15 Avqust 2026 / 11:43

Romadakı quraqlıq 2000 illik tarixi üzə çıxartdı

Romaya təsir edən həddindən artıq isti və quraqlıq səbəbindən Tiber çayının suyun səviyyəsi yarıya qədər düşüb; çay yatağında 2000 illik Nero körpüsünün qalıqları yenidən görünməyə başlayıb.

Romanın mərkəzindən axan və şəhərə həyat verən Tiber çayı, bölgədəki uzun müddət davam edən quru hava və yüksək temperatur səbəbindən ciddi su itkisi yaşayır.

Tezadlar.az xəbər verir ki, Roma Mülki Müdafiə rəsmiləri çayın axınının saniyədə 80 kubmetrdən aşağı düşdüyünü açıqlayıb ki, bu da ilin bu vaxtı üçün qeydə alınan orta göstəricinin demək olar ki, yarısıdır. Qış aylarında yağan yağışa baxmayaraq, sonrakı uzun quraqlıq şəhəri böyük su böhranı ilə üz-üzə qoyub.

İki min illik tarix aşkarlanıb

Çaydakı tarixən aşağı su səviyyəsi, adətən tamamilə su altında qalan 2000 illik Nero körpüsünün daş bloklarını üzə çıxarıb. Eramızın 39-cu ilində İmperator Kaliqula tərəfindən qələbə abidəsi kimi tikildiyinə inanılan bu tikili qardaşı oğlu Neronun hakimiyyəti dövründə ona öz adını verməsi ilə tarixə düşüb.

Qədim dövrlərdə İspan Pilləkənləri və Piazza del Popolo kimi bugünkü məşhur mərkəzlərin yerləşdiyi ərazini Vatikan və Müqəddəs Pyotr Bazilikasının yerləşdiyi ərazi ilə birləşdirən körpü sonuncu dəfə 2022-ci ildə oxşar quraqlıq zamanı üzə çıxıb.

Arxeoloqlar üçün unikal tədqiqat imkanı

Sudan qalıqların çıxması həm şəhər sakinlərinin, həm də turistlərin diqqətini cəlb edib və arxeoloqlar üçün tikilini araşdırmaq üçün nadir bir fürsət yaradıb. Tarixi körpü qalıqları ilə yanaşı, suyun çəkilməsi ilə çay yatağına atılmış elektrik skuterləri, məişət texnikası və nəqliyyat vasitələri kimi bir çox tullantılar da aşkar edilib. Mütəxəssislər çay səviyyəsinin yenidən qalxmasından əvvəlki dövrü qiymətləndirmək üçün tədqiqatlarını davam etdirirlər.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!