…Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı Vladimir Putinlə keçirdiyi görüşdə nümayiş etdirdiyi cəsarətli mövqe ictimaiyyətdə birmənalı qarşılanmamaqdadır.
Kreml qonağın bu cür hazırlıqlı və üsyankar ritorikada cavab verəcəyini gözləmirdi və bu, Putin üçün də sanki məyusluq doğurdu.
Rusiya rəhbərliyinin bəyanatlarında məkrli niyyətlərin gizləndiyi açıq-aşkar görünürdü. Vladimir Putin Ermənistanı Avropa İttifaqı ilə yaxınlaşmasına etiraz edərək İrəvana eyni anda iki fərqli iqtisadi blokda təmsil olunmasını qəbuledilməz adlandırdı. Bu, açıq şəkildə Ermənistanın daxili işlərinə qarışmaq, müstəqil qərarvermə siyasətinə müdaxilədir.
Moskva, həmçinin Ermənistandakı rus klanının və icmasının maraqlarının müdafiəçisi kimi öz şərtlərini diqtə etdirməyə çalışaraq sanki bölgənin sahibi kimi davrandı. Paşinyana seçkilərdə Rusiyayönümlü partiyaların, siyasətçilərin rus pasporu olmasına görə, onlara şərait yaratmaq üslubu açıq təzyiq sayıla bilər. Dolayı yolla, bu, “Kremlin fikirlərini nəzərə alın” mesajıdır.
Rusiya tərəfi qaşınmayan yerdən qan çıxarmağa çalışmaqla, bölgəsəl inkişafa və birgə quruculuğa sanki mane olmaq xislətini biruzə verir. Bu, həm də Cənubi Qafqazda təsir gücünü və nüfuzunu itirən Rusiyanın yenə də özünü bölgənin sahibi kimi aparmaq niyyətindən xəbər verir.
Moskva görüşündə “Qarabağ hərəkatı” ifadəsinin ortaya atılması da əbəs yerə deyildi, bu mövzu məqsədli şəkildə Kreml tərəfindən Azərbaycan və Ermənistan arasında möhkəmlənən sülh və etimad quruculuğundan doğan qıcığın nəticəsidir. Ancaq Paşinyan “Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb, Qarabağ Azərbaycanın tərkib hissəsidir” fikri ilə Putini bir daha gerçəklik və fakt qarşısında aciz qoydu. Bu, Rusiyanın ali rəhbərliyinə “qərarı biz özümüz verirk” xəbərdarlığı kimi səciyyələndirilə bilər. Bir sözlə, Moskva “bəlkə də qaytardılar”xülyasına qapılmaqdansa, hazırda Cənubi Qafqazda dünya güclərinin artan maraq kəsişməsində özünə yer axtarmalı, nəqliyyat və logistika layihələrinə qoşulmaq barədə düşünməlidir. Əks halda, bu cür “provakasiyalar” Rusiyanı regiondan tamamilə uzaqlaşdıracaq, olan etibarı da tamamilə itəcək…
Vaqif ABDULLAYEV,
Professor