8 May 2026 / 14:30

Bakını gözəl görmək istəyirəm, amma…-TANINMIŞ MÜTƏXƏSSİS TƏKLİF VERİR!

…Bu günlərdə Sumqayıt şəhərində oldum və şəhər məndə olduqca müsbət təəssürat yaratdı. Sumqayıtın geniş və rahat küçələri var. Bakı şəhərində olduğu kimi 18–20 və daha çox mərtəbəli binaların üstünlük təşkil etməməsi şəhər mühitinə xüsusi ahəng və rahatlıq qazandırır.
Lakin bu məqam bir sıra suallar da doğurur. Şəhərsalma sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlar — şəhərsalma komitələri, layihə institutları, “Azərdövlətlayihə”, elmi-tədqiqat institutları, Memarlıq İttifaqı, eləcə də respublikamızın tanınmış memar və tikinti mütəxəssisləri tərəfindən keçirilən çoxsaylı memarlıq və şəhərsalma tədbirlərinə baxmayaraq, bəzi problemlərin hələ də diqqətdən kənarda qalması təəssüf doğurur.
Mən özüm də hesab edirəm ki, cəmiyyət olaraq bu məsələlərə qarşı daha həssas yanaşmalı və fikir bildirməkdən çəkinməməliyik. Əgər insanın qələmi əlindən alınmayıbsa, demək ki, sözünü demək və mövqeyini bildirmək məsuliyyəti də qalır. Bu baxımdan, aidiyyəti qurumlara və dövlət rəhbərliyinə müraciət etmək, ən azı vicdan qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək deməkdir.
Bu gün bir çox məsul şəxslərin şəxsi emalatxanaları var. Əksər layihələrin və tikinti proseslərinin maliyyələşdirilməsi də məhz həmin çevrələr daxilində həyata keçirilir. Nəticədə, ictimai maraqlardan daha çox şəxsi qazanc prinsipi ön plana keçir. Bu vəziyyət bəzi hallarda digər sahələrdə, xüsusilə də dərman bazarında müşahidə olunan süni qiymət artımları ilə müqayisə edilə bilər.
Halbuki biz eyni torpaqda doğulmuş, eyni cəmiyyətin yetirdiyi insanlar olaraq daha böyük məsuliyyət hissi daşımalıyıq. Bu torpağın nemətlərindən istifadə etdiyimiz kimi, onun qarşısında mənəvi borcumuzun da fərqində olmalıyıq. Çünki son mənzildə hamımız eyni torpağa qovuşacağıq və həmin müqəddəs məkan qarşısında heç kimin üstünlüyü olmayacaq.
Şəhərsalma və tikinti məsələlərində də ciddi şəkildə düşünməyə ehtiyac var. Xüsusilə Bakı şəhərinin iqlim xüsusiyyətləri — yüksək temperatur, güclü Günəş radiasiyası, külək rejimi, aerodinamik xüsusiyyətləri və yüksək nisbi rütubəti nəzərə alınmadan çoxmərtəbəli yaşayış binalarının intensiv tikintisi gələcəkdə urbanistik və ekoloji problemlər yarada bilər. Rahat və sağlam şəhər mühiti yalnız hündür binalarla deyil, düzgün planlaşdırılmış memarlıq və insan amilinə əsaslanan yanaşma ilə formalaşır.
Mən öz həyatımda həm tənqid, həm də yüksək qiymətləndirmə görmüş bir insanam. Vaxtilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə bağlı fəaliyyətimə görə keçmiş SSRİ rəhbərliyi tərəfindən töhmət almış, eyni zamanda Ulu Öndər Heydər Əliyevdən ən yüksək mükafatı almışam: “Anasının südü Fəqan Əliyevə halal olsun”. Bundan sonra hər hansı titul və ya mükafat arxasınca getməyi özümə məqsəd seçməmişəm.
Bu gün cəmiyyət olaraq daha çox bahalı geyimlərə, dəbdəbəli avtomobillərə, evlərə və bağlara maraq göstəririk. Lakin mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi və ziyalılarımızı bəzən lazımi səviyyədə qiymətləndirmirik.
Bir zamanlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Niyazi, Arif Məlikov, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Səttar Bəhlulzadə və Tahir Salahov kimi görkəmli şəxsiyyətlər milli mədəniyyətimizin və incəsənətimizin simvoluna çevrilmişdilər. Niyə ekranlarda görmürəm görkəmli alimlərimizi, həkimlərimizi? Bu gün də həmin potensial mövcuddur. İstedadlı gənclərimiz, alimlərimiz, həkimlərimiz və sənət adamlarımız aramızda yaşayır, ali məktəblərdə təhsil alır və böyük zəhmətlə yetişirlər. Təəssüf ki, bəzən onları görmək, tanıtmaq və dəstəkləməkdə yetərincə həssas olmuruq.
Məsələn, televiziya ekranlarında təqdim olunan caz konsertlərinin bütövlüyünün qorunması, musiqi konsepsiyasının düzgün təqdim edilməsi və sənətkar əməyinə ehtiram göstərilməsi vacibdir.
Tarix boyu cəmiyyətlərin inkişafına mane olan əsas problemlərdən biri daxili çəkişmələr, qısqanclıq və mənəvi zəiflik olmuşdur. Bununla yanaşı, xalqımızın içərisində hər zaman qeyrətli, savadlı və vətənpərvər oğul və qızlar yetişmişdir. Lakin milli birlik və mənəvi məsuliyyət hissinin gücləndirilməsi bu gün də əsas ehtiyaclardan biri olaraq qalır.
Fəqan Əliyev, 
Texniki elmlər doktoru, professor
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!