Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsinə qoşulan Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi. Baş Prokurorluqdan Tezadlar.az-a göndərilən açıqlamada bildirilir:
“…Xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə, fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir. Azərbaycan Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir.
Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir…”