Azərbaycan regional və Avropa əlaqəliliyinin və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Tezadlar.az xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Azərbaycan regional və Avropa əlaqəliliyinin və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Moldova öz növbəsində energetika, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq imkanlarından daha səmərəli istifadə etməkdə maraqlıdır”, – o bildirib.
Diplomat qeyd edib ki, Moldova və Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, etimad, eləcə də iki dövlətin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi əsasında inkişaf edir.
Səfirin sözlərinə görə, hazırda ikitərəfli münasibətlər müsbət dinamika nümayiş etdirir.
“Yüksək səviyyəli siyasi dialoq, parlamentlərarası və hökumətlərarası əlaqələr, həmçinin sahələr üzrə əməkdaşlıq gələcək nəticələrin əldə olunması üçün möhkəm zəmin yaradır”, – Esaulenko bildirib.
O, iqtisadi və enerji əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayıb.
“Moldova enerji, ticarət, investisiyalar, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq imkanlarından daha səmərəli istifadədə maraqlıdır”, – diplomat qeyd edib.
Esaulenko həmçinin siyasi dialoqun gələcək inkişafına və onun konkret layihələrə çevrilməsinə, biznes arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə və investisiyaların artırılmasına ümid etdiyini bildirib.
“Biz əminik ki, dinc, sabit və qarşılıqlı əlaqəli Cənubi Qafqaz regionun bütün dövlətlərinin və xalqlarının maraqlarına cavab verir”, – o əlavə edib.







