Əsas məzmuna keç

Qırmızı yuxu – Racu Şıxlı

(povest)

(Əvvəli:

3.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-3/

2.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-2/

1.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli)

…Beləcə o ağır günü də sağ-salamat gecələmişdik. İndi mən reanimasiyada, ağzımda oksigen balonu, valideynlərimsə təlaş və intizar içində palatada tikan üstündə oturmuşdular. İçəri o qədər sakit idi ki, qulaqlarım birtək qısa fasilələrlə səslənən siqal səsini eşidirdi. Bu səs nəbzimi, ürək döyüntülərimin normativini təyin etmək üçün tez-tez rəqəm göstəriciləri oynayan balaca ekranlı aparatın ətrafa yaydığı xəbərdarlıq idi. Gecəni sabahadək süni hava balonu ağzımda, ürək döyüntülərimi  aşkarlayan aparat da şəhadət barmaqlarıma, döş qəfəsimə qoşulu. Gözlərimi açmaq istəsəm də aça bilmirdim. Sanki birisi göz qapaqlarımı şəffaf bantla dartıb yanaqlarıma yapşıdırmışdı. Hər şeyi çox aydın eşitsəm də ətrafım mənə dumanlı bir yuxu kimi gəlidi. Aparatın hər siqnalı mənə həyatın nə qədər incə bir ipin üstündə dayandığını xatırladırdı. Sağlam olanda nəfəs almaq haqqında düşünmürük; hava sanki bizə həmişəlik verilmiş adi bir nemətdir. Ancaq nəfəs daralanda dünya kiçilir, insanın bütün arzuları bircə dəfə dərindən nəfəs ala bilmək istəyinə çevrilir. O gecə mənim üçün zaman saatın əqrəbi ilə deyil, sinəmə dolan və oradan çətinliklə çıxan hər nəfəsin uzunluğu ilə ölçülürdü…

