28 May 2026 / 10:05

İran ABŞ hava bazasına qarşı qisas əməliyyatı həyata keçirib

İran İnqilab Keşikçiləri Korpusu Bəndər Abbasdakı hücuma cavab olaraq bölgədəki ABŞ hava bazasını hədəf aldığını, Küveyt isə raket və pilotsuz təyyarə hücumlarına məruz qaldığını açıqlayıb.

Tezadlar.az-ın məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusu yazılı açıqlamada bildirib ki, bu gün səhər saatlarında Bəndər Abbas hava limanı yaxınlığında ABŞ-ın hava hücumundan sonra hücumun mənbəyi olan ABŞ hava bazasına zərbə endirilib.

Bəyanatda deyilir: “Bu cavab düşmənə ciddi bir xəbərdarlıqdır ki, onun təcavüzü cavabsız qalmayacaq və təkrarlanarsa, cavabımız daha da qətiyyətli olacaq. Təcavüzkar hücumun nəticələrinə görə məsuliyyət daşıyır.”

Hədəfdə olan ABŞ hava bazasının olduğu ölkə göstərilməsə də, bölgədə ABŞ hava bazasına ev sahibliyi edən ölkələrdən biri olan Küveyt raket və pilotsuz təyyarə hücumları ilə üzləşdiyini açıqlayıb.

Küveyt hərbi bəyanatında hədəfin yeri göstərilməyib

İran dövlət televiziyası bu səhər erkən saatlarda İranın cənubunda Bəndər Abbasın şərqində üç partlayış səsi eşitdiyini bildirib.

ABŞ ordusu İranın cənubundakı bir hərbi əraziyə hava hücumu təşkil etdiyini açıqlayıb və bunun ABŞ qüvvələri və bölgədəki kommersiya dəniz nəqliyyatı üçün təhlükə yaratdığını iddia edib.

Küveytdə hava hücumundan müdafiə sistemi aktivləşdirilib

Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarını dəf etməyə çalışdığını açıqlayıb.

Küveyt ordusunun rəsmi sosial media hesabında yayımlanan açıqlamada hava hücumundan müdafiə sistemlərinin dron və raket hücumlarının qarşısını almaq üçün çalışdığı bildirilir.

Açıqlamada eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hücumların qarşısını alması səbəbindən yarandığı vurğulandı və vətəndaşlar təhlükəsizlik təlimatlarına əməl etməyə çağırılıb.

Açıqlamada hücumların mənbəyi və ya təbiəti barədə ətraflı məlumat verilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!