28 Aprel 2026 / 12:09

SOS: Azərbaycanda nəsilvermə azalır

Tarixi məlumatlar üzrə ixtisaslaşmış tədqiqat platforması olan “Macrotrends”in məlumatlarına əsasən, Azərbaycanda 1950-ci ildən 2025-ci ilə qədər olan dövrdə fertillik əmsalının ən yüksək göstəricisi 1962-ci ildə qeydə alınıb. Həmin il fertillik (nəsilvermə) əmsalı 5,96 olub.

Tezadlar.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ekspert Sahib Məmmədov ednews-a açıqlamasında bildirib ki, Azərbaycanda fertillik əmsalının (nəsilvermə əmsalının) tərəddüdü davam edir.

Bu dövrdə ən aşağı göstəricilər isə 2021 və 2023-cü illərdə qeydə alınıb. Belə ki, 2021-ci ildə bu əmsal 1,52, 2023-cü ildə isə 1,55 təşkil edib. 2024-cü ildə nisbi artım müşahidə olunaraq göstərici 1,96-ya yüksəlsə də, 2025-ci ildə yenidən nisbi azalma qeydə alınıb. Belə ki, fertillik əmsalı 0,76% azalaraq 1,96 təşkil edib.

Sahib Məmmədov qeyd edir ki, fertillik əmsalında bu göstəricilərin davamlı olması halında, 2040-cı ildən sonra əhalinin yaş və cins tərkibində ciddi dəyişikliklər baş verəcək.

Dünya Bankı, BMT-nin Əhali Bölməsi, Eurostat və digər demoqrafik göstəriciləri hesablayan və təhlil edən qurumların məlumatları, həmçinin Dövlət Statistika Komitəsinin göstəriciləri də Macrotrends-in məlumatları ilə əsasən üst-üstə düşür və yalnız cüzi fərqlər müşahidə olunur.                                              

Sahib Məmmədov bildirir ki, fertillik göstəricilərinin azalması qlobal trend olsa da, bəzi lokal amillər də mövcuddur. Ölkənin demoqrafik göstəricilərinə mənfi təsir göstərən əsas amillərdən biri əhalinin cins tərkibinin tədricən dəyişməsidir. Bu isə selektiv abortlarla bağlı problemdən qaynaqlanır.

Hamiləliyin süni şəkildə pozulması hallarının əsas səbəbi ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi ilə əlaqədardır. Bunun nəticəsi olaraq Azərbaycanda doğulan oğlanların say nisbəti bioloji normadan (yeni doğulmuş hər 100 qıza 105–107 oğlan) xeyli artıqdır.

Sahib Məmmədov qeyd edir ki, uzunmüddətli perspektivdə qohum evliliklərinin qadağan edilməsi (əslində bu zəruri idi) və nikah yaşının 17-dən yuxarı məhdudlaşdırılması da fertillik əmsalının azalmasına dolayı təsir göstərəcək.

Bir qadına düşən doğuşların dinamikası — fertillik əmsalı (istinad: Macrotrends).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!