Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bu hərəkətinin şərhini kim verə bilər: Nərimanov prospektindən üzü 20 yanvar istiqaməti ilə hərəkət edərək sağa-M.F.Axunov küçəsinə dönürəm. Cəmi 3 maşınlıq eni olan, ikitərəfli yolda təmir gedir, göydələn tikilir, bu səbəbdən bu balaca küçədə yol nişanı və s. yoxdur. Amma ətraf basırıq olduğundan və parklama axtaranların çoxluğunu görən AYNA-çılar yolun iki tərəfini də özününküləşdirib-parklama edib! Sağda parklama nişanını görüb yer axtardım, hər yer tutulub. Solda isə kim necə istəyir, maşını elə saxlayıb. Biri çıxdı, dərhal sola girib maşını saxlayıram. Təkrar deyirəm, küçənin burda yol statusu yoxdur. On-15 dəqiqədən sonra çıxıb gedirəm, qəsdən cəriməni gec göndərirlər ki, harda qayda pozduğun bilinməsin. On gün sonra mənə köhnə tarixə cərimə gəlir. Səhəri gün hadisə yerinə gedirəm. Vasif adlı bu məntəqənin «Koroğlusu» mənə səmimi etiraf etdi ki, küçə təmir və tikinti ilə əhatələnib, parklama nişanının birini sağa qoymuşuq, birini də əks tərəfdə odur eyy o başda-300 metrlik daldada. Deyirəm, küçəyə bu tərəfdən girən o gizli parklama lövhəsini hardan bilməlidir? Və niyə mənə cərimə yazmısan, mən daldada gizlədilən o nişanını hardan görməliyəm, ikincisi, küçənin iki tərəfi də parklama edilməlidirmi, verəcəm məhkəməyə. Nə desə yaxşıdır: «Məhkəmə onsuz da AYNA-nın tərəfini tutacaq!».
Təfəkkür belədir! Bu məhkəmələrə inamsızlıqdır! Bəs AYNA niyə belə edir, insanlara niyə qənim kəsilir? Görünür, cərimələrdən faiz alırlar! Ona görə də Bakını başımıza dar ediblər. Şikayət vermişəm, AYNA-dan gələn cavaba baxın: «Sizin Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığınız, parklanma qaydalarının pozulmasına görə barənizdə əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi barədə 19.06.2026-cı il tarixli müraciətinizə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 03.06.2026-cı il tarixində saat 14:44-də, “MERCEDES BENZ E200 CDI” markalı, 90-DL-707 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsində müvafiq yol nişanları quraşdırılmaqla təşkil edilmiş P10061 nömrəli ödənişli parklanma yerində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXI hissəsinin tələbi pozularaq, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən AYNA tərəfindən barənizdə AYN seriyalı 2242412 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Müraciətinizlə əlaqədar olaraq, müvafiq foto görüntülər və digər aidiyyəti məlumatlar araşdırılmış, həmçinin P10061 nömrəli parklanma məntəqəsində quraşdırılmış yol nişanlarının vəziyyəti və yol şəraiti yerində müayinə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən parklanma məntəqəsinin yerləşməsini bildirən 5.15 “Duracaq yeri”, nəqliyyat vasitələrinin parklanma qaydasını müəyyən edən 7.6.1 və 7.8 “Pullu xidmətlər” əlavə məlumat nişanları yolun sağ tərəfində normativ tələblərə uyğun qaydada quraşdırılmışdır. Həmçinin, avtomobilinizi park etdiyiniz ərazi müvafiq nişanlanma xətləri ilə işarələnmiş, parklanma sahəsinin sərhədləri göstərilmişdir».
Yerində olub foto və videoçəkilişlər etmişəm, hazırda məhkəməyə sənəd hazırlayıram ki, hakim ya bu Vasifin dediyi «Məhkəmə onsuz da AYNA-nın tərəfini tutacaq!» qənaətini təsdiqləməlidir, ya da ədaləti ortaya qoymalıdır!
Bir də istəyirəm ki, məhkəmədə AYNA-nın nümayəndəsi bu şəkillərə baxıb «…avtomobilinizi park etdiyiniz ərazi müvafiq nişanlanma xətləri ilə işarələnmiş, parklanma sahəsinin sərhədləri göstərilmişdir» cavab cümləsini oxuyub o sərhədi məhkəmədə hamıza göstərsin!
Bir daha diqqətə çatdırıram ki, buy azı və ya status maarifləndirmə üçündür. Vəzifə sahibi humanist olmalı, cənab Prezidentin söylədiyi kimi, vətəndaşı incitməməli, inzibati orqandan incik salmamalıdır!
Qısası, gəlin bizləri-vətəndaşları incitməyin! Çünki sizlər də məmur olmamışdan əvvəl vətəndaşsınız!
Asif MƏRZİLİ