Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(İstedadlı şair-publisist, qan qardaşım, ruhdaşım Şahmar Əkbəroğlunun əziz xatirəsinə)
…Əvvəlcədən deyim ki, çox istedadlı şair, insanlıq məhfumunun bütün məziyyətlərini özündə daşıyan, ziyalı zümrəsinin işıqlı nümayəndəsi, qan qardaşım Şahmar Əkbərzadə haqqında yazmaq mənim üçün həddən artıq çətindir. Çünki Şahmar Əkbərzadə heç kimə bənzəməyən, mayası nurla yoğrulmuş qeyri-adi bir insan idi. Odur ki, mən ona layiq söz tapmaqda çətinlik çəkirəm…
Şahmar sevdiyi, hörmət etdiyi hər kəsi özündən üstün bilərdi. Şahmar o şəxslə müqayisədə özünü ikinci planda görərdi. Bu da onun canına sirayət etmiş, qanına hopmuş insanlığından irəli gəlirdi!.. Şahmar dostlarını tərifləyərdi, amma özünün təriflənməsini istəməzdi, buna ehtiyac da duymazdı. Şahmar ədəbi cameədəki şöhrət düşgünü olan bəziləri kimi özünü gözə soxmağa çalışmazdı. Bu xislət ona tamamilə yad idi. Şahmar halal zəhmətinin bəhrəsindən başqa, heç kəsin əlinə göz dikməzdi… O, şəxsiyyətinə xələl gətirə biləcək yanlışlıqlardan uzaq olmağa çalışardı.
Şahmar cəmi-cümlətani 59 il yaşasa da, mənalı ömür sürdü, ədəbi aləmdə çox dəyərli bir irs qoyub getdi. Bu məqamda onun ömür yoluna nəzər salmaq yerinə düşər: …Bizim tanışlığımız 1956-57-ci illərdə Ağdam rayonunun “LENİN YOLU” qəzeti redaksiyasının nəzdində fəaliyyət göztərən şeir dərnəyində baş tutdu. Bu tanışlığımız bir müddət sonra dostluğa çevrildi.
Şahmar Ağdam rayonunun Çəmənli kəndində yaşayırdı. Dərnəyə hərdənbir gəlirdi. Hamı onun xətrini istəyirdi. O, gəlməyən günü elə bil dərnəkdə nəsə çatmırdı…
Şahmar özünə qarşı çox tələbkar idi. Bir dəfə dərnəyimizin rəhbəri, yazıçı-dramaturq Fikrət Hacıyev bəyənilən şeirləri qəzetin şənbə sayında çapa hazırlayanda, Şahmara dedi: – Oğlum, sən dərnək yoldaşlarına dəyərli tövsiyyələr verirsən: vəzndən, hecadan, əruzdan onlara dərs keçirsən, amma öz şeirlərini üzə çıxartmırsan ki, onları da səhifəyə qoyaq…
Şahmar dedi: – Fikrət müəllim, mənim çapa layiqli şeirim yoxdur. Hələ o barədə düşünmürəm də…
Fikrət müəllim dedi: – Şahmar, əzizim, sən düz yoldasan, sən bu təvazökarlığınla, bu sadəliyinlə çox qabağa gedəcəksən! Afərin sənə!..
O zaman Şahmara ilk xeyir-duanı dərnək rəhbərimiz Fikrət Hacıyev verdi.
Şahmar bazar günləri rayon mərkəzinə gələrdi. Lenin adına bağda çayxanada əyləşib, pürrəngi çay içə-içə, dirəkdə quraşdırılmış radioda Qədir Rüstəmovun özünə məxsus avazla oxuduğu “Sona bülbüllər”ə heyranlıqla qulaq asardıq. Söhbət zamanı isə şeriyyətdən, mütailə etdiyimiz bədii kitablardan ağızdolusu danışardıq. Ağdamda yaşadığımız dövrdə bizim görüşlərimizin sayı-hesabı yox idi.
