7 May 2026 / 13:50

Sahibkarlar QR ödənişə keçəcək – bankların xidmət haqqı tarifləri kəskin azalacaq

May ayının sonundan başlayaraq ödəniş qəbul edən əksər sahibkarlıq subyektləri əməliyyatları QR-la rahatlıqla həyata keçirə biləcəklər.

Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yeni ödəniş aləti sahibkarların bank xərclərini də azaldacaq: “Bu ilin əvvəlindən ölkədə QR ödənişlərin qəbul edilməsi infrastrukturu geniş miqyasda yayılır. Mayın sonu, maksimum iyun ayının sonuna kimi əksər sahibkarlıq subyektləri QR ödənişləri rahatlıqla qəbul edə biləcəklər. Bu da bankların xidmət haqqı tariflərinin kəskin azalmasını təmin edəcək. QR-la ödənişlər kartlarla deyil, Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilir. Həmin məbləğ anında ödəyicinin hesabından çıxılır, sahibkarın hesabına köçürülür. Burada da tariflər kəskin formada aşağıdır”.

T.Kazımov hesab edir ki, həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həm də hüquqi şəxslər banklarla birgə QR ödənişləri tətbiq etsələr, bu, “Visa” və “Mastercard” şirkətlərinin təklif etdiyi bank kartlarından asılılığı azaldacaq. Yeri gəlmişkən, AMB həmin şirkətlərdən tariflərin azaldılmasını tələb edib: “Visa” və “Mastercard”la tariflərin azaldılması istiqamətində müzakirələr aparırıq. Öz tərəfimizdən biz bunu sərt tələb edirik. Çünki son illərdə tariflərin kəskin artdığını müşahidə edirik. Qeyd edim ki, həm “Visa”, həm də “Mastercard” bizimlə tərəfdaşlıq edirlər. Növbəti həftələrdə onlar tariflərin azalsılması ilə bağlı öz təkliflərini verəcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!