6 May 2026 / 14:41

Bu dəfə tanınmış jurnalist keyfiyyətsiz mebelinə görə “Embavood” şirkətini məhkəməyə verir

Bəri başdan bildirmək istəyirəm ki, mənim “Embavood” şirkəti ilə hər hansı qəsdi-qərəzim yoxdur. Əksinə, uzun illərdir bu şirkətin müştərisi olmuşam. Həm öz evimiz, həm də qohumlarım üçün Masallıdan başlayaraq Bakıda fəaliyyət göstərən mağazalarının əksəriyyətindən dəfələrlə mebel almışıq. Bu gün də evimizdə istifadə olunan bütün mebellər də məhz “Embavood”a məxsusdur.
Lakin bu ilin yanvarın 2-də “İnşaatçılar” metrosu yaxınlığında yerləşən şirkətə məxsus mağazadan giriş dolabı və mətbəx mebeli sifariş etdim. Sifariş üzrə kredit “Embafinans” vasitəsilə onlayn rəsmiləşdirildi, lakin müqaviləni müəyyən səbəblərdən gec imzaladım.
Mebel quraşdırıldıqdan sonra məlum oldu ki, xüsusilə mətbəx mebeli ciddi şəkildə keyfiyyətsiz hazırlanıb, eyni zamanda, quraşdırma işləri də lazımi səviyyədə həyata keçirilməyib. Bununla bağlı dəfələrlə sifarişi rəsmiləşdirən əməkdaşa müraciət etsəm də, problem həll olunmmış qalır.
Bunu “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri, jurnalist Xanoğlan Əhmədov sosial media hesabında bildirib.
“Daha sonra bank tərəfindən müqavilənin imzalanması ilə bağlı mənə zəng edildikdə, mövcud problemlər barədə məlumat verdim və mənə kömək ediləcəyi bildirildi. Həqiqətən də ilkin olaraq ustalardan biri mənimlə əlaqə saxlayaraq qüsurların video görüntüsünü göndərməyimi xahiş etdi. Daha sonra başqa bir usta gəlib yerində baxış keçirsə də, bundan sonra məsələ ilə bağlı heç bir tədbir görülmədi.
Məsələnin həll olunmaması səbəbilə yenidən qaynar xəttə müraciət etdim. Uzun müddətdən sonra Seyran adlı əməkdaş mənimlə əlaqə saxladı və o da eyni şəkildə video material tələb etdi. Lakin bundan sonra da hər hansı real addım atılmadı. Əksinə, sonuncu dəfə “WhatsApp” vasitəsilə göndərilən səs mesajında əsassız olaraq məni günahlandıraraq guya mebelin istifadəçi tərəfindən ehtiyatsızlıq üzündən zədələndiyi iddia olundu.
Bu iddia tamamilə əsassızdır. Əgər aşağı hissədə hər hansı nəmişlik ehtimalı irəli sürülürsə, bəs yuxarı hissələrdəki qüsurlar, silikon işləmələrinin keyfiyyətsizliyi necə izah olunur? Məntiqsiz ittihamlarla məsuliyyətdən yayınmaq cəhdləri qəbuledilməzdir.
Qeyd etmək istəyirəm ki, mövcud qüsurların aradan qaldırılması böyük maliyyə vəsaiti tələb etmir. Lakin məsələni daha da ağırlaşdıran məqam, uzun illər müştərisi olduğum bir şirkətin bu cür laqeyd və hörmətsiz münasibət nümayiş etdirməsidir.
Ona görə də, qeyd olunan qüsurlar şirkət tərəfindən aradan qaldırılmağı təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam”, – deyə qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!