Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidentinin baş müşaviri Cared Kuşner İsrail qoşunları tam çıxarılana qədər Qəzzanın tam demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi barədə razılığa gəliblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” İsrail mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, razılaşma Qəzzada nizamlanma üzrə Sülh Şurasının planının həyata keçirilməsinə həsr olunmuş Netanyahu və Kuşnerin dörd saatlıq görüşü zamanı əldə olunub.
Mənbənin sözlərinə görə, Fələstin anklavının bərpası yalnız HƏMAS-ın Qəzzanın bütün ərazisində tərksilah edilməsindən sonra başlayacaq. Netanyahu tələb edib ki, ilk addım hərəkat üzvlərinin silahlarını Qəzzada Beynəlxalq Sabitlik Qüvvələrinin komandanı general Casper Ceffersə təhvil verməsi olsun. Proses ABŞ-nin nəzarəti altında baş tutmalıdır.
Sülh Şurasındakı mənbə bildirib ki, tərəflər yekun məqsədlə – HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası ilə razılaşıblar. Bundan sonra İsrail Müdafiə Ordusunun qoşunları tamamilə bölgədən çıxarılmalıdır. Onun sözlərinə görə, bir neçə həftə ərzində hərəkat tərksilah istiqamətində real addımlar nümayiş etdirməlidir.
İsrail həmçinin tərəflərin nəzarətində olan əraziləri ayıran “sarı xətt” boyu İsrail ordusunun mövqelərinin saxlanılmasında israr edir və hərbçilərinə qarşı təhlükələrin qarşısını almaq imkanının olmasını tələb edir.
Bundan əlavə, görüşdə Qəzzada sanitar fəlakət təhlükəsi müzakirə olunub. İştirakçılar epidemiyaların yayılmasının və yeraltı və sahil sularının çirklənməsinin qarşısını almaq üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.
İsrail tərəfinin məlumatına görə, görüş müsbət keçib.
“Mən təhlükəsizliyinizi necə təmin etdiyinizə qarışmayacağam”, – Kuşner deyib.
Bununla belə, İsrail tərəfi bildirib ki, Fələstin dövlətinin yaradılması üçün şərait yarada biləcək addımlarla razılaşmayacaq. ABŞ tərəfi əldə olunmuş razılaşmaların həyata keçirilməsinə nail olmaqda qətiyyətli olduğunu qeyd edib.