Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnstitut rəhbərliyi bu qadının ardıcıl olaraq 4 məhkəməni «Təzadlar» biabırçı şəkildə uduzmasından nəticə çıxarmalıdır ki…
…Bir dəfə dedik, bir də deyirik: Tarix və Etnologiya İnstitutunda tariximizə və elmimizə, institutun adına hörmətlə yanaşan yetərincə çoxlu alimlərimiz var. Onlar elmlə məşğuldurlar, intriqalardan, ona-buna ilişməkdən, iş yoldaşlarını təhqir edib şiddətli töhmət almaqdan… çox uzaqdırlar. Sağ olsunlar! Adam gərək iş yerinə və kollektivinə hörmət gətirsin, əksinə, iş yerinin olan-qalan hörmətini hörmətsiz etməsin!
***
Bəli, bu institutda Şəhla adında biri də var. Açıq deyirik, belə başa düşmək olar ki, direktor Kərim Şükürov da bu Şəhlanın öhdəsindən gələ bilmir. Şəhla dönüb olub bir sağalmaz xəstəliyə və yetənə yetir, yetməyənə bir daş atır. Amma rəhbərliyin əlində səlahiyyət var, Həmkarlar Təşkilatı var, İctimai Şura var, niyə kollektivi və institutu bu xəstəlikdən qurtarmırlar??? Görmüşük ki, qadın mərhəmətli və nəzakətli olar, ailəsi ilə məşğul olar, uşaqlarına, nəvələrinə nəsihət verər, Şəhlaya isə, əksinə, hamı məsləhət verir, amma o tərs yol tutub heç kimə qulaq asmır… Və bir müddətdir ilişib «Təzadlar»a. Bu qəzetə ilişənin isə xeyir tapdığını hələ görməmişik…
***
Şəhla iş yoldaşı Günel Aslanlının müsahibəsindən yapışıb bir gün qəzeti verdi məhkəməyə… İki ildir ki, bu adam institutdakı iş yerini döndərib məhkəmə iclasına. Rəhbərlik isə susur! Bəlkə də abrına qısılır, dinmimr, baş qoşmur. Bəlkə başqa səbəb var, onu da bilmirik… Amma onu dəqiq bilirik ki, baş qoşmayanda isə bu adamın əməllərinin səsi mətbuatdan, məhkəmə aktlarından gəlir. İnternet resurslarında «Tarix və Etnologiya İnstitutu» sözünü axtarışa verin, bu qadının məhkəmə davası çıxır… Yaxşı, direktor abırlı adamdı, dinmir, bunu qoyaq bir kənara, bəs bu kollektivə nə gəlib, niyə ona «dur» deyən yoxdur? Belə çıxır ki, kimlərəsə sərf edir?! Keçmiş direktor, Akademik Yaqub Mahmudov bu qadının əl-ayağını bir yığmışdı, iki dəfə töhmət və şiddətli töhmət verdi, çünki öz iş yoldaşını təhqir etmişdi… Günel Aslanlını təhqir etdi -Həmkarlarlar Təşkilatı Şəhlanı sıralarından qovdu… «Təzadlar»a ilişdi, 4 dəfə hakimin qəzəbli baxışları ilə məhkəmə zalından qovuldu, çıxarıldı(bu günkü kimi). Deyəsən, bu da Şəhlaya bəs eləmədi: o bu dəfə institutun ən nüfuzlu alimlərindən birini-xanım Akademiki təhqir etdi, xəbərdarlıq aldı, amma gərək institutdan qovulub məhkəməyə veriləydi!
Yaxşı, bu xanımı müdafiə və mühafizə edən nədir, nə səbəbdir? Bəlkə onu-bunu təhqir edir deyə hamı susmağa üstünlük verir?! Yox, susduqca bu qadın əl-ayaq açır, daha irəli gedir. Dünən iş yoldaşlarını təhqir edən, polisə, məhkəməyə düşən Şəhla sərt cəza almır deyə, daha irəli gedib, hətta Akademik xanımı təhqir edirsə və direktor isə, təəssüf ki, ona xəbərdarlıq edirsə, bu doğru iş deyil! Təhqir-Azərbaycan CM-də cinayət əməlidir və azadlıqdan məhrumetməyədək cəza sanksiyası var!
Amma unutmayın, cəzasızlıq olan yerdə belə də olmalıdır. Bu qadının bir gün rəhbərliyi də təhqir etdiyini eşitsəniz, onda qəti təəssüblənməyin!
***
Gəlirik mətləbə: Bakıxanov adına Tarix və Etnologiya İnstitunun işçisi sayılan (!) Şəhla Məmmədli (Rafiq qızı), “Təzadlar” Qəzeti Redaksiyasına qarşı «məhkəmə xərcləri tələbinə dair» təkrarən ərizə verərək məhkəmədən yeni qətnamə çıxarılmasını xahiş etmişdi. Bu gün-yanvarın 22-də Yasamal rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə iclas keçirildi və Şəhlaya rədd cavabı verildi. Ki, get institutdakı işinlə məşğul ol, bəsdi!
Aşağıda qəzetin hüquqi nümayəndəsinin çıxışını təqdim edirik, oxuyub özünüz nəticə çıxarın: «Hörmətli məhkəmə! Əvvəla, hazırkı iş üzrə Yasamal rayon Məhkəməsi (indiki hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə) bir il əvvəl -24.01.2025-ci il tarixdə İş № e-2(004)-167-/2025) saylı Qətnamə qəbul etmiş və məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi o məhkəmə Aktında mübahisələndirilməmiş və bu xərclər iddiaçının özünə aid edilmişdir.