Orta məktəbi əla qiymətlərlə bitirdik. Şahmar M.F.Axundov adına Pedaqoji İnstitutun Rus dili fakultəsinə, mən isə N.Nərimanov adına Tibb İnstitutunun Müalicə-Profilaktika fakultəsinə qəbul olunduq. Hər ikimiz institutu fərqlənmə ilə bitirdik. Şahmar rus dilini tədris etmək üçün təyinatını Ağdam rayonunun Çəmənli kəndinə aldı. Mən isə cərrah işləmək üçün, təyinatım üzrə Dəvəçi rayonuna göndərildim.
Şahmar Çəmənlidə işlədiyi müddətdə, yayda doğma kəndi Mərziliyə istirahətə gələn Geologiya-Mineralogiya elmləri doktoru, Dünya şöhrətli alim Xudu Məmmədovla dostluq münasibətləri yaratdı. Növbəti dəfə də görkəmli alim – Bakıdan onun görüşünə gələn iki dostuyla Şahmarı tanış etdi. Onların biri, hörmətli şairimiz Bəxtiyar Vahabzadə, diqəri isə məşhur cərrah, Tibb elmləri doktoru, professor Nurəddin Rzayev idi. Bu burliyin beşinci üzvü Ağdam rayonunun Həmkarlar Təşkilatının sədri Zeynal Məmmədov idi. Onları bir-birinə poeziya bağlayırdı. El arasında onları ulduzun beş güşəsi adlandırırdılar.

…Bir məclisdə nurani bir kişi Şahmara dedi: – Oğlum, özün gənc olsan da, dostların mənim kimi yaşlıdırlar. Şahmar dedi: – Əmican, adam dədələrlə dədələşir, gədələrlə gədələşir!.. Qoca dedi: – Düz deyirsən, oğlum!.. Afərin sənə!
Şahmarın o deyiminin əsası var. Bir dəfə onu cahillər məclisinə dəvət edirlər. Aparıcı Şahmarın adını unudub, onu iştirakçılara Şahlar adıyla təqdim edib. Bu zaman Şahmarın yanında əyləşən gənc ondan soruşub: – Sən aktyor Şahlarsan?..
Şahmar onun üstünə qışqırıb: – Mən nə Şahlaram, nə də aktyoram… Mən şair Şahmaram!! Gedin, o ikisi birində olanı gətirin!.. Bura mənlik deyil! – deyib, məclisi tərk edib.
…Şahmarın özünün əlahiddə yaddaşı vardı!.. Huşsuzlara, yaddaşsızlara quşlardan, heyvanlardan misal çəkərdi: Deyərdi ki, Zığ-zığ quşu bapbalaca bir quşdur; həmişə ovunu gizlədir. Qışda münasib bir yer tapmayanda, ovunu qarın altına qoyur. Qayıdıb gələndə, asanlıqla ovunu tapır. Şahmar sonra da o kəslərə fili misal gətirərdi: – Dünyanın ən böyük heyvanı olan fil bir dəfə gördüyü adamı 10 ildən sonra, görəndə tanıyırdı…
Şahmar bu cür effektli misallarla o kəslərin yaddaşında dönüş yaradırdı… Şahmar dağlarda, meşələrdə bitən çiçəkləri, gülləri vəsf etməklə bərabər, onların adlarını da bilirdi. Şahmar təməli güllərdən, çiçəklərdən qoyulan Xalq Təbabətinin təbliğatçısı idi. O, kəklikotunun otuzadək növü olduğunu müəyyən etmişdi…
Şahmar sözün əsl mənasında təbiət vurğunu idi!.. O, təbiəti sevənləri, özündən çox sevirdi, – desəm, yanılmaram.
Bir dəfə mənə dedi: – Qardaşım, gör şair dostum Məmməd İsmayıl təbiətə olan sevgisini ikicə sətirdə necə tərənnüm edib:
Gözəlliyi seyr edirəm, meşələrə yolum düşüb;
Budaq gördüm yaş torpaqda, sandım yerə qolum düşüb!..
Dedi: – Ramiz, mən təbiət haqqında hələ bu cür təsrli şeir yazmamışam.
Dedim: – Qardaşım, sadəlövlüyündən əl çəkmirsən də!..
