19 Avqust 2026 / 20:50

Vaşinqtondan Bakıya strateji mesaj

ABŞ-nin Azərbaycan və Gürcüstanla münasibətləri strateji səviyyəyə yüksəltməsi mühüm addımdır.

Tezadlar.az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Giorgi Xaindrava deyib.

Onun sözlərinə görə, “907-ci düzəliş”in tətbiqinin dayandırılmasının növbəti dəfə uzadılması Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər və bu qərar ABŞ-nin Cənubi Qafqazdakı maraqlarının yüksək olduğunu göstərir.

“Müasir dünyada birtərəfli qərarların əhəmiyyəti getdikcə azalır və əsas məsələ qarşılıqlı əməkdaşlıqdır. Bu əməkdaşlıq göstərir ki, ABŞ-ın Cənubi Qafqazdakı maraqları çox yüksəkdir. Azərbaycan və Gürcüstan olmadan bu maraqların reallaşdırılması mümkün deyil. Ona görə də münasibətlərin bərpası, xüsusilə onların strateji səviyyəyə yüksəldilməsi ABŞ tərəfindən atılmış çox mühüm addımdır”, – deyə siyasi şərhçi bildirib.

Xaindrava vurğulayıb ki, bu proses, ilk növbədə, ABŞ-nin öz strateji maraqlarına cavab verir:

“Azərbaycan və Gürcüstana gəlincə, onların mövqeyi tamamilə aydındır. Bu gün Azərbaycanın və Gürcüstanın həm Avropaya, həm ABŞ-yə, həm də Asiyaya təklif edə biləcəyi imkanlar çox mühüm əhəmiyyət daşıyır. Əgər onların ciddi niyyətləri varsa, bu imkanlardan istifadə edilməlidir”.

Gürcü siyasi şərhçinin fikrincə, Azərbaycan və Gürcüstanın regiondakı mövqeyi və malik olduqları imkanlar Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi reallıqlarının formalaşmasında mühüm rol oynayacaq.

“Biz Cənubi Qafqazın iki ölkəsi, demək olar ki, regionun əsas dövlətləri olaraq, bu imkanlardan mütləq yararlanacağıq”, – Xaindrava əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!