“Evimizin arxasındakı həyətdə damımızı öz budaqları ilə günəşin yandırıcı şüalarından, payızın səngiməyən yağışından, qışın sərt sazağından qoruyan qocaman qoz ağacının yarpaqları qəribə rəngdə idi. Qıpqırmızı… Ağacın altına bir topa adamlar yığılmışdı. Ola bilməz axı, bu yaxınlarda bu əzəmətli ağacın gövdəsi erməni toplarına tab gətirməyib aşmışdı. Hələ budağından asılan kəndirli yellənçəyimiz də yanaraq külə dönmüşdü. Gördüm ki, bacım həmişəki kimi ipli yellənçəkdə yellənir. Bu dəfə yellənçəyimiz qara rənglə boyanmışdı. Qardaşım da hovuzun əhatəsini ağuşuna almış qırmızı lalələri ağlaya-ağlaya tapdalayırdı. Düşündüm ki, indicə atam görəcək və qardaşımın bu hərəkətinə görə onu bərk tənbeh edəcək. Amma nədənsə atam bu mənzərəyə kənardan durub baxırdı. Mən ağacın iri gövdəsi altına toplaşmış adamları yararaq içəriyə doğru irəlilədim. Anamı gördüm. Nəyinsə qabağında dizi üstə düşüb, için-için ağlayırdı. Hərdən bir saçlarını da yolurdu. Bu arada da xalalarım anamın qollarından bərk yapışmışdılar ki, anam saçını yolub, üz-gözünü cırmasın. Amma zavallı anamın yanaqlarından çənəsinə, ordan da sinəsinə qıpqırmızı qan cığır açmışdı. Təlaşla anama yaxınlaşıb onu qucaqlamaq istəyirdim ki, bir də gördüm atam qolları arasında enli, uzun qırmızı ipək parçanı ağır addımlarla gətirib, anamın qarşısındakı taxta qutunun içinə qoydu. Bu səfər anam cəld ayağa qalxıb, heç nə olmamış kimi ikinci mərtəbədə üzü qoz ağacına açılan pəncərənin önündəki mis dolçanı götürmk üçün qaçdı. Axı bu necə olar bilər?! Mis dolçadan anam mənə axırıncı dəfə su gətirəndə düşmənin həyətimizə atdığı mərminin qəlpələrindən dəlik-deşik olmuşdu. Amma mis dolça əvvəlki kimi cağbacaq idi. Sonra anam həmin dolçada suyu gətirib tökdü ipək parçanın üstünə. Düşündüm ki, indicə atam hirslənəcək ki, ipəyi niyə isladır axı. Amma əksinə, dolçanı anamın əlindən alıb, içindəki qalan suyu da özü boşaltdı taxta qutunun içinə. Xalalarım qoz ağacının budağından sallanan yellənçəkdə həvəslə yellənən bacımı qucaqlarına götürdülər. Böyük dayım yellənçəyi budaqdan bıçaqla kəsib yerə atdı. Bu dəm qardaşımı fərqli yerdə gördüm. Bu necə ola bilərdi ki? O bapbalaca canıyla bu boyda gövdəsi olan ağacın zirvəsinə neçə dırmana bilərdi? Mən qorxdum ki, qardaşım indicə başıaşağı gələcək yerə. Tez əl-qolumu havada yelləyib, aşağıya düşməsini istədim. Birdən ağacın lap axırıncı budağından bir ağ papıclı, qara kəklikli göyərçinin havada bərq vurmasını gördüm. Qardaşım sən demə o hündürlüyə qalxıb, göyərçin uçurdurmuş. Ağacın altına toplaşanlar bu ara başlarını yuxarı qaldırıb, havada rəqs edən göyərçinin enməsinə tamaşa etməyə başladılar. Çox keçmədi ki, göyərçin havada bir neçə dəfə tərs çevrilib qanad çırpdı. Sonra ətrafına toplaşmış insan selindən az qala batan, yuxarı hissəsi trapesşəkilli, aşağı hissəsi yuxarıya nisbətən daralmış kvadratşəkilli, yonulub hamarlanmış taxta parçalarından düzəldilmiş qutunun içindəki nəmli ipəyin üstünə qondu. Anam cəld göyərçini əlinə alıb əvvəlcə onun qulaqlarına nəsə pıçıldayırmış kimi hərəkətlər etdi, sonra mənə sarı uzatdı. Göyrəçini əlimdə güclə saxlamışdım. Göyərçin əlimdən çıxıb uçduğu yerə qonmaq üçün elə çırpınırdı ki. Bu ara gördüm ki, anam taxta qutunun içindəki ipək parçanı əlinə alıb, onu özünə sarıdı. Kənardan anam elə görünürdü ki, elə bir qırmızı çadraya bürünmüb qoz ağacının iri gövdəsini təvaf edəcəkdi. Amma anam evimizə sarı döndü və eyvana baxdı. Hiss etdim ki, pilləkənlərlə ikinci mərtəbədəki eyvanımıza çıxmaq istəyir. Amma bunu edə bilməzdi axı…ermənilər göz oxşayan, xan sarayının pilləkənlərini xatırladan hündür, çox pilləli daş pilləkənimizi uçurmuşdular. Tez anamın ardıyca qaçdım xəbərdarlıq edəm ki, pilləkənimiz uçub eyvana qalxmaq mümkünsüzdür. Ayağım ilişir üzü üstə yerə düşdüm. Əlimdə bayaqdan vurnuxaraq qurtulmaq istəyən ağ göyərçin pırr edib havaya qalxdı. Mən bu dəm anamın havada süzən göyərçinə necə həvəslə baxdığını gördüm. Düşündüm ki, axı az öncə qarşısındakı taxta qutuya baxıb ağlayırdı. Üz-gözünü qanına bələyib, saçlarını yolurdu. İndi üzündə dırnaqlarının şıram açdığı izdən əsər əlamət yox idi. Özü də ağlamırdı eləcə gülürdü. Yerdən qalxıb üstümün tozunu təmizləyəndə ayaqlarımın altında əzilmiş yaşıl otların üstünə bir neçə qan damcıları gördüm. Yəqin bayaq yıxılanda əlimdəki ağ göyərçin yerə zərblə dəyib dimdiyini əzmibmiş…Qəribə idi…”  Pəncərədən gözümü oyan günəşin yuxulu şüaları təhlükəli günü geridə buraxıb, sağ-salamat palataya gətirildiyimi müjdələyirdi. Kirpiklərimi bir-birinə çırpıb, gözlərimi açdım. Palatada özümlə bərabər bir çarpayıdan başqa heç nə gözümə görünmədi. Digər iki əsgər yoldaşlarım tam sağalaraq evə yazılmışdılar. Bəs anam, atam, bacım hanı? Ən son onları burada qoyub qalxmışdım reanimasiyaya. Qarşı tərəfdəki çarpayının ortasında bardaş qurub oturmuş əsgər ağzını marçıldada-marçıldada banan yeyirdi. Əsgər ona baxdığımı görüb, bananla doldurduğu ordlarını əlləri ilə gizləməyə çalışıb, çarpayıdan hoppanıb düz qarşımda dikildi. Tələsik ordlarında dəyirman daşı kimi fırladığı bananı udub, üzümə gülümsədi. Əsgərin bu hərəkəti mənə, onun sücayət göstərərək müşkül bir işi qəhrəmancasına tamamlayıb, yaxasına kiminsə medal taxmağını intizarla gözləməyini xatırlatdı.

