Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin növbəti uğurlu nümunələrindən birinə çevrildi. Dünyanın ən böyük şəhərsalma və urbanizasiya platformalarından biri hesab olunan forum paytaxt Bakını bir neçə gün ərzində qlobal müzakirələrin mərkəzinə çevirdi. Forum çərçivəsində davamlı şəhər inkişafı, təhlükəsiz və dayanıqlı yaşayış məkanları, müasir urbanizasiya və iqlim çağırışları kimi mühüm mövzular müzakirə edildi.
Tezadlar.az xəbər verir ki, rəsmi məlumatlara görə, WUF13-də 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Forumun yekun statistikasında isə iştirakçı sayı ilə Bakıdakı tədbirin ümumilikdə WUF tarixində ən yüksək göstəricilərdən biri olduğu bildirilib.
Xarici qonaqlar və beynəlxalq nümayəndələr forumun yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıblar. Onlar Bakının müasir infrastrukturu, təhlükəsizlik tədbirləri, logistikanın düzgün qurulması və qonaqpərvərlik mühitini yüksək qiymətləndiriblər. Bir çox iştirakçılar Azərbaycanın belə genişmiqyaslı beynəlxalq tədbiri peşəkar şəkildə təşkil etməsinin ölkənin artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu qeyd ediblər.
BMT baş katibinin müavini Amina Mohammed Bakını dünyanın ən qədim şəhərlərindən biri adlandıraraq bu kimi müzakirələr üçün uğurlu mərkəz hesab etdiyini qeyd edib.
“Bakıda – dünyanın ən qədim şəhərlərindən birində biz yenilənmə və dayanıqlığın şahidi olduq. Bakı bu həftə ərzində aparılan müzakirələr üçün xüsusilə uyğun bir məkan oldu. Çünki iqlim dəyişikliyi və urbanizasiya təzyiqi bütün dünyada daha tez-tez baş verir və genişmiqyaslı fəsadlara səbəb olur”.
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif, öz növbəsində, Prezident İlham Əliyevin dayanıqlı şəhərsalma sahəsindəki yanaşmasını olduqca yüksək qiymətləndirib.
“Prezident İlham Əliyevin Bakının və bütövlükdə Azərbaycanın transformasiyası ilə əlaqədar planları ölkəni, həqiqətən, müasir, mükəmməl formada bir-birinə bağlı infrastrukturlara malik məkana çevirməyə istiqamətlənib.
Mən burada, Bakıda olarkən özümü yad bir diyara gəlmiş kimi hiss etmirəm. Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub. Mən buraya – tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsini sərgiləyən Bakıya gəldim”.
Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello isə “Report”a müsahibəsində şəhər barədə təəssüratlarının yüksək olduğunu deyib.
“Şəhəriniz mənə çox xoş gəldi. Bakı mənə müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu gözəl bir şəhər kimi göründü – məhz belə bir təəssürat yaratdı. Çox maraqlı tarixiniz var. Azərbaycanın nisbətən gənc bir dövlət olmasına baxmayaraq, ölkə zəngin tarixi irsə malikdir.
Memarlıq, şəhər mühiti, görməli yerlər – bütün bunlar çox maraqlıdır. Həmçinin xoşuma gəldi ki, ölkə dünyaya açıqdır və tanınmağa çalışır. Bizim üçün (Kolumbiya – red.) Azərbaycan çox uzaq bir ölkə kimi görünür, lakin bu səfərdən sonra buraya ailəmlə birlikdə qayıtmaq istəyi yarandı. Əslində, məsafəyə baxmayaraq, mənə elə gəlir ki, ilk baxışda görünə biləcəyindən daha çox ortaq cəhətimiz var”.
Nazir müavini sıx tədbirlər cədvəlinə baxmayaraq, şəhəri gəzmək fürsətini də yaxaladığını əlavə edib.
