Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 16:46

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-27-Cİ HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-26-ci-hisse/

13 mart – Sənə bir əhvalat danışım:

– Keçmişdə bir padşah ölkəsinə fərman yayır ki, gedər-gəlməzə göndərmək üçün adam axtarır. Ölkə adamlarından bir səs çıxmır. Bir xeyli müddət keçəndən sonra görür ki, elçi daşının üstündə bir adam oturub. Şah sevinib adamı yanına çağırır:

– A kişi, nə istəyirsən, tələbin nədir?

– Padşah sağ olsun, gəlmişəm ki, bildirəm mən də gedər- gəlməzə gedə bilməyəcəm.

İndi sənə xəbər verim ki, kitaba sponsorluğa söz verən biznesmen telefonla bildirib ki, bağışla, xərci çəkə bilməyəcəm. Əlirza da əlində bir balaca suvenir kitabla gəlib ki, icazə ver sənin də belə bir kitabını çap edək. Mən icazə vermədim.

20 martAxşam rəssam Adil Rüstəmov bayramımızı təbrik etdi:

– Gülxanım bacı, mənə “Humay” mükafatını verəcəklər. Martın 28-də baxarsınız. Məmməd müəllimin əli yüngüldür, bu, artıq yeddinci mükafatdır ki, alıram. Mən radio, televiziyadan çox Məmməd müəllimi təbliğ edənlərdən biriyəm. Həmişə onun şeirlərini məclislərdə əzbərdən deyirəm və eşidənlər hamı bir ağızdan deyir ki, nə gözəl şeirlərdir. Bu dəfə də ondan bir bənd deyəcəyəm, vaxt olsa yolumu sizdən salacağam, Məmmədlə söhbətləşərik.

24 mart –  İlyas Tapdıq bizə düşdü. Başım çox qarışıq olduğuna görə söhbətlərinə dəqiq qulaq asa bilmədim. İlyas danışırdı:

– Mənim ilk şeirim atamın cəbhə məktublarına aid idi. Şeirim yaxşı sonluqla qurtarmışdı. Sonra ədəbiyyat müəlliməmiz şeiri oxuyub məni yanlış yola saldı. Dedi ki, belə yazsan yaxşı olar. Sonra müəlliməmiz bizə təklif etdi may bayramına şeir yazaq. Yazdım, sonralar həmin şeiri Bakıda Qabilə oxudum. Qabil özündən çıxdı, mənə möhkəm təpindi: “Bu nə şeirdir yazmısan, get öz yolunu tap”, – dedi. Amma həmin “şüarı” ədəbiyyat dərnəyində oxuyanda İsmayıl Şıxlı bəyəndi. Nasir olsa da, şeiri bir o qədər bilməsə də bəyəndi. Məmməd, onda sənin də “Yanın işıqlarım”  şeirin çıxmışdı.

İlyas bunu da əlavə etdi ki,  indinin özündə də, baxmayaraq belə Məmməd xəstədir, ona paxıllıq edənlər var. Mən bir-ikisinin cavabını verdim, onlar özlərini dahi hesab edirlər. Guyamış haqlarını hələ də ala bilməyiblər (adlarını da çəkdi. Məmmədin möhkəm tənbehinə görə adlarını yazmadım).

İlyasın sonrakı söhbətlərinə qulaq asa bilmədim. Ümumiyyətlə, bu nəslin çox maraqlı söhbətləri olur.

 

3 aprel – Əhməd Elbrus verilişdən sonra ona zəng edib sponsorluq etmək istəyənlərin saysız olduğunu, eyni zamanda onlardan birinin milyarder Həbib olduğunu söylədi.

– Vallah, mən o qədər yalan eşitmişəm ki, heç birinin vədinə inanmıram.

Sonra ironiya ilə Məmmədən soruşdum:

– Kişi, nə oldu görəsən, Elbrusa zəng edib sponsorluq etmək istəyənlərdən biri heç olmasa meydana çıxarmı görəsən?

– Millət  öz içindən özünə düşmən axtarmaqla məşğuldur, sponsorluq bu saat heç kimin yadına düşmür – cavab verdi Məmməd.

5 aprel – Tuncay səhər tezdən məni xəbərdar etdi:

– Nənə, sənə iki pis xəbər verəcəyəm, deməsəm olmaz.

– Nədi, mənim balam.

– Nənə, Türkeşi tanıyırsan da. O, əvvəl Almaniyaya, türklərin yandırıldığı şəhərə gedib. Oradan qayıdandan sonra bir neçə başqa yerə gedib, ürəyi partlayıb ölüb. Ikincisi lap pis. Sizin yaxın dostunuz Tofiq Mahmud bu gün səhər ölüb. Təzyiqi qalxıb, paralic olub, iki gün qalıb, sonra ölüb.

