Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin hər tərəfi cənnətdir, elə doğma Azərbaycanım kimi. Bu ölkənin təbiətinin gözəlliyini görmək, tarixi keçmişi ilə tanış olmaq üçün qarış-qarış gəzmək lazımdır. Hər bölgəsinin öz şirin ləhcəsi, dadlı mətbəxi, gözəl təbiəti, gəzməli-görməli yerləri yetərincədir.
İzmir də başqa aləmdir: qədim tarixi ilə, qonaqpərvər insanları, cana yaxınlıqları, yayda qızmar günəşi, payızda bol yağışı, mülayim iqlimi, Egey dənizindən gələn ətri ilə. Buranı sevməmək olmaz. Tez-tez yağan yağışı belə dəniz kənarı ilə gəzintiyə çıxmaq eşqindən məhrum edə bilməz kimsəni – yağışın yağması belə bambaşqadır.
***
Ölkənin üçüncü ən böyük şəhəri İzmir: müasir və qaynar həyatı, inkişaf etmiş turizmi, zəngin tarixi, turistləri özünə cəlb edən gözəl şəhər. Saatlarla dolaşdığım, gəzdiyim və artıq geri dönüşü düşünə bilmədiyim şəhər – bu qədər sevdim yəni.
Gəzmək demişkən, bu dəfə İzmirin Konakda yerləşən “Saat qülləsi”ndən danışaq. Zərif görünüşü ilə Konak Meydanının gözü olan “Saat Qülləsi” tam bir sənət əsəridir. 1901-ci ildə Osmanlının 34-cü sultanı II Sultan Əbdülhəmidin taxta gəlişinin 25 illiyi şərəfinə inşa edilib və alman imperatoru II Vilhelm tərəfindən hədiyyə edilib. Saat 33 metr yüksəklikdə yerləşir. Fransız memarı Raymond Çarlz Pere tərəfindən tikilmişdir.

Təsadüfi deyil ki, Safranboluda 2012-ci ildə “Zamanın tarixi saat qüllələri” sırasında İzmirin möhtəşəmliyi ilə seçilən “Saat qülləsi” də yer alır. “Saat qülləsi” İzmirdə tarixi məkanlardan olan Kəməraltı Çarşı bazarının çıxışında yerləşir. Mən deyərdim ki, İzmirin ən böyük bazarı da elə buradır. Bu barədə isə başqa bir zaman…
Sevda