“Qız Qalasını görmək, Xəzər dənizi boyunca Bulvarda gəzmək və Köhnə Şəhərdə gəzinti etmək mənə nəsib oldu. Əlbəttə, mən Bakının yalnız kiçik bir hissəsini gördüm, amma indi buraya mütləq yenidən qayıtmaq üçün ciddi bir səbəbim var”.
“Boston Consulting Group” qlobal konsaltinq şirkətinin nümayəndəsi Yekaterina Şapoçka da Bakını inkişaf və dayanıqlılıq şəhəri kimi qiymətləndirib.
“Bakı inkişaf və dəyişiklik sürətinə görə qlobal statistikada yüksək nəticə göstərir”.
Onun sözlərinə görə, “Boston Consulting Group”un hazırladığı 2014-2024-cü illərdə ən sürətlə dəyişən 20 şəhər” adlı tədqiqatına əsasən, Azərbaycanın paytaxtı dördüncü kvantildə qərarlaşıb:
“Xüsusilə yaşayış şəraiti baxımından, demək olar, Bakı üçün ən yüksək kvantildədir. Bu isə şəhərin uğurlu transformasiyasını göstərir”.
Əlbəttə, Bakı tarix boyu qonaqpərvərliyi ilə seçilən şəhərlərdən biri kimi tanınıb və şəhərə gələn hər bir qonaq burada səmimi münasibətlə qarşılanıb. WUF13 zamanı da xarici iştirakçılar bakılıların mehribanlığını, yardımsevərliyini və isti münasibətini xüsusi qeyd ediblər. Forum günlərində şəhərdə yaranan dostluq və qarşılıqlı hörmət mühiti tədbirin uğurlu atmosferinə əlavə töhfə verib.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero da məhz bu isti münasibətə diqqət çəkib.
“Dəstəyinizə və Azərbaycanda olmağımızın həqiqətən uğurlu bir təcrübəyə çevrilməsinə görə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinə şahid olduq”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası müşaviri Katja Şafer də, öz növbəsində, qonaqpərvərlik barədə təəssüratlarını bölüşüb.
“Bakı forum iştirakçılarını həm şəhərin inkişafı, həm də qonaqpərvərliyi ilə təsirləndirib. Xəzərin incisi olan Bakı bu gün dünyanı qəbul edir və ölkənizin inkişafını nümayiş etdirir. İnsanlar öz ölkələrinə buradakı isti münasibət və əldə etdikləri təcrübə ilə bağlı müsbət təəssüratlarla qayıdacaqlar”.
Cənubi Afrika Yerli İdarəetmə Assosiasiyasının Baş İcraçı Direktoru Mtobeli Kolisa şəhərdəki xoş münasibəti heyrətamiz adlandırıb.
“Bakı qonaqpərvərlik baxımından heyrətamiz bir iş ortaya qoyub. Dünyanın müxtəlif yerlərindən gələn nümayəndələr kimi biz burada özümüzü çox yaxşı qarşılanmış hiss edirik. Otellər yaxşıdır, nəqliyyat sistemi yüksək səviyyədədir. Bura ev sahibliyi üçün həqiqətən doğru məkandır. Biz əvvəllər COP tədbiri üçün də burada olmuşduq və Bakını o zaman da belə görmüşdük. Ona görə də bura gələrkən Bakının bunu yenidən bacaracağına çox əmin idik”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası müşaviri Katja Şafer də paytaxt sakinlərinin xoş rəftarını vurğulayıb.
“Bakı forum iştirakçılarını həm şəhərin inkişafı, həm də qonaqpərvərliyi ilə təsirləndirib. Xəzərin incisi olan Bakı bu gün dünyanı qəbul edir və ölkənizin inkişafını nümayiş etdirir. İnsanlar öz ölkələrinə buradakı isti münasibət və əldə etdikləri təcrübə ilə bağlı müsbət təəssüratlarla qayıdacaqlar”, – o əlavə edib.
