…Bu gün “Artilleriya Allahı”, hərbi nazir müavinimiz Əliağa Şıxlinskinin doğum günüdür. Əliağa Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub.
O, Rusiya və onun xaricində müxtəlif ordenlərlə mükafatlandırılan zabitlərimizdəndir. Əliağa Şıxlinski Fransada generallara verilən “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilən yeganə azərbaycanlıdır. O, həm də hərb elmində iz qoymuş şəxsdir. O, hərbi mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı” təliminin müəllifidir. Bu təlimdən, Rusiya, Fransa, Avstriya, Norveç, İsveçrə və digər qabaqcıl ölkələrin artilleriya məktəblərində zamanında dərslik kimi istifadə olunurdu.
Ə.Şıxlinski Azərbaycan hərb tarixində ilk və yeganə “Xatirəlrim” adlı hərbi memuarın müəllifidir. Maraqlıdır ki, uzun illər – 1879-cu ildən 1917-ci ilədək Vətəndən uzaqda yaşamasına baxmayaraq ana dilini qoruyub saxlamış ilk olaraq Azərbaycanda hərbi lüğətin müəllifi olub. Bu lüğət kitabını 1926-cı ildə Bakıda “Rusca-türkcə qısa hərbi lüğəti”ni üç əlifbada – rus, ərəb və latın qrafikası ilə nəşr etdirə bilib. Daha sonra o, hərbi nizamnamələrin, həbi ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmasına da kömək edib.
Ə.Şıxılinski 1917-ci ilin noyabrınn 15-də Qafqaza qayıdanda ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmaqla Milli Azərbaycan Ordusunun təməlini qoymuş şəxsdir. Onun 1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində müstəsna rolu olub.
Haqqında yazsam bəzi qeydlərim təkrarçılıq olar. Lakin yazmaq istədiyim, yaza bilmədiyim həbsdə ona qarşı edilən erməni vəhşiliyidir. Bax, bu ürək dağlayıcı hadisədir. Ona görə də bu böyük insanın vəsiyyətnaməsini qeyd etməklə kifayətlənirəm. Bu vəsiyyətnamə belə onun böyüklük dərəcəsini göstərə bilir.
Fkirlərim qarışır..heç bilmirəm nə üçünsə birinin qoyub digərinə keçirəm…Hə, Əliağa Şıxlinski Gəncədə türklərlə birlikdə Azərbaycanın ilk hərbi korpusunu yaradan şəxsdir.. Əslində Bakını elə Nuru Paşa ilə Əliağa Şıxlinski azad ediblər. Başqa generallarımız olsa da, onlar türklərə qarşı vuruşduqlarından və həyat yoldaşları başqa millətdən olduqlarından türklər həmişə Əliağa Şıxlinski ilə iş görürdülər. Yəqin həyat yoldaşının azərbaycanlı olması nəzərə alınıb.
İndi isə generalın ürək titrədən vəsiyyətnaməsini sizlərə təqdim edirəm.
“Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel, qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nəğd pul məbləğini – həyatımın kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova (Bаhаdır bəy Мirzə Hüsеyn Əfəndi оğlu Qаyıbоv (1878-1949 Əliаğа Şıхlinskinin qаynıdır. Оnlаr həm də qоnşu оlmuşlаr) və onun arvadı Qayıbovaya (Vаrvаrа Qаyıbоvа dоktоr Bаhаdır bəyin аrvаdı) vəsiyyət edirəm.
Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm.
30 oktyabr 1933-cü il,
Bakı, Əliağa Şıxlinski”.
***
Biz mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla Əlizadə və texnik Sadıq Əlizadə şahidik ki, Əliağa Şıxlinski 30 oktyabr 1933-cü ildə bizim iştirakımızla vəsiyyətnaməni tərtib edib, imzalayarkən tam sağlam əqlə və yaddaşa malik idi. 1. Nəsrulla Əlizadə, 2. Sadıq Əlizadə.
Əziz Bahadır və Varya!
Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda mənim “əmlakım” mənim dəfnolunma və ən sadə qəbir daşı qoyulma xərclərinə belə bəs etməz, bu halda mənim vəsiyyətnaməm gülünc hal almış olar. Lakin ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın vəfatından sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək, onsuz yaşadığım günləri mənim üçün mümkün və dözümlü etdiyinizə görə, mənim sizə qarşı olan minnətdarlığımın həddi-hüdudu yoxdur.
Bu qəni minnətdarlığı mən özümlə qəbir evinə belə aparacağam. Sizin mənə qarşı mərhəmətinizə görə Allah sizdən razı olsun.
Sizi sevən
Əliağa Şıxlinski
Bakı, 30\X-1933-cü il
***
3.01.1938-ci il
Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə bilərdi.
Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu.
Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbir daşına kifayət edərsə, ona da Şükür. Heç bir ehsan və elan lazım deyil.
Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar.
Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın,
Əliağa Şıxlinski.
***
Son rica /xahiş/
• Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
• Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın.
• Qəzetdə elan verməyin.
• Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.
• Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.
• Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski – heç bir tarix lazım deyil.
Əliağa Şıxlinski
Bakı, 13.03.1942-ci il.
Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın.
Əliağa ŞIXLİNSKİ.”
Bu yazını burada bitirmək istərdim ki, onun Nigər xanıma olan böyük sevgisini xatırladım. Hətda deyim ki, Əli ağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi “Ey Sevdiyim Dilruba” şerinə Üzeyir Hacıbəyov “Ey sevdiyim,ey dilruba” şeirinin iki bəndinə romans da bəstələyib…Əliağa Şıxlinskinin Nigar xanıma sevgisi çox böyük olub və hətda belə deyib: məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz və ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”…
və elə də olur və onlar yanaşı uyuyurlar.
Ey Sevdiyim, ey dilruba
Ey sevdiyim, ey dilruba,
Səbrim qərarımsan mənim.
Səd mərhaba, səd mərhaba
Nə türfə yarımsan mənim.
Görən səni ey nazənin,
Deyər: pəh-pəh səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!
Gözəl zahirdə surətin,
Gözəl batin, təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum,arımsan mənim.
Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.
Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm.
Həm çox sədaqət eylərəm.
Çün sən Nigarımsan mənim.
Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu zarımsan mənim.
“Ana və onun əziz Nigarına”
Dənizin üstündə bir ulduz yandı,
Dalğalar vuruldu işartısına.
Oxudu, ağladı, qəmli dayandı,
Yalnız əzabları qalmışdı ona.
Kədərli qayalar, dumanlı sahil,
Gecənin qoynunda inləyirdilər.
Fikirli dayanıb onlar elə bil,
Qəmli dalğaları dinləyirdilər.
Fəryada dönmüşdü dənizin səsi,
Ulduzlar sularda yırğalanırdı.
Tənha məhəbbətin qəmli nəğməsi,
Qaya qulaqlarda sırğalanırdı.
O uzaq göylərin dərinliyində,
Sözlü dodaq kimi səyridi ulduz.
Həsrət mənzilində, əzab dilində,
Sanki öz dərdini deyirdi ulduz.
O mavi göylərdən silinməyib iz,
Uzaq bir həsrətin ağrısı qalıb.
Kədərlə dinləyir göyləri dəniz,
Hıçqırır, inləyir, gözləri dolub.”
Baba Allahnəzərov,
Tədqiqatçı