***
Şahmar gözəl də natiq idi. O, konspektsiz-filansız, yorulmadan, saatlarla çıxış edirdi. Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun, Nurəddin Rzayevin əksər məclislərinin ya aparıcısı, ya da masabəyisi ancaq o, olardı! Şahmar canlı ensiklopediyaydı!.. Ondan hər məlumatı almaq mümkün idi.
…Şahmarla doğma yurdumuzun müxtəlif qütblərində işləməyimizə baxmayaraq, imkan tapan kimi, ya Ağdamda, ya da Bakıda görüşürdük. Amma ədəbi mühitə yaxın olmaq üçün, bu qərara gəldik ki, iş yerlərimizi Bakıya dəyişək. Çətinliklə də olsa, məqsədimizə çatdıq. Şahmar peşəsinə uyğun olmasa da, ədəbi yaradıcılığının xatirinə, o zaman sayılan qəzetlərdən biri olan “AZƏRBAYCAN GƏNCLƏRİ” redaksiyasında işlə təmin olundu. Qəzetin baş redaktoru Cəmil Əlibəyov Şahmarı səmimi qarşıladı, görəcəyi işin mahiyyətini ona açıqladı. Mən də Sahiyyə Nazirliyinin Sərəncamıyla M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər klinik xəstəxanasına cərrah təyin edildim.
…Bakıda işlədiyimiz dövrdə hər ikimiz ailəli idik. Şahmarın bir qızı, üç oğlu, mənim isə üç qızım, bir oğlum vardı.
Bakıya gələndən sonra, Şahmarın əlaqələri genişləndi, dostları çoxaldı. O, yaradıcılıqla ciddi məşğul olurdu. Qəzet, jurnal səhifələrində şeirləri, məqalələri görünməyə başladı, amma şeirlər kitabını dərc etdirmək haqqında bir qərara gəlmirdi.
Hələ Ağdamda olanda deyirdim: – Şahmar, tay-tuşlarımızın 1966-cı ildə “GƏNCLİK” nəşriyyatı ilk şeirlər kitabçasını dərc etməyi planlaşdırıb, bəlkə biz də o seriala qoşulaq.
Şahmar razılıq vermədiyinə görə, mən də fikrimi dəyişdim. Növbəti dəfə yenə də elə bir şans yarandı, Şahmar dedi: – Qağa, əvvəlcə sən çap olun. Söz verirəm ki, səndən də sonra, mən çap olunacağam. Şərtləşdik. Bilirdim ki, Şahmar sözünün sahibidir!..
***
1968-cı ildə “GƏNCLİK” nəşriyyatında mənim “FİDAN” adlı ilk şeirlər kitabçam çap olundu.
Axşam üstü xəstəxanaya gəlmişdim. Əməliyyatdan çıxmış ağır xəstəm vardı; ona baş çəkməliydim. Kabinetdəki telefonumuz dalbadal zəng çaldı. Dəstəyi qaldırdım. Düşündüm ki, xeyir ola, bu qədər kim zəng vurar?.. Dəstəyi qaldırıb dedim: – Alo!
Şahmarın səsi gəldi: – Can alo!, qardaşım!.. Üç gün bundan əvvəl, Tağının kitab mağazasında sənin “FİDAN” adlı şeirlər kitabını gördüm. Bundan da əlavə, “LENİN YOLU” qəzetində şair Şamil Namazın sənin kitabın haqqında böyük bir məqaləsini oxudum, çox sevindim. Səni ürəkdən təbrik edirəm! İlk şeirlər kitabın çıxıb, səsini də salmısan içinə.
Dedim: – Bu xasiyyət səndən mənə keçib… Əl içi boyda,cıpbılıca kitabcığım çap olunub, ona görə çırtıq çalıb, oynamalıyam ki?..
1979-cu ilin noyabr ayında Şahmarın da həmin “GƏNCLİK” nəşriyyatında “ANAMA LAYLA” adlı ilk şeirlər kitabı ərsəyə gəldi. Mən bu xəbəri etibarlı mənbələrdən eşitdim. Çox sevindim!.. Bütün kitab mağazalarını ələk-vələk elədim, onun kitabını tapmadım. Dedilər ki, satılıb qurtarıb. Ertəsi günü Şahmarın iş yerinə getdim. Qucaqlaşıb öpüşdük. Dedim: – Qardaşım, səni təbrik edirəm!.. Xəbər tutmuşam ki, şeirlər kitabın çap olunub. Axırı ki, şeytanın qıçını qırdın də!..