Məmmədə baxdım, o, nəyin isə yaxşı olmadığını anladı.

– Özünü ələ al, Məmməd, Tofiq Mahmud rəhmətə gedib.

– Necə ola bilər, axı onunla dünən görüşmüşdüm? Deyirdi ki, əmi, bu kitabına da redaktor olmaq istəyirəm. Eyni zamanda, məni 4-cü günə Yusif Əzimzadənin xatirə gecəsinə dəvət etmişdi.

– Yox, sən 4-cü gün işə getmədin axı. O da həmin gün evə qayıdanda huşunu itirib.

– Tofiqin qəh-qəh çəkib ürəkdən gülməyi vardı. Deyərdi, əmi, sənin xidmətində durmağımla fəxr edirəm. Təəssüf edirəm məni sevənlər bir-bir yoxa çıxır, təklənirəm.

7 aprel – Məmməd, Əhməd Elbrusa söz verən adamlar gör nə cür mahir yalançıdırlar ki, hamısına fırıldaq gələn adamı da aldada biliblər.

– İdris Zamanlı haqqında lətifəni eşitmisən?

– Yadımda deyil.

– İdrisin yalanlarını eşidən molla istəyir ki, İdrislə üzləşib onu yalanla məğlub etsin. Görüşürlər. İdris mollaya deyir ki, sən burda dayan, mən bu saat gəlirəm, deyişərik. Molla xeyli gözləyir, İdris gəlib çıxmır. Molladan soruşurlar ki, molla, xeyir ola, belə kimi gözləyirsən?

– İdris Zamanlını gözləyirəm, bu saat gəlirəm deyib gedəndir, hələ gəlib çıxmayıb – cavab verir molla.

Adamlar gülüşürlər:

– Molla, İdris səni aldadıb, aldanmaq bəs necə olar? İndi Elbrusa da yalandan vəd verib mollanı aldadan kimi aldadıblar.

14-15 aprel – Mətbəxi yığışdırmaqla məşğul idim. Məmməd soruşdu:

– Xəbərlərə baxdınmı?

– Yox.

– Sən də axmaq verilişlərə baxırsan, lazım olana baxmırsan. Qəzetləri tənqid ediblər ki, İsgəndərin müdafiəsinə qalxıblar. Nə olsun? Rusiyada Yeltsinin bütün siyasətini alt-üst edirlər, hökümət öz işini görür, prezident öz işini. Qəzetlər öz vətəndaşını müdafiə edir, bunun üçün kompaniya şəklində hücuma keçmək lazım deyildi, belə olan halda hansı demokratiyadan danışırlar görəsən?

Nizami adına muzeydən Nərmin adlı elmi işçi Məmmədin xaricdə çıxan kitabları, ümumiyyətlə xarici dildə nəyi vardırsa maraqlanırdı. Məndə olan materialları qaytarmaq şərtilə verdim. Həmin materiallar əsasında monoqrafiya yazacağını və bir də xaricdən gələn elmi yaradıcı adamlara göstərmək üçün müxtəlif şairlərə aid guşə hazırladıqlarını söylədi. O cümlədən də Məmmədə aid. Nərmin xanımı razı yola saldım.

– Gülxanım, bu gün işə yanıma Saleh bəy adlı bir nəfər gəlmişdi. “Ermənilik” adında bir kitab yazıb, ingilis, rus dillərində çap etdirib. Kitabda 1937-ci illərin hadisələrini əks etdirib. Onun yazı stilindən xoşum gəldi. “Ermənilik” kitabının ideyasını mən vermişdim. Onların ziyalıları həmişə ayıq olub və həmişə də xalqını başqasının torpağını işğal etməyə çağırıblar. Raffini, Silvanı oxumusan. İnanmıram ki, döyüşsüz Qarabağ kimi bir torpağı geri qaytarsınlar. Bu torpaq nə qədər hücumlara məruz qalıb.  Adlara bax, “Bağrı qan” – Nə qədər nakam məhəbbətlərə, əliqoynundalara xatirə yeri. “Topxana”, “Çaxmaq” – və s. hücum, müdafiə, döyüş, atışma… Xalqın tarixinə tuşlanan güllələr, tökülən nahaq qanlar, yandırılan əl yazmaları…

16 aprel – Məmmədə aid verilişlərin birinin çəkilişində iştirak edən Azad adlı cavan saat 6-da bizə gəldi. Azad gəlişinin məqsədini belə açıqladı:

– Məmməd müəllim, gələcək üçün haqqınızda film çəkib saxlamaq istəyirəm, sponsorlar var, sizin xətrinizi çox istəyirlər, ancaq maliyyə nazirliyindən çəkinirlər. Çünki biznesmenlərin də özlərinin fırıldaqları var. Həm də mən çəkib sonra ssenarini yazacağam. Ya da yazdıracağam.

