Srebrenitsa Xatirə Mərkəzinin direktoru Emir Suljagic mərkəzə Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikası (RS) polisinin basqın edə biləcəyi barədə xəbərdarlıq edib.
Tezadlar.az-ın məlumatına görə, sosial media paylaşımında Suljagic bildirib ki, Srebrenitsa Xatirə Mərkəzi RS-də serb polisi və məhkəmə sisteminin hədəfi olaraq qalmaqdadır.
Mümkün basqın barədə xəbərdarlıq edən Suljagic sözünə davam edib: “Xatirə mərkəzinə basqın etmək üçün bir planın hazırlandığını dəqiq bilirəm. Əməliyyatın təfərrüatlarını bilmirəm, amma mövcudluğundan xəbərdaram. Anladığım qədəri ilə, xüsusi polis bölmələri və Bosniya serb televiziya kanallarının kameraları da iştirak edəcək. Əməliyyatın iki məqsədi var: birincisi, xatirə mərkəzini nüfuzdan salmaq və qorxutmaq, ikincisi, məni həbs etmək və illərlə siyasi motivli məhkəmə proseslərinə məruz qoymaq.”
Serb Respublikasındakı Bijeljina Prokurorluğu 31 iyulda Srebrenitsa Xatirə Mərkəzində çalışan 26 nəfəri dindirilmək üçün çağırıb.
Srebrenitsada nə baş verdi?
Srebrenitsa 11 iyul 1995-ci ildə Ratko Mladiçin rəhbərliyi altında Serb qüvvələri tərəfindən işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında holland əsgərlərinə sığınan Bosniyalı mülki şəxslər daha sonra serblərə təhvil verilib.
Serblər qadın və uşaqların Bosniya əsgərlərinin nəzarət etdiyi əraziyə çatmasına icazə versə də, meşələrdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini qətlə yetiriblər. Qətlə yetirilən bosniyalılar kütləvi məzarlıqlarda dəfn edilib.
Müharibədən sonra itkin düşənlərin tapılması üçün səylər başlayıb və kütləvi məzarlıqlarda cəsədləri tapılan qurbanlar müəyyən edilir və hər il 11 iyulda Potoçari Xatirə Qəbiristanlığında mərasimlə dəfn edilir.
ELBAR







