmiyyətli töhfə verməlidirlər. Birlikdə biz böyük bir çəkindirici təsirə malikik”, – deyə Pistorius hesab edir.

Rusiyanın NATO-ya qarşı müharibəsi

Almaniyanın müdafiə naziri həmçinin NATO-nun baş katibi Mark Ruttenin Avropanın böyük bir müharibədən sağ çıxa biləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib. Pistoriusun sözlərinə görə, Rutte “nə baş verə biləcəyini göstərmək” istəyib. Lakin rəsmi şəxs özü belə bir ssenariyə inanmır.

“Mənim fikrimcə, Putin NATO-ya qarşı tammiqyaslı dünya müharibəsi axtarmır. O, NATO-nu daxildən məhv etmək, onun birliyini sarsıtmaq istəyir. Həm də 13-cü və ya 15-ci hava məkanının pozulmasından sonra NATO-nun reaksiyasını sınaqdan keçirməklə. Müttəfiq Eurofighters təyyarələri artıq bunu ciddiyə almadıqları üçün havaya qalxacaqlarmı? Onsuz da heç nə olmayacağı üçün təyyarələrini geri çəkəcəklərmi? Yoxsa Baltik sərhədlərində bir şey baş verərsə, 5-ci maddəni tətbiq etməyə hazırdırlarmı? Putin isə amerikalıları təyyarələrini geri çəkməyə məcbur etmək üçün strateji olaraq çalışır”, – deyə Boris Pistorius yekunlaşdırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!