O, dedi: – Sənə söz vermişdim; yoxsa, bu tezliklə ilk şeirlər kitabımı çap etdirmək fikrim yox idi.
Dedim: – Ay qağa, kitabın qəhədə çıxıb, heç yanda tapmadım.
Şahmar dedi: – Birini sənə gətirərəm.
O, gedib “ANAMA LAYLA” kitabını gətirdi. Titul vərəqinə yazdığı avtoqrafı oxudum: “Qarabağımın şair oğlu, istedadı, şəxsiyyəti, təbibliyi ilə yaralarımıza məlhəm qoyan Ramizə – əziz qandaşıma Analara layla çalmaq istəyən Şahmar anası ölmüşdən kiçik nişanə”.
Müəllifcik: 18-02-80
“ANAMA LAYLA” kitabına “ÖN SÖZ” yazan ustad şairimiz Bəxtiyar Vahabzadə görün, Şahmar Əkbərzadə haqqında nə deyir: “O, heç vaxt özünü, öz imzasını təsdiq etdirməyə tələsmir. Həmişə çap adını tutmağa, yazdıqlarını nəşr etdirməyə utanır. Açığını deyim ki, qələm dostumun bu xasiyyəti məni sevindirir”.
Yeni il öncəsi V.İ.Lenin adına Pedaqoji institutda sevimli şairimiz Bəxtiyar Vahabzadəyə həsr olunmuş Poeziya axşamı təşkil edilmişdi. O, görüşə istedadlı gənc şair dostu Şahmar Əkbərzadə ilə gəlmişdi.
Bəxtiyar Vahabzadə əvvəlcə dinləyicilərə Şahmarı təqdim etdi; haqqında müfəssəl məlumat verdikdən sonra, onun “ANAMA LAYLA” ilk şeirlər kitabını tamaşaçılara nümayiş etdirdi; şeirləri haqqında dəyərli sözlər dedi. Sonra da Bəxtiyar Vahabzadə öz şeirlərilə çıxış etdi. Ustad şairimiz dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılandı.
Sonra da söz Şahmar Əkbərzadəyə verildi. O, ilk dəqiqələrdən alovlu çıxışıyla ürəkləri fəth etdi. Onun “Beş xətt”, “Dirijor çubuğu”, “Papiros kötüyü”, “Pele”, “Kölgəm”, “Hay ver harayıma”, “Ayaqlar altında”, “Qaragül əmlik”, “Mərkəzi poçtxana”, “Kirpikdə od”, “48 ölçülü qadın paltarı”, “laçın dağlarına məktub” şeirləri tamaşaçıları ovsunladı… Onlar Şahmarı ayaq üstdə alqışladılar!.. Uğultu səsi salonu bürümüşdü…
Mən həmin gün o verilişi teleekranda seyr edirdim. Sevincimin həddi-hüdudu yox idi.
…Bir gün Zərdabda müstəntiq işləyən dostum Eminov Qabil xəstəxanaya mənə zəng vurdu. Salamlaşdıq. Bir-birimizdən hal-əhval tutduq. Dedi: – Vaxtın varsa, görüşək; sənə deyiləsi sözüm var…
Dedim: – Əzizim, vaxtım var, görüşək. Çox şad olaram!..
O, görüşə xidməti maşınında gəldi. Görüşdük. Cavid bağında çay süfrəsi arxasında əyləşib, söhbət etdik.
Qabil dedi: – Doktor, əvvəla biləsən ki, vəzifəmdə yenilik var. İşimi Zərdabdan Bakıya dəyişdilər. Hal-hazırda Respublika Baş prokurorunun – Cənab İlyas İsmayılovun köməkçisi vəzifəsində işləyirəm.
