Bu, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri tərəfindən çox müsbət qarşılanıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin 3-cü Görüşündə cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyət imkanlarını artırmaq üçün “TÜRKPOL” adlı İnterpol və Avropola bənzər bir təşkilatın yaradılmasını təklif etdiklərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi sosial mediada verdiyi açıqlamada 1300 il əvvəl Kül Tigin Abidəsinə həkk olunmuş “Gecələr yatmadım, gündüzlər dincəlmədim” prinsipini yaşatdıqlarını vurğulayıb.
Çiftçi “Millətlərimizin sülhü üçün çiyinlərimizdəki məsuliyyətin şüurunda çalışırıq” deyib.
Qazaxıstanda keçirdikləri Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin 3-cü Görüşü haqqında məlumat verən Çiftçi türk dövlətləri arasında təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək mühüm mövzuları müzakirə etdiklərini söyləyib.
Çiftçi təklif etdikləri Cinayətkarlığa Qarşı Mübarizə Şurasının yaradılmasının birgə bəyannaməyə daxil edildiyini bildirib və şuranın yeni nəsil cinayətkar təşkilatlar, terrorizm, narkotik, qanunsuz miqrasiya, qanunsuz mərc və qumar cinayətləri ilə mübarizədə birgə imkanları gücləndirəcəyini vurğulayıb.
Çiftçi sözünə davam edib: “Məqsədimiz gələn ay hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatı Liderləri Zirvəsində Şuranın Təsis Sazişini imzalamaqdır.”
“Birgə fəaliyyət imkanlarımızı daha güclü təmələ qaldıracağıq”
İnterpol və Avropola bənzər bir təşkilat qurmağı hədəflədiklərini bildirən Çiftçi türk dövlətləri arasında “TÜRKPOL” adlı birgə strukturun yaradılmasını təklif etdiyini açıqlayıb.
Çiftçi əlavə edib ki, bu təklif iclasda iştirak edən Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri tərəfindən də çox müsbət qarşılanıb.
Çiftçi Cinayətkarlıqla Mübarizə Şurasının yaradılmasından sonra Türk Dövlətlərinin Hüquq-Mühafizə Əməkdaşlıq Agentliyinin (TÜRKPOL) icra orqanı kimi yaradılması üçün səylərini davam etdirəcəklərini bildirib və əlavə edib ki, “Bu yolla, cinayətkarlığa və cinayətkarlara qarşı mübarizədə məlumat mübadiləsi, koordinasiya və birgə fəaliyyət imkanlarımızı daha institusional əsasda gücləndirəcəyik”.
Çiftçi həmçinin türk dövlətləri vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə səyahət etmələrinin təmin edilməsi və hava limanlarında birgə pasport nəzarəti məntəqələrinin yaradılması məsələlərini müzakirə etdiklərini bildirib və deyib: “Qazaxıstandakı görüşümüz gələn ay Türkiyədə keçiriləcək Liderlər Zirvəsinə hazırlıq prosesinə də töhfə verib. Ümid edirəm ki, son dərəcə məhsuldar görüşümüzdə verdiyimiz qərarlar Türk Dünyası üçün faydalı olacaq”.
ELBAR







