Britaniyanın xarici işlər naziri Ed Miliband dünyanın hər yerində insanların Qəzzada və Qərb Şəriyədə baş verənlərdən dərin narahat olduğunu bildirərək, əlavə edib: “İsrail hökuməti dostlarını itirir. O, müttəfiqlər qazanmır, müttəfiqlərini itirir”.
Tezadlar.az xəbər verir ki, Miliband keçmiş nazir Rori Stüart və keçmiş Baş nazir Toni Bleyrin mətbuat müşaviri Alastair Kempbellin aparıcılığı ilə keçirilən “Qalan siyasətdir” podkastının qonağı olub.
Böyük Britaniyanın işğal olunmuş Fələstin ərazilərində İsrail yaşayış məntəqələri ilə ticarəti qadağan etmək qərarını izah edərkən, Miliband “etnik təmizləmə” və “müharibə cinayətləri” ifadələrindən istifadə edərək, bu təsvirlərin anasının Fələstinlə bağlı fikirlərindən təsirləndiyini izah edib, çünki o da onun kimi yəhudi idi və atası da daxil olmaqla 60 qohumunu nasist həbs düşərgələrində itirib.
Ed Miliband bildirib ki, “Bu açıqlamanı verməzdən əvvəl çox düşündüm. Çıxışımda çətinlik çəkdim, nə deyəcəyimi, nə deməyəcəyimi və nə qədər irəli gedəcəyimi düşünürdüm. Anamın nə deyəcəyini düşünürdüm. Anam deyərdi: “Fələstinlilərin nələrdən keçdiyinə baxın. Bu yazıq insanların nələr yaşadığına baxın. Bu səhvdir və siz də bunu deməlisiniz.”
Miliband həmçinin İsrail ilə münasibətləri gücləndirmək istədiklərini qeyd edərək deyib: “Biz etmək istədiyimiz şey işğalın qanunsuz olduğunu göstərməkdir.”
Hökumətin ticarəti qadağan etmək qərarını müdafiə edən Miliband deyib: “Bu sanksiyalar mütləq işə yarayacaqmı? Əminliklə deyə bilmərəm ki, onlar işə yarayacaq. Digər beynəlxalq tərəfdaşlarımız da tədbir gördüyü üçün uğur şansı varmı? Bəlkə də. Burada məqsədimiz budur.”
“Qəzza üçün daha çox şey edə bilməməyimizdən məyus oldum”
Qəzzadakı humanitar vəziyyəti “danılmaz dərəcədə dəhşətli” adlandıran Miliband bildirib ki, “tamamilə günahsız məhsulların silah istehsalında istifadə edilə biləcəyi bəhanəsi ilə bölgəyə daxil olmasına mane olur. Bu, tamamilə düşünülmüş bir strategiya kimi görünür. Gələn həftə Qəzzada səhiyyə və humanitar vəziyyətə diqqət çəkmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İordaniya ilə bir konfrans keçirəcəyik.”
Nazir Miliband əlavə edib: “Qəzza üçün daha çox şey edə bilməməyimizdən məyus oldum. Qəzzaya kömək etmək imkanı yaratmaq üçün humanitar yardım hərəkatı başlatdıq. Daha çox şey etmək istədik, beynəlxalq humanitar hüququn pozulması səbəbindən sanksiyalar tətbiq etdik. İsrail əsasən bölgəyə nəzarət edir. 20 maddəlik sülh planı həyata keçirilmir. Yerdəki vəziyyət dəhşətlidir.”
Miliband vurğulayıb ki, İsrail rəsmilərinin açıqlamaları təkcə müqavimət döyüşçülərini öldürməklə yanaşı, həm də bütün Qəzza əhalisini qovmaqla bağlı mesaj daşıyır və 7 oktyabr 2023-cü ildən sonra Qəzzada baş verənləri heç nə ilə haqlı çıxara bilməyəcəyini vurğulayıb.
Ed Miliband həmçinin xatırladıb ki, Qəzzada atəşkəs elan edildikdən sonra 1200 fələstinli öldürülüb.
“İşğal davam etdikcə beynəlxalq ictimaiyyət səssiz qalmayacaq”
Gələn ay İsraildə keçiriləcək seçkilərdən əvvəl İsrail xalqına mesaj göndərmək istədiklərini deyən Miliband “İşğal davam etdikcə beynəlxalq ictimaiyyət səssiz qalmayacaq. Məskunlaşma zorakılığı və terrorizmlə iki dövlətli həlli aradan qaldırmaq cəhdlərinə qarşı təslim olmayacağıq. İsrailin təhlükəsizliyi iki dövlətli həlldədir. Düşünürəm ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsraili daha təhlükəsiz deyil, daha qeyri-sabit edir” deyib.
Böyük Britaniyanın xarici işlər naziri Miliband Qəzza və Qərb Şəriyədəki hadisələrlə bağlı dünya miqyasında hiss olunan böyük narahatlığı vurğulayaraq, iki dövlətli həll olmadan sabit Yaxın Şərqin ola bilməyəcəyini iddia edib. O, “İsrail hökuməti dostlarını itirir. Müttəfiqlər qazanmır. Müttəfiqlərini itirib. Dünyada itirir. Qəzza və Qərb Şəriyədə baş verənlər bütün dünyada insanları səfərbər edib” deyib.
ABŞ ilə son gərginliyə toxunan Miliband ABŞ ilə ittifaqın vacib olsa da, Avropa Birliyi və orta ölçülü güclərlə münasibətlərin dəyişən dünyada Britaniya üçün də vacib olduğunu vurğulayıb.
Miliband Hörmüz boğazının açılmasının prioritet diplomatik məqsəd olduğunu vurğulayaraq deyib: “Xarici işlər naziri olaraq, ictimaiyyətin üzləşdiyi yüksək yaşayış xərcləri ilə mübarizə aparmalıyam. Bunun ən böyük səbəblərindən biri Hörmüz boğazının bağlanmasıdır”.
8 sentyabrda Böyük Britaniya 11 digər ölkə ilə birlikdə işğal olunmuş Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələri ilə ticarət qadağası elan edib.
ELBAR