Qeyd olunanlardan və beynəlxalq ictimaiyyətin fikirlərindən də göründüyü kimi, Bakı COP29 kimi WUF13 forumunu da yüksək peşəkarlıq və müasir təşkilatçılıq səviyyəsində həyata keçirib. Şəhərin inkişaf etmiş infrastrukturu, təhlükəsizlik tədbirləri və logistikanın düzgün koordinasiyası qonaqlar tərəfindən müsbət qiymətləndirilib. Xarici nümayəndələr də iştirak zamanı Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etmək bacarığını bir daha nümayiş etdirdiyini vurğulayıblar.
BMT baş katibinin müavini Amina Mohammed məhz bu yüksək təşkilatçılıqdan danışaraq Bakının mühüm qlobal platformalardan biri olduğunu qeyd edib.
“Liderlərimizin diqqətinin əhəmiyyətli hissəsini zəbt edən geosiyasi gərginliyi, təlatümləri və münaqişələri nəzərə alaraq, bu genişmiqyaslı uğuru qiymətləndirməmək olmaz. Bu forum Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı urbanizasiya və yaşayış məskənlərinin inkişafı üzrə niyə əsas qlobal platforma olaraq qaldığını bir daha nümayiş etdirdi”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın WUF13-də təşkilatçılığını və liderliyini təqdirəlayiq adlandırıb.
“Bu həftə ərzində nümayiş etdirilən yüksək qonaqpərvərlik, təşkilatçılıq və liderlik təqdirəlayiqdir. Həmçinin son günlər ərzində göstərdikləri enerji, fəallıq və ortaq qətiyyətə görə bütün iştirakçılara – hökumətlərə, şəhərlərə, tərəfdaşlara, ekspertlərə, vətəndaş cəmiyyətinə, gənclərə və icmalara təşəkkür edirəm. Bu sessiya bir daha göstərdi ki, WUF13 şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün həqiqətən qlobal bir platformadır”.
UN-Habitat-ın Azərbaycandakı proqramının rəhbəri Anna Suve isə deyib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iştirak və təşkilatçılıq miqyasına görə ən böyük urbanistik forumlardan birinə çevrilib.
“Urban Solutions Journal”ın jurnalisti Laura Puttkamer Bakıdakı forumun digərlərindən fərqləndiyini vurğulayıb.
Jurnalist qeyd edib ki, karyerası ərzində artıq dörd WUF forumunda işləyib, lakin Bakı sammiti öz atmosferi ilə müsbət mənada fərqlənir:
“Belə yüksək keyfiyyətli hazırlığa görə Bakının zəhmətini layiqincə giymətləndirmək lazımdır. Könüllülərin rolunu xüsusi vurğulamaq istəyirəm – onlar sadəcə möhtəşəmdirlər. Onların mehribanlığı və kömək etməyə səmimi şəkildə hazır olmaları hər bir nümayəndə üçün rahat mühit yaradır”.
L.Puttkamer həmçinin forumun rahat nəqliyyat əlçatanlığını və şəhərin həyat ritmini daha yaxşı hiss etmək imkanını qeyd edib:
“Əgər Qahirədəki əvvəlki forumda konfrans mərkəzi təcrid olunmuş və yaşayış məhəllələrindən uzaqda yerləşirdisə, Azərbaycan paytaxtında iştirakçılar metropolitendən asanlıqla istifadə edə və şəhər mühiti ilə aktiv şəkildə təmasda ola bilərlər”.
Şübhəsiz, WUF13 çərçivəsində Bakı müxtəlif ölkələrdən gələn insanları bir araya gətirən canlı və dinamik urban mühitə çevrildi. Forum günlərində şəhərdə beynəlxalq dialoq, innovativ ideyalar və multikultural ünsiyyət mühiti xüsusi hiss olunurdu. Bakının müasir memarlığı, ictimai məkanları və texnoloji infrastrukturu tədbirin urban atmosferini daha da zənginləşdirirdi.