Dostumun əlini bərk-bərk sıxıb, onu təbrik etdim. Sonra, Qabil mənə bir əhvalat danışdı: – Keçən həftə məxvi bir işlə əlaqədar olaraq, Baş prokurorla Ağcabədi rayonuna getmişdik. İşimizi yekunlaşdırıb, Qonaq evinə yenicə qayıtmışdıq. Gördüm ki, Baş prokuror yenidən harasa getməyə hazırlaşır. O, mənim narahatçılığıma son qoymaq üçün dedi: – Eminov, sən dincəl, mən kitab mağazasına gedəcəyəm. Şahmar Əkbərzadə soylu çox istedadlı bir şairin “ANAMA LAYLA” adlı şeirlər kitabını axtarıram. Onun şeirlərini televizorda dinləmişəm. Bakinın kitab mağazalarında o kitabı tapmadım, düşünürəm ki, burada taparam…
Bu məqamda mən ona dedim: – Cənab Baş prokuror, Siz yorğunsunuz, dincəlin; ya mən gedib axtarım, ya da icazənizlə, o kitabı tapdırıb gətirdərik!..
Baş prokuror dedi: – Yox, yorğun da olsam, özüm gedəcəyəm! Xeyli vaxtdır o kitabı axtarıram. Şahmar Əkbərzadənin “ANAMA LAYLA” kitabı çəkdiyim zəhmətə dəyər!..
Havanın bürkülü olmasına məhəl qoymadan, Baş prokuror piyada düşdü yola.
Bir müddət keçəndən sonra, Cənab Baş prokuror əliboş qayıdıb gəldi. Qısaca dedi ki, o kitab burda da satılıb qurtarıb…
Baş prokuror kitab barəsində bir nəticə əldə edə bilmədiyinə görə, susqun idi…
Bu yerdə Qabil söhbətinin məcrasını mənə tərəf yönəltdi: – Əziz dostum, bilirəm ki, sənin həkimliklə yanaşı, şairliyin də var. Düşünürəm ki, sən o şairi tanımamış olmazsan… Odur ki, biz Bakıya qayıdan kimi, sənə zəng vurdum. İndi de, görüm o şairi tanıyırsanmı?
Dedim: – “Tanıyırsanmı?” da sözdü?! Şahmar Əkbərzadə mənim qan qardaşımdı! O, mənim döyünən ürəyimdi!.. Dur, gedək Xırdalana, Şahmargilə. Baş prokurorun arzusunu bugün yerinə yetirərik, İnşallah!..
Qabil sevincək ayağa qalxdı. Maşına yaxınlaşdı, sürücüyə dedi: – Xırdalana gedəcəyik.
Maşına əyləşdik. Şahmargilə gəldik. Bəxtimizdən nə yaxşı ki, Şahmar evdə idi. Onu Qabillə tanış etdim.
Şahmar məsələdən hali oldu. Gedib kitabını gətirdi, titul vərəqinə yazdı: “Xızır oğlu İlyasa anası ölmüş yetim Şahmardan yadigar”.
O, Qabilə dedi: – Kitabı verin Baş prokurora. Məndən də salam söyləyin.
Qabil xudahafisləşib, getdi. Mən qaldım.
…Bir müdətdən sonra, Qabil qayıdıb gəldi. Şahmar ondan soruşdu: – Nə baş verib?
Qabil dedi: – Baş prokuror avtoqrafı oxuyub, əsəbləşdi.
Dedi: – Mənim atamın adı Xızır deyil, axı. Bu nədir yazıb?..
Şahmar gülümsəyərək, dedi: – Əzizim Qabil, Baş prokurora çatdır ki, o yazıda söhbət hansısa Xızırdan getmir. Xızır Peyğəmbərin də oğlunun adı İlyas olduğundan, şeirə-sənətə dəyər verən İlyas prokuroru da rəmzi mənada Xızır Peyğəmbərin oğlu adlandırmışam!..

…Ertəsi günü Baş prokuror anlaşılmazlığa görə, Qabilin vasitəçiliyilə Şahmardan üzrxahlıq etdi.
