30 Dekabr 2025 / 11:44

«Başına döndüyümdən elə şey danışaram, ayağının altından yer qasar»

Bu sözlərin öz ünvanı var: kişinin gözünün ağı-qarası bir inəyi varmış. Bir gün inək oğurlanır… Kişi tez qaçır seyidin yanına ki, qurban olum, bir yekə dua yaz, isti izlərlə oğru cəzalansın, inək də qayıdıb gəlsin… Seyid pulunu alıb bir yekə dua yazır, deyir, kişi, apar, sal suya hər gün bir çay qaşığı iç, inək tezliklə qayıdıb gələcək, oğru da küllü-küf olacaq.

Kişi bir gün, iki gün… gözləyir, inək gəlmir. Gedir seyidin yanına ki, qurban olum, uşaqlar acından batıb-qırılır, evdə yeməyə heç nə yoxdur, mən də Allah adamıyam, hər gün dua edirəm, bəs nooldu, oğru tapılmadı?

Seyid deyir:

-Kişi, səbr elə, başına döndüyüm göydən baxır, hər şeyi görür, oğru qısa vaxtda cəzalanacaq, inək də qayıdıb öz ayağı ilə gələcək, haqq öz yerini tapacaq.

Kişi dözmür:

-Qurban olum, ay seyid, doğrudanmı başına döndüyüm hər şeyi görür?

Seyid:

-Kişi şəkk eləmə, sənə dedim ki, başına döndüyüm hər şeyi dəqiqliklə görür, sadəcə, bir az səbr etmək lazımdır…

Kişi:

-Cəddin göməyimiz olsun, ay seyid, incimə, bir söz deyim: yaxşı, başına döndüyüm hər şeyi belə görürsə, bəs bir həftədi mənim inəyimi niyə qaytarıb verdirmir, oğrunu da küllü-küf elətdirmir? Belə çıxır ki, başına döndüyüm oğruynan əlbirdi???

Seyid bərk əsəbləşir və deməyə başqa söz tapmır:

-Kişi, qulağını bəri gətir, heç kim eşitməsin: başına döndüyümdən elə şey danışaram, ayağının altından yer qaçar! Get başına özün bir çarə qıl…

Asif MƏRZİLİ

P.S.İnanclı insanlardan üzr istəyirəm, bu bir mətləbi-agahetmədir, yəni dinə qəti aidiyyəti yoxdur…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!