İkincisi, Məmmədli Şəhla Rafiq qızı bundan əvvəl də 28 oktyabr 2025-ci il tarixdə eyni məzmunlu- “Məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, 1000 (bir min) manat hüquqi xidmətə dair çəkdiyi xərcin, 150 (bir yüz əlli) manat dövlət rüsumuna görə çəkdiyi xərcin, 440 (dörd yüz qırx) manat apellyasiya və kassasiya şikayətlərinin tərtib olunmasına görə vəkilə çəkdiyi xərc və sonuncu ödədiyi 36 (otuz altı) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.
Üçüncüsü, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, iddiaçı Məmmədli Şəhla Rafiq qızının cavabdeh “Təzadlar” Qəzeti Redaksiyasına qarşı “məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair həmin iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq iddia ərizəsinin qəbulundan imtina edilməsi, yəni rədd olunması barədə 07.11.2025-ci il tarixdə (İş № e-2(004)-6430/-2025) Qərardad qəbul etmişdir.
Dördüncüsü, bundan sonra Məmmədli Şəhla Rafiq qızı həmin qərardaddan həmin məhkəməyə şikayət vermişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsi (hakim Oruclu Aydan Adəm qızı) iddiaçı Məmmədli Şəhla Rafiq qızı tərəfindən məhkəmənin 07.11.2025-ci il tarixli, 2(004)-6430/-2025 nömrəli qərardadından verdiyi şikayətinin təmin edilməməsi, yəni yenə də rədd olunması barədə 19.11.2025-ci il tarixli (İş № e-2(004)-6430/-2025) daha bir Qərardad qəbul etmişdir.
Beşincisi, iddiaçı Ş.Məmmədli həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Rüstəmli Məhəmməd Əli oğlu (sədrlik edən və məruzəçi), Qasımov Fərrux Hüseynağa oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə) 15.12.2025-ci il tarixdə (İş№2(103)-6621-/2025) iddiaçı Məmmədli Şəhla Rafiq qızının cavabdeh “Təzadlar” Qəzeti Redaksiyasına qarşı “məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07.11.2025-ci il tarixli, e-2(004)-6430/2025 nömrəli qərardadından verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07.11.2025-ci il tarixli, e-2(004)- 6430/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə yekun Qərardad qəbul etmişdir.
Altıncısı, Bakı şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (eləcə də bundan əvvəl Yasamal Rayon Məhkəməsi) şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab etmişdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Yəni, yenə də Şəhla Məmmədlinin ərizəsi rədd edilmişdir! Bakı Apellyasiya Məhkəməsinin Qərardadından sitat: «İş materiallarından görünür ki, iddiaçı Məmmədli Şəhla Rafiq qızının cavabdeh “Təzadlar” Qəzeti Redaksiyasına qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.01.2025-ci il tarixli, e-2(102)-167/2025 nömrəli qətnaməsi ilə onun iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı hazırki iddiada tələb etdiyi 1.000 manat hüquqi xidmətlər üçün ödədiyi məbləği də tələb etmiş, lakin həmin hissədə iddiası təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirsə də, onun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.05.2025-ci il tarixli, 2(103)-2576/2025 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilsə də, onun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2025-ci il tarixli, 2(102)-2536/-2025 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının sözügedən tələbinə məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmış və müvafiq məhkəmə aktları qəbul edilmişdir. İddiaçının sözügedən tələbinə məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmış və müvafiq məhkəmə aktları qəbul edilmişdir. İddiaçının apellyasiya və kassasiya şikayətləri təmin edilmədiyi üçün, həmin şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumları və vəkilin xidmətlərinə görə xərclər isə mülki-prosessual qanunvericiliyin tələbləri baxımından onun özünə aid edilmişdir».
Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 15 dekabr 2025-ci il tarixli Qərardadı ilə bir daha iddiaçının sonradan «məhkəmə xərcləri tələbi»nə dair şikayətinin əsassız olması barədə yekun məhkəmə Aktı qəbul etmişdir. Və hazırkı iş üzrə Yasamal rayon Məhkəməsi (bu gün işə baxan hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə) İş № e-2(004)-167-/2025) 24.01.2025-ci il tarixdə Qətnamə qəbul etmiş və məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi mübahisə predmeti olmamış və iddiaçının özünə aid edilmişdir. Ümumiyyətlə isə, bu şikayətdə adicə bir hüquqi məntiq də yoxdur ki, iddiaçı hansısa bir firma ilə müqavilə bağlayıb vəkilə absurd məbləğdə xidmət haqqı ödəməsi barədə arayış alır, sonra bu absurd məbləği cavabdehdən tələb edir…».
Qəzetin hüquqi nümayəndəsi sonda məhkəmədən bu iddia ərizəsinin birdəfəlik rədd edilməsini xahiş etdi.
Məhkəmə müşavirəyə getdi və qayıdıb qərarını elan etdi: «Ş.Məmmədlinin iddiası təmin edilməsin!»
Yəni, tarixçilərin dili ilə desək, rədd edilsin!
Xatırladırıq ki, iclas bağlandı, Ş.Məmmədli hakimə etirazvari nəsə deyəndə hakim faktiki olaraq onu zaldan çıxardı ki, get!!!
Sonda isə qəzetin hüquqi nümayəndəsi hakimə bunu dedi: «…Mənim məhkəmənin vaxtının lazımsız yerə alınmasına heyfim gəlir… Şəhla Məmmədliyə pul lazımdırsa, deyin, gəlsin gedək redaksiyaya, o məbləği verək, sakitləşsin, getsin institutda bir işlə məşğul olsun, məhkəmə yollarından yığışsın…».
Yığışacaqmı???
«Təzadlar»