Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan adından debüt etməsinə münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, Federasiya rəsmisi açıqlamasında idmançının Türkiyənin paytaxtı Ankarada yeniyetmələr arasında təşkil olunan Qran-pridə iştirakı ilə bağlı fikirlərini bölüşüb.
G.Bədəlova Aleksandr Plyuşenkonun karyerasında ilk çıxışı olduğunu xatırladıb:
“Bu, onun karyerasında ilk çıxışı idi. İştirakçılar arasında da ən azyaşlı bizim təmsilçimiz idi. Düşünürük ki, ilk çıxış üçün pis nəticə deyil. Təbii ki, qarşıdakı turnirlərdə texnikası da təkmilləşəcək, ondan daha yüksək nəticələr gözləyirik”.
Xatırladaq ki, Azərbaycanı ilk dəfə təmsil edən Aleksandr Plyuşenko debüt çıxışında qısa və sərbəst proqram üzrə buz üstünə çıxaraq 33 idmançı arasında 171,65 xal toplayıb və 13-cü yerdə qərarlaşıb.






