Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqlarda alınan son cavabın ekspertlər tərəfindən nəzərdən keçirildiyini bildirib və əlavə edib ki, Tehran danışıqlarda yalnız “hərbi əməliyyatların dayandırılması” məsələsini müzakirə edib.
Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Bəqayi bu sözləri Tehranda Xarici İşlər Nazirliyinin binasında keçirilən həftəlik mətbuat konfransında regional hadisələri şərh edərkən deyib.
Pakistanın vasitəçiliyi ilə ABŞ ilə mesaj mübadiləsi şəklində diplomatik əlaqələrin davam etdiyini bildirən Bəqayi deyib: “ABŞ tərəfindən gələn son cavab hazırda ekspert qiymətləndirməsindədir. Bu proses başa çatdıqdan sonra İranın son fikirləri müvafiq diplomatik kanallar vasitəsilə çatdırılacaq”.
ABŞ-dan gələn son cavabın məzmunu barədə ətraflı məlumat vermədən Bəqayi danışıqlarda nüvə zənginləşdirilməsinin gündəmdə olması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Bəqayi bildirib ki, “Mediada nüvə zənginləşdirilməsi ilə bağlı yayılan iddialar fərziyyədir. Bu mərhələdə müharibənin tamamilə dayandırılması və bitməsindən başqa bir şey müzakirə etmirik”.
“Diplomatik prosesdəki çıxılmaz vəziyyətin səbəbi ABŞ-dır”
Bəqayi diplomatik proseslərdəki çıxılmaz vəziyyətin əsas səbəbinin ABŞ-ın dağıdıcı siyasəti və razılaşmaları daim pozması olduğunu söyləyərək əlavə edib: “ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli şəkildə çıxması və son iki illik danışıqlar zamanı baş verən hərbi müdaxilələr və hücumlar Vaşinqtonun diplomatik yanaşmasının açıq göstəricisidir.”
Bəqayi bildirib ki, hazırkı ABŞ administrasiyası ilə heç bir diplomatik proses nəticə verməyib, çünki qarşı tərəfdə səmimi iradə yoxdur.
Hörmüz boğazındakı vəziyyətlə bağlı Bəqayi deyib: “Biz və Oman Hörmüz boğazının sahil dövlətləriyik. Təhlükəsiz dəniz nəqliyyatını təmin etmək üçün konkret bir protokol və mexanizm yaratmalıyıq.”
Bəqayi İran və Oman arasında bu məsələ ilə bağlı müzakirələrin yaxın günlərdə davam edəcəyinin gözlənildiyini bildirib və əlavə edib ki, “Məsələnin hüquqi aspektləri və növbəti addımın nə olacağı hər iki tərəflə əlaqələndirilərək və müvafiq beynəlxalq qurumlarla məsləhətləşmələr aparılaraq müzakirə edilib.”
E.ŞİRİNOV