–Sabahın xeyir, Alıyev! Maşallah mışıl-mışıl yatmışdın.

–Sabahın xeyir, Bədəlov. Bəs anamgil hanı?

–Rəhmətliyin nəvəsi, bu vaxta ana-ata qalar. Onlar üç gündür ki, hər səhər reanimasiyaya səni görəmək niyyəti ilə qalxırlar sonra bikef geri qayıdıb, bax orada – uzun qara şəhadət barmağını pəncərəyə uzadaraq oradan aydıca görünən, şam ağacları ilə əhatələnmiş yaşıl damlı, yanları qara rənglə boyanmış dəmir məhəccərli söhbət guşəsinə işarə edərək – otururlar. Sakitcə bir-birilərinə baxıb, hava qaralanda gedirlər.

Cəld boynumu uzadıb, pəncərəyə boylansam da guşədə heç kəs yox idi. Bədəlov gözlərimdən oxumuşdu pəncərədən çevrilib, ona verəcəyim sualı. Odur ki, meyvə qabından banan götürüb, qabığını soya-soya çarpayımın ayaq tərəfində oturdu:

–Bəli, Alıyev! Düz üç gündür ki, sən reanimasiyada yatmısan. Həkimlər vəziyyətinin ağır olduğunu valideynlərindən gizlətsələr də tibb bacılarının pıç-pıçıları hər gün bizi narahat edirdi. Ağır bir dönəm keçirmisən”

Əllərimi düzləyib ovuclarımın içini alnıma çırpıb, hərəkətsiz qaldım. Dərin bir quyuda fikirə batdım. Az qalırdım boğulam Bədəlovun mənə uzatdığı soyulmuş banan məni bu quyudan dartıb çıxardı.

–Bu günə şükür – Bədəlov dişlərini ağartdı – Ətə-qana gəlmisən. Nəfəsalmanda düzəlib. Üstündən bir banan səfan olsun.

Bananı az qaldı burnumun dəliklərinə soxsun. Mən Bədəlovun sevgilə mənim üçün soyduğu banana əhəmiyyət verməyib, çarpayıdan qalxmaq istədim.

–Hop-hop! Əsgər Alıyev! Sənə belə cəld tərpənmək olmaz!

–Bədəlov, mənə təcili Gümüşü tap!

–Ay səni, qoçaq…

Bədəlov bu ikimənalı sözünün ardından xısın-xısın gülməyə başladı.

–Sən də yox də, Bədəlov! Mən təcili evlə danışmalıyam.

Bədəlovun sürəkli gülməsi mənim əsəbimi həlqəsindən çıxardı. Ağzımı doldurdum ki, küfür etməyə. Özü məni qabaqladı.