Sonra bir xəbər çıxmadı…

23 aprel – Dərman almaq üçün aptekə gedəndə Qurbani ilə rastlaşdım:

– Ay Qurbani, nə oldu sən də vəfasızlar sırasına keçib Məmmədi yaddan çıxartdın?

– İnan, Gülxanım bacı, ev qayğılarından əlavə o qədər işim olur ki… Qurban bayramında Yaşar Aydəmirovun yanında idik. Bilirsən, nə ordu yaradıb, necə Azərbaycan ruhludur. Mənə yalvarır ki, Məmməd əmini gətir, əsgərlər onu görmək istəyirlər. Bir-iki  gecə qalsın, biz ona qulluq edək. Hər dəfə Murova gedəndə lövhənin qarşısında çıxış edirəm, radioda həmişə verirlər, qulaq asırsınızmı?

– Yəni lövhə vurulub?

– Çoxdan vurulub.

25 aprel – Məmmədin işdən qayıtması ilə Nərmin xanımın bizə gəlişi eyni vaxta düşdü. Apardığı kitabları da geri qaytarmışdı. Nərmin xanım bir istəyini də bizə bildirdi:

-Mən istəyirəm ki, Məmməd müəllimə aid bir guşə düzəldim, gələn xarici qonaqlara deyəm ki, bizim belə gözəl fəlsəfi şairimiz var. Bax, bunlar da onun xaricdə çıxan şeirləridir. Bir şəklini də versəniz yaxşı olar. Məmməd müəllimin şeirlərini mən yenidən oxudum, elə bil yeni bir dünya kəşf elədim, yoldaşlarıma söylədim, qulaq asın qızlar, gör Məmməd müəllim nə yazır:

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdir yazanım…

Onun “Dünya sənin, dünya mənim” şeirinin əlyazmasını da versəydiniz pis olmazdı.

Nərmin xanımla söhbətində  Məmməd ədəbiyyatımızın təbliğinin zəif olduğundan danışdı:

Bizdə qardaş xalqlar ədəbiyyatına  geniş yer verilir. Necə ki, biz Nizamini, Füzulini, Sabiri öyrənirik, eləcə də Puşkini, Lermontovu, Tolstoyu öyrənirik. Amma Nizamini, Füzulini, deyək ki,  Puşkin, Tolstoy  səviyyəsində öz içimizdə tanımayanlar da var,  ədəbiyyatımızı qaldıra, təbliğ edə bilmirik…Bir də onu qeyd edim ki, ruslar Puşkini təbliğ edirlərsə, onunla birlikdə Lermontov, Nekrasov, Tvardovski, Yevtuşenko və eyni zamanda, bütün cavanlar tədqiq olunur və öyrənilir. Bizdə isə əksinə…

   Tutalım, bizim günahımız öz ədəbiyyatımızı istənilən səviyyədə təbliğ edə bilməməyimizdirsə, asılı olduğumuz imperiyanın da günahı bundan az olmayıb. Dünya ədəbiyyatını öz milli ədəbiyyatı səviyyəsində də oxumamaq, bilməmək isə  məhdudluqdur.

Nərmin xanımın xahişini yerinə yetirəcəyimə söz verdim.

29 aprel –  Sumqayıtdakı görüşü təşkil edənlər – Sabir Sarvan, aparıcı İlham, Ağalar və Aşıq İlham gecənin necə təşkil olunacağından danışdılar.

Sabir məlumat verdi:

– Biz gecəyə elə şeirləri seçmişik ki, o, poeziyadır, yaradıcılığınızı hər tərəfli əhatə etməyə çalışmışıq.

Dilləndim:

– Məncə, “Kəlbəcər qaçqınları”, “Dilənçi qaçqın” şeirləri də oxunsa yaxşı olar.

İlham:

– Bilirsinizmi, o şeirlər zamanla səsləşən şeirlərdir. Ola bilsin qaçqın bu gün var, sabah yox. Qaçqın yoxdursa şeir də ölür. Biz Məmməd müəllimin kölgədə qalan şeirlərini verməyə çalışırıq. Görsünlər ki, poeziya nə deməkdir.

Ağalar bir neçə şeir söylədi, İlham da saz çalıb oxudu. Yılmaz da sakitcə qucağımda oturub sazın səsinə qulaq asırdı.

2 may – Cəfər qardaş Məmmədin görüşünə gəlmişdi, ürək dolusu həcc ziyarətindən danışır, yol boyu ərəb dili ilə paralel türk dilinin işləndiyini sevinclə qeyd edirdi. Məmməd özünün Sumqayıtdakı görüşünə görə narahat olduğunu bildirdi. Sonra kitabın çapı ilə maraqlandılar. Onlar getdilər.