…Bir gün “AZƏRBAYCAN GƏNCLƏRİ” qəzetinin redaksiyasında işin qaynayan vaxtı, Baş redaktor Cəmil Əlibəyovun “Hökümət telefonu”na zəng gəldi. Cəmil müəllim ehtiyatla qırmızı dəstəyi qaldırdı: – Alo! – dedi.
Qısa sükutdan sonra, səs gəldi: – Hər vaxtınız xeyirli olsun, Cəmil müəllim! Sizi narahat edən Respublika prokuroru İlyas İsmayılovdur!
Cəmil Əlibəyov udqundu, qulaqlarına inanmadı. Düşündü ki, görəsən nə baş verib?! Cəmil müəllim həlim səslə dilləndi: – Buyurun, cənab Baş prokuror.
Telefonun dəstəyində İlyas İsmayılovun yoğun səsi eşidildi: – Sizdə Şahmar Əkbərzadə işləyir?..
Cəmil Əlibəyov dedi: – Cənab Baş prokuror işləyir. Amma hal-hazırda makina otağında yazı yazdırır.
İlyas İsmayılov dedi: – Şahmar Əkbərzadə mənə lazımdır, zəhmət olmasa, onu telefona çağırın.
Cəmil müəllim yeyin addımlarla makinaçılar otağına getdi; Şahmara yaxınlaşıb, qulağına pıçıldadı: – Şahmar, nə baş verib? Respublikanın Baş prokuroru İlyas İsmayılov səni “Hökümət telefonu”nda gözləyir!..
Baş prokurorun zəngi zavallı Cəmil müəllimin dilini, dodağını təpitsə də, Şahmarın təmkinini poza bilmədi…
O, arxayınca Cəmil müəllimə dedi: – Siz qəti narahat olmayın, prokurorluq bir işim yoxdur. Əlimdə vacib yazım var, telefon gözləyər, amma yazım gözləmir, onu təcili çatdırmalıyam!.. Qəzetimiz çapa gedir. Vaxtım məhduddur!..
Cəmil müəllim əlacsız qalıb, kabinetinə qayıtdı. Sıxıla-sıxıla telefonun dəstəyini qaldırdı; qulağında Baş prokurorun hənirini hiss etdi. Səsini qısıb, astaca dedi: -Cənab prokuror, sən Allah bağışlayın, Şahmar makinada vacib, təxirəsalınmaz bir məqalə yazdırır, hal-hazırda gələ bilmir…
Baş prokuror amiranə tərzdə dedi: – Cəmil müəllim, ona dedinizmi ki, səni Azərbaycan Respublikasının Baş prokuroru İlyas İsmayılov telefonda gözləyir?!
– Dedim, – deyə, Cəmil müəllim cavab verdi.
Baş prokuror dedi: – Gedin, bir də deyin!.. Gəlməsə, ora gələcəm!!!
…Cəmil müəllim gedib Şahmara bu dəfə də dedi. Şahmar dedi: – Cəmil müəllim, təkrar edirəm, mənim prokurorluq bir işim yoxdur. Danışıq qaçmır ki, danışarıq də! Zəhmət çəkib, gözləsin!..
Cəmil müəllim Şahmarın dediklərini bir az yumşaq tərzdə Baş prokurora çatdırdı. Ondan daha cavab gəlmədi…
Cəmil müəllim dedi: – Şahmar, qorxmursan ki, bu hərəkətinə görə, qəzetimizi bağlayarlar, hamımızı da işdən çıxardarlar?!
Şahmar dedi: – Cəmil müəllim, qəti narahat olmayın. Zənn edirəm ki, Baş prokuror İlyas İsmayılov – o prokurorlardan deyil ki, günahımız olmaya-olmaya, qəzetimizi bağlatdırsın, bizi işsiz qoysun…
Cəmil Əlibəyov davam etdi: – Təki sən deyən olsun, Şahmar.
…Şahmarın telefona gəlməməyi Baş prokurora çöçün gəldi. Fikirləşdi: “Mən səlahiyyətim dövründə belə bir hadisəylə rastlaşmamışam… Gedim onunla tanış olum, görüm necə adamdı?!” (Onlar bir-birilə qiyabi tanış idilər, amma əyani tanış deyildilər).
