Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında Batumidə keçirilən futbol matçı zamanı baş verən hadisələrə münasibət bildirib. O, polis əməkdaşlarına və daxili işlər nazirinə təşəkkür edərək, onların ağır təxribatlar şəraitində ictimai asayişi qoruduqlarını qeyd edib. Tezadlar.az xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlamasında danışıb. Kobaxidzenin sözlərinə görə, Türkiyəli azarkeşlərin əksəriyyəti Gürcüstanın təklifini layiqincə qarşılayıb və ölkəyə hörmətlə gəlib. Lakin bir neçə yüz azarkeş təxribat xarakterli hərəkətləri ilə fərqlənib.
Baş nazir bildirib ki, Gürcüstan Türkiyəli dostlarına futbol matçını öz ölkələrindən kənarda, lakin dolu tribunalar qarşısında keçirmək üçün unikal imkan yaradıb. Onun sözlərinə görə, digər ölkələrdə belə bir imkanın təmin olunması mümkün olmazdı: “İlk növbədə polis əməkdaşlarına və daxili işlər nazirinə təşəkkürümü bildirmək istəyirəm. Onlar çox ağır təxribatlar şəraitində asayişi qorumaq və təxribatların qarşısını almaq üçün əllərindən gələni etdilər. Hər bir polis əməkdaşı xüsusi təşəkkürə layiqdir. Çox ağır təxribatlar baş verdi. Təəssüf ki, belə hadisələrdən yanlış ritorika və mesajlar üçün istifadə etməyə çalışan çoxlu insan var. Bu hadisə də istisna olmadı. Ümumilikdə qeyd etmək istəyirəm ki, futbol matçının keçirilməsi ilə bağlı biz türkiyəli dostlarımıza unikal imkan təklif etdik. Onlara öz ölkələrindən kənarda, lakin dolu tribunalar qarşısında futbol matçını bizim ölkəmizdə keçirmək imkanı yaratdıq. Başqa heç bir ölkədə onlara belə bir imkan verilməzdi. Təbii ki, müəyyən risklərin mövcud olmasına baxmayaraq, iki ölkəni – Gürcüstan və Türkiyəni birləşdirən sıx dostluq münasibətlərini nəzərə alaraq bu dostluq jestini etdik. Türkiyəli azarkeşlərin əksəriyyətinin təklifimizi çox layiqli şəkildə qəbul etməsindən və ölkəmizə hörmətlə gəlməsindən məmnunam. Lakin bir neçə yüz azarkeş var idi ki, onları azarkeş adlandırmağa belə çətinlik çəkərdim. Onlar təxribat xarakterli hərəkətləri ilə seçilirdilər. Belə bir təklif etdiyin zaman azarkeşlərin buna yanlış davranışlarla cavab verməsi çox təəssüf doğurur. Bununla belə, sonda polis ictimai asayişin qorunmasını təmin etdi. Bu, bizim məsuliyyətimiz idi. Bir daha bütün polis əməkdaşlarına təşəkkür edirəm. Bütün gürcü təxribatçılarına, xüsusilə də belə hadisələrdən təxribatçı bəyanatlar üçün istifadə edən radikallara müraciət edirəm: Gürcüstanın maraqlarını maksimum dərəcədə nəzərə alsınlar və təxribatçı, utancverici bəyanatlardan çəkinsinlər”, – deyə İrakli Kobaxidze bildirib.
“Batumidə çox ağır təxribatlar baş verdi”