BMT baş katibinin müavini Amina Mohammed isə Azərbaycanın çoxəsrlik ənənələrə hörmətinin şəhərlərin inkişafına müasir yanaşmaların təşviqi ilə birləşdirərək, urbanistika mövzusunu qlobal səviyyəyə çıxardığını bildirib.
“Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, çoxəsrlik ənənələrə ehtiram göstərməklə və eyni zamanda müasir dünyanın yeni çağırışlarına mütərəqqi yanaşmaları təşviq etməklə, urbanistika mövzusunu qlobal səviyyə çıxarıb”, – o qeyd edib.
“Urban Solutions Journal”ın jurnalisti Laura Puttkamer Bakıda yaradılan urbanistik mühitə diqqət çəkib.
“Urbanizm və təbiətin vəhdəti, xüsusən də Xəzər dənizinə yaxınlığı sayəsində Bakı onda güclü təəssürat yaradıb. O, mətbuat nümayəndələri üçün Xəzər sahilinə səfərlə bağlı tədbirdə iştirak etməyi planlaşdırdığını bildirib və şəhər inkişafını və ekoloji transformasiyanı anlamaq üçün bu cür təcrübənin vacibliyini qeyd edib”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası müşaviri Katja Şafer isə bildirib ki, Bakı urbanizasiya sahəsində dünyaya ilham verir.
“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iştirakçılar üçün urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində mühüm təcrübə platformasına çevrilib”.
Hindistanın “Housing & Urban Development Corporation Ltd.” şirkətinin idarəedici direktoru Sancay Kulşrestxa də bu konteksd fikirlərini bölüşərək deyib ki, Bakı planlaşdırılmasına görə ən yaxşı şəhərlərdən biridir: “Burada mənim gördüyüm ən yaxşı infrastrukturlardan biri mövcuddur”.
Beləliklə, 17-22 may tarixlərində Bakının yüksək təşkilatçılığı ilə keçirilən WUF13 çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunaraq nəticəyönümlü bir forum kimi yadda qaldı.
Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl zona” layihələri beynəlxalq birliyin xüsusi rəğbətini qazandı.
Prosesin yekunu kimi qəbul olunan “Bakı Fəaliyyətə Çağırış” sənədi kollektiv, birgə hazırlanmış, ədalətli və inklüziv bir prosesin nəticəsidir.
Sözügedən sənəd idarəetmənin müxtəlif sektorları və səviyyələri üzrə maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, qadınlar, yaşlılar, uşaqlar və gənclər, yerli xalqlar, mütəxəssislər, akademik dairələr, tədqiqatçılar, yerli və regional hakimiyyət orqanları, əlilliyi olan şəxslər, parlament üzvləri, özəl sektor və mənzil təminatı dəyər zəncirində çalışan digər iştirakçıların müxtəlif töhfələrini özündə ehtiva edir.
Bu sənəd Ümumdünya Şəhərsalma Forumundan əvvəl hərtərəfli maraqlı tərəflərlə aparılan kompleks məsləhətləşmələrin ilkin prosesi boyunca aylarla davam edən fəaliyyətin nəticəsidir. Biz bu irəliləyişi alqışlayır və ona sevinirik, bunu davamlılığı və hesabatlılığı təmin etmək üçün müntəzəm çoxtərəfli iştirak mexanizmini əsas götürərək əvvəlki və sonrakı məsləhətləşmələrlə birlikdə WUF dövrü ərzində standart təcrübə kimi qəbul olunmasına çağırış edirik.
176 ölkədən 58 mindən çox iştirakçının qatıldığı və bu günə qədər keçirilən ən böyük WUF tədbirinə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə səmimi minnətdarlığımızı bildiririk. Tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı, yüzdən çox nazir, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və yüksək səviyyəli bir neçə rəsmi şəxs Liderlər Sammitində iştirak edib. WUF13-ün yeniliklərinə Bakı Şəhərsalma Mükafatı, Biznes və İnnovasiya Mərkəzi, WUF Akademiyası kampusu və Təcrübə Mərkəzi daxildir.