Cəfər Sumqayıtdan bir də zəng edib telefonla bildirdi:

– Bacı, mən bu saat icra başçısının köməkçisinin yanından danışıram. İcra başçısına deyiblər ki, ssenarini siz yazmısınız.

– Yox, Cəfər qardaş, biz ssenari yazmamışıq, xəbərimiz yoxdur, amma Sabir Sarvan dedi ki, gecə Aybəniz Haşımovanın mahnı oxuması ilə açılacaq. Söz veriblər ki, hər iş yaxşı olacaq.

– Bacı, bunlar Sabir Sarvanı axtarıblar, tapmayıblar. Mən Şakir müəllimə dedim ki, qardaşım ömründə ssenari yazmayıb, bacım da elə. Qardaşıma de ki narahat olmasın.

Gecə saat 1-də Akif Mədətov zəng etdi:

– Ay Akif, xoş gəlmisiniz, bizə niyə düşmədiniz? Belə gec danışmaqda bir hadisə olmayıb ki?

– Müəllimə, bir həftədir ki, qanköçürmə xəstəxanasındayıq. Vəfanın vəziyyəti ağır idi. Qanında zəhərlənmə var. Evə təzəcə gəlib sizə zəng çalmışam. Bir de görüm, vəziyyətiniz necədir?

3 may – Məmməddə xasiyyətdir, çağırılan yer olanda vaxtından əvvəl hazırlaşar. Yenə də 5-in yarısında hazır dayanmışdı. Sumqayıt Mədəniyyət evinin qarşısında icra başçısı Məmmədi qarşılayıb içəri apardı. Çay süfrəsinin arxasında Cənublu qarmon çalan Rəhman,  bir nəfər də Almaniyada yaşayan ayrı cənublu, Piruz Dilənçi, Musa Yaqub və Söhrab oturmuşdu.

IMG
 

Salona daxil olanda gözə çarpan yerdə iri plakatda bu sözlər yazılmışdı:

“Azərbaycan ədəbiyyatında Məmməd Araz  poeziyası fövqəladə hadisədir…”

                                         Heydər Əliyev

Solda:

“Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim…”

                                         Məmməd Araz

Aparıcı İlham Abbasovun giriş sözündən sonra icra başçısı Şakir Abışov danışdı. Ağalar Bayramov və Azad Şükürov şeir oxudular. Musa və Söhrab Məmmədlə bağlı xatirələrini danışdılar. Cəfər ailə adından təşəkkürünü bildirdi.

7 may – Bacı, vaxtınız xeyir, axır ki, telefonunuzu tapa bildim, köhnə evinizdə axtardım, dedilər ki, köçüblər.

– Salam, kimdir bizi belə axtaran?

– Volodya Qafarovdur, Məmmədlə danışmaq olarmı?

– Təəssüf ki, evdə yoxdur, Volodya. Nömrənizi qoyun Məmməd gələndə özü sizə zəng edər.

– Mən idarədən zəng edirəm. Evə nə vaxt qayıdacağamı bilmirəm, bağda yaşayıram, bağda telefonum yoxdur. Məmməd gəzə bilirmi, nə vaxt evdə olar?

Volodya təkrar zəng etmədi.

8 may – Şəmkirdən oradakı görüşü əks etdirən qəzet göndərmişdilər. Qəzetdə Məmmədə həsr olunmuş şeir vardı. Müəllifi Fərman İbrahimovdur. İki bəndi xoşuma gəldi:

    Məmməd Araz düşüncəsi, duyğusu,

Nizamlayıb neçə min söz ordusu.

 Söz dünyası qonaq gəlib Şəmkirə,

 Çağlayan bir bulaq gəlib Şəmkirə.

 

Hər şeiri döyüşdə igid bir əsgər,

                                         Arxası vətəndi, sinəsi səngər.

                                         Söz ordusu dayanıbdı səfərbər

                                         Sərkərdəsi özü gəlib Şəmkirə,

                                         Şairlərin gözü gəlib Şəmkirə. 

 

9 may – Axşam qonağımız Çərkəz doktor və xanımı Jalə oldu. Çərkəz doktor özünün sıxıntılarından danışdı:

– O  boyda yer tikdirmişəm, tələbələr daha dəhlizlərdə dərs keçmirlər. Heç olmasa sağ ol demədilər. Eh, mən də özümdən danışıram, bu boyda dahimizi yada salan yoxdur. Məmməd müəllimin yaradıcılığı indi olmasa da gələcəkdə çox tədqiq olunacaq.

– Hə də, biz olmayanda kimə lazımdır o tədqiqat – deyindim.

Jalə xanım etiraz etdi:

– Elə deməyin, Məmməd müəllim başdan-başa fəlsəfədir, siz də onunla fəxr edə bilərsiniz.

Həkim Yılmaza baxıb təcili sünnət etdirmək lazım olduğunu söylədi…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!