–Burda deyirlər ey, yatmısan fil qulağında dünyadan xəbərin yoxdur. Narahat olma sən palataya gətirliməmişdən öncə anan da atan da burda idilər. Polkovnikin qəbulunda. Çox keçmədi hər ikisi qəbuldan üzü gülər çıxdılar. Bilmirəm niyə, amma Bədəlov danışdıqca heyrətdən gözlərim böyüyürdü. Bədəlov isə sanki bu çıxışına üç gündür hazırlanırmış kimi bülbül kimi ötürdü. -O arada mən də palata yoldaşlarımızı dəhlizin sonunadək ötürməyə yola salırdım. Atanla anan elə sevinirdilər ki, heç məni də görmədilər yanımdan yel kimi ötüb pilləkənləri iki-iki düşürdülər. Bircə bunu eşidə bildim ki, anan deyirdi; “balama qara dolma bişirəcəm” – ehtimal nəzəriyyəsinə əsasən bu axşam palatamızda qonaqlıqdır.

Bədəlov həyəcanlı, ağzı köpüklənə-köpüklənə dil-qəfəsə qoymadan elə ötürdü ki, bu səhər burada baş verənləri aydınca gözlərimin önündə canlandırmışdım. Hələ onun “pilləkənləri iki-iki düşürdülər” cümləsi məni əməllicə güldürmüşdü.

O günü Bədəlovun nəql etdiyi “mutlu” hekayə bizim xəstəxana palatasında sonlandı. Yedik-içdik. Anam elə sevinirdi elə bil oğluna elçi getmişdi. Hələ atam. Sevincdən xəstəxanaya gələrkən əsasını evdə unutmuşdu. O günü ilk dəfə idi ki, ziyarətimə qardaşım da gəlmişdi. Sağ olsun hospitalın rəhbərliyi, müalicə aldığım “Pulmonologiya” şöbəsinin bütün həkim heyyəti, başda şöbə rəisi Polkovnik Poladzadə olmaqla. Xüsusi hörmət edirdilər valideynlərimə. Bəlkə də hospitalın tarixində bir ilk idi ki, mülki vətəndaşlar – valideynlərim on dörd gün boyunca hər gün səhər tezdən, günbatımınadək yanımda olurdular. Anam yatdığım palatanı elə nurlandırmışdı ki… Deyəsən ağrılı günlərimi geridə qoymuşdum. Polkovnik Poladzadənin apardığı savadlı müalicələr nəticəsində ciyərlərim yavaş-yavaş sözümə baxmağa başlamışdır. Günaşırı yan tərəfdəki ikimərtəbəli binaya – fizoterapiyaya gedirdim. Bunun effekti isə bu gün öz sağlam nəticəsini göstərirdi. Fizoda məni üzü üstə uzandırıb, kürəyimin hər iki payına – ciyərlərimin arxa divarlarının üstünə aparat bərkidirdilər ki, həmin aparatın ilbizin buynuzuna bənzər iki çıxıntılı qollarından vücuduma hopan istilik ağ ciyərimin sağ payının aşağı hissəsinə yığılmış suyu qurudurdu. Xəstəxanada yatdığım bir ay boyunca mənimlə bir palatada yatan əsgər Bədəlov sən demə şair imiş. Ara-sıra şeirlər yazardı, axşam şöbənin həkimləri evə gedəndən sonra növbətçi həkim və tibb bacıları da olmaqla palatamızda poeziya gecəsi qurulurdu. Bədəlov yazdıqlarını şövqlə oxuyurdu. Biz də həvəslə dinləyirdik. Hətta bəzən elə olurdu ki, qonşu şöbələrin də növbətçi həkimləri, tibb bacıları 47 nömrəli palataya axışıb gəlirdilər. Gecəyarısınadək Bədəlov ağzı köpüklənə-köpüklənə şeirlərini oxuyardı, mənsə hadisələri nəsrə çevirib, gündəliyimdə qeyd edərdim. Bir gecə də eşitdik ki, şöbəmizin tibb bacısı, baş gizir Cəbirə xanımın təyinatını ön cəbhəyə veriblər. Açığı həmin gecəni yuxuya fikirli təhvil verdim. Eləcə gözəgörünməyən varlığa dualar edirdim ki, Cəbirə xanıma cəbhədə xətər gəlməsin. Nə də olmasa düşmənlə burun-buruna xidmət edəcəkdi… Hospitalda bir neçə həftəm orta ağır olaraq, dəyişməyən koordinant üzrə stabil olaraq keçdi. Ayın axırı Polkovnikin dediyinə görə məni evə yazacaqdılar. Özü də düz on beş günlük məzuniyyətlə. Üzü yaza doğru irəliləyən günlərimizin birində göyün üzü azacıq boz, sıx buludlardan seyrəlmişdi. Lopa-lopa pərakəndə göy üzünə dağılmış buludların arasından mavi səma özünü biruzə verirdi. Artıq Polkovnikin məhdudlu vaxt icazəsinə əsasən, gün ərzində 30 dəqiqə hospitalın həyətinə düşüb, sərbəst gəzmək imkanım var idi. Mən anamla qol-boyun olub, həyətə düşdük. Şam ağaclarının əhatəsində vadidə oazisi xatırladan yaşıl damlı guşədə oturduq. Şirin-şirin söhbətlər etdik. Birdən şirin söhbətimizi acı bir qışqırıq fəryadı kəsdi. Biz cəld səs gələn tərəfə boylandıq. Biçarə bir ananın xəstəxananın giriş qapısında özünü götürüb yerə çırpmağı onu görənlərin ürəyini dağlayırdı. Anam cəld əlini kürəyimə salaraq, məni özünə tərəf sıxdı. O gün anladım ki, şəfa yalnız dərmanların ölçülüb-biçilən dozasında deyil. Bəzən ananın ovucunda sıxılan əl, atanın susaraq çarpayının ayaq ucunda dayanması ağrının adını dəyişməsə də, onunla yaşamağa güc verir. İnsanı ayaqda saxlayan şey hər zaman bədəninin qüvvəsi olmur; bəzən ona inanan bir cüt göz, bir isti ovuc, bir də evə qayıdacağına dair kiçik ümid kifayət edir. Ancaq insan öz dərdinin içində də olsa belə, başqasının fəryadı onun ürəyində bəlkə də unudulmayacaq epizodu buraxmağa qadir olur…