Baş prokuror pay-piyada “AZƏRBAYCAN GƏNCLƏRİ” qəzetinin ünvanına gəldi. Dəmir pillələrlə güc-bəla ilə 9-cu mərtəbəyə qalxdı.
Cəmil müəllim onu səmimi qarşılayıb, kabinetinə dəvət etdi, tez gedib Şahmara dedi ki, Baş prokuror gəlib, səni gözləyir. Həm də ondan soruşdu ki, işi nə yerdədi?.. Şahmar dedi ki, beş dəqiqəlik işim qalıb, onu da yazdırıb, gəlirəm.
Nəhayət, Şahmar da işini yazdırıb gəldi. O, Baş prokurorla səmimi salamlaşıb, görüşdü.
Baş prokuror yarı ciddi-yarı zarafatyana, Şahmara dedi: – Şahmar bəy, sizə zəng çaldım, vacib işiniz olduğuna görə, makinadan ayrıla bilmədiniz!.. Baxmayaraq ki, medianın işi – Dövlət işidir, sizin yerinizə kim olsaydı, mənim zəngimə qaça-qaça gələrdi, amma siz gəlmədiniz… Lakin bütün bunlara baxmayaraq, mənim sizdən inciməyə zərrəcə haqqım yoxdur, çünki siz hökümət işini başqa işlərdən üstün tutursunuz!.. Kaş hamı sizin kimi olaydı!! Mən sizin şeirlərinizin vurğunuyam! Bugün də qətiyyətinizin, yenilməzliyinizin, Dövlətə sadiqliyinizin vurğuynu oldum!..
Ali qanun keşıkçisilə görüşdən sonra, Cəmil müəllimin qırışığı açılmışdı… Sevincinin həddi-hüdudu yox idi.
…Baş prokuror bu əsnada söhbətinin məcrasını başqa səmtə yönəltdi: – Əzizim Şahmar, bugün etdiyim zənglərin səbəbini demək istəyirəm. Sizin əldən-ələ gəzən “ANAMA LAYLA” şeirlər kitabınızı bəh-bəhlə oxuyandan sonra, bu qənaətə gəldim ki, Ədliyyə Nazirliyinin geniş salonunda ilk şeirlər kitabınızın təqdimatını keçirək və zəng etdim ki, bu tədbirlə əlaqədar olaraq, razılığınızı alım. Amma buna nail olmadım… Həmən məqsədlə də bura gəlmişəm. O ideyam yenə də qüvvədədir!.. Şahmar bəy, indi söz sizindir!
Nəzərlər Şahmara dikildi. Ancaq o, belə bir tədbirin keçirilməsinə tərəddüd etdi. Dedi: – Möhtərəm Baş prokuror, bu – gələcəyin işidir. Sağlıq olsun, onda fikirləşərik…
Baş prokurorun zəhmli baxışları altında Şahmar yumşaldı. O, prokurorun incikliyini hiss edib, razılaşdı və dedi ki, onda bir şərtim var: – Həmən tədbirə mənim sevimli müəllimim, görkəmli şairimiz Bəxtiyar Vahabzadə də dəvət olunsun.
Baş prokuror dedi: – Şahmar Əkbəroğlu, arxayın olun ki, o məclisdə Bəxtiyar Vahabzadə olacaq!..
***
…Bir istirahət günü Ədliyyə Nazirliyinin bayram əhval-ruhiyyəsiylə bəzədilmiş çil-çıraqlı salonunda istedadlı şair-publisist Şahmar Əkbərzadəyə həsr olunmuş Poeziya axşamının fonunda “ANAMA LAYLA” ilk şeirlər kitabının təqdimatı keçirildi. O gün musiqi sədaları altında keçirilən tədbirə bədii qiraət ustaları ilə bərabər, müğənnilər də rəng qatdılar. İki ecazkar şairin odlu-alovlu şeirləri təşnə ürəkləri duyğulandırdı, baxışlara sevinc bəxş etdi!..
O gündən iki ləyaqətli insanın – Şahmar Əkbərzadə ilə İlyas İsmayılovun dostluğunun təməli qoyuldu…
Ramiz MÖVSÜM