–Allah köməyi olsun. Deyəsən…

Həyəcanlı asta səslə pıçıldayan anamın cümləsinin davamını eşidə bilmədim. Dərin bir fikir məni o gecəyə apardı. Reanimasiyadakı göz qapaqlarımın sanki şəffaf bantla yanaqlarıma yapışdırıldığı gecəyə. Öz-özümlə içimdə danışmağa başladım. İndi anamın qolları arasında onun sinəsinə sıxılıb, bizdən bir az aralıda bir ananın yerdə sürünərək fəryad etməsinə dikilən gözlərim təzad içində ruhum o gecənin ağuşuna atılmışdı;

“Yoxsa, buna işarədir? Deyəsən gözəgörünməz məni əvvəlcədən agah edib bu səhnəni görməyi… Yox, əgər belə idisə, axı, orada mənim valideynlərim var idi. Burada isə tanımadığım bir ana fəryad edib, üz-gözünü cırırdı. Bəlkə də…Yox…” birdən kimsə məni sanki qucağına alıb, uzaqlara uçurdu. Diksindim. Anam başımı özünə tərəf çevirib, gözlərimi sinəsində gizləməyə çalışırdı. İstəmirdi daha artıq görəm. Amma mənim ən sonuncu gördüyüm, özünü götürüb yerə çırpan ananın fəryadı və mənim anamın isə o mənzərəyə baxıb: “Allah köməyi olsun. Deyəsən…” tamamlanmamış cümləsi idi. Ondan sonra nə baş verdiyini xatırlamadım. Birdə gördüm ki, təkərli xərəkdə üzünə ağ xəstəxana parçası çəkilmiş birini çıxış qapısında gözləyən tibb maşınına qaldırırlar. Yenə fikir məni qanadlarına alıb, apardı xidmət etdiyim “N” saylı hərbi hissəyə. O günə…

 

(Davamı var)

